Axtarış...

Ermənistanda demoqrafik durum ən acınacaqlı səviyyəyə gəlib - 2016-cı ildəki “4 günlük” savaşdan sonra

Ermənistanda demoqrafik durum ən acınacaqlı səviyyəyə gəlib - 2016-cı ildəki “4 günlük” savaşdan sonra
Ötən saylarımızın birində 2019-cu ildə Ermənistan əhalisinin sayının son 28 ildə (əsasən Qarabağ konflikti dövründə) ən aşağı həddə düşdüyü barədə yazmışdıq. İşğalçı ölkənin statistika komitəsinin hesabatına görə, Ermənistanda ermənilərin sayı 2 milyon 965 milyon nəfər təşkil edir. Rəsmi statistikadan görünür ki, əgər 1992-ci ildə Ermənistanda əhali sayı 3 milyon 663 min olubsa, 2019-cu ildə bu göstərici 668 min nəfər azalıb. Halbuki normal toplumlarda əhali azalması yox, artımı baş verir.

Ermənistana gəlincə, bunun bir səbəbi demoqrafik amillə, yəni ağır iqtisadi dolanışıq ucbatından doğum faizinin enməsi, ölüm faizinin isə artması ilə əlaqədardırsa, digər mühüm faktor şübhə yox ki, yenə məhz iqtisadi durumun ağır olması və davam edən müharibə amili səbəbindən ölkədən kütləvi köçün dayanmaması ilə bağlıdır. Yeri gəlmişkən, bu müddətdə Azərbaycan əhalisi özünün təbii artım tempini saxlayıb və keçən il 10 milyon nəfərə çatıb. Bu da hər şeydən öncə Azərbaycanda əhalinin sosial-iqtisadi durumunun Ermənistanla müqayisədə qat-qat yüksək olduğunun təzahürüdür.

*****

Demoqrafik faktor sözsüz ki, hər bir ölkə, xüsusən də müharibə vəziyyətində olan dövlət üçün mühüm, hətta strateji önəm kəsb edir. Ən azı o səbəbə ki, bu - millətin cavan qalması, orduya çağırışçı probleminin olmaması, iqtisadiyyatın inkişafda olması üçün əmək bazarında normal işçi qüvvəsinin optimal səviyyədə mövcud olması deməkdir. Milli genofond məsələsidir. O səbəbdən əksər dövlətlər əhali artımı məsələsinə, demoqrafiya faktoruna xüsusi fikir verir, vaxtaşırı doğumu stimullaşdırmaq üçün cari və perspektivə hesablanmış strateji tədbirlər planı hazırlayır.

Gələn məlumatlara görə, Ermənistan hökuməti ölkədə demoqrafik situasiyanı yaxşılaşdırmaq üçün şirnikləndirici təkliflər paketi hazırlayıb. Belə ki, 2020-ci il iyunun 1-dən doğulan 1-ci uşaq üçün də, 2-ci uşaq üçün də veriləcək birdəfəlik müavinətlər artırılacaq. Ancaq bu da sözsüz ki, düşmən ölkənin əhalisini qocalmadan və azalmadan xilas etməyəcək. Çünki səbəbi qoyub nəticə ilə mübarizə aparmaq heç vaxt səmərə verməyib.

BMT-nin Əhali Fondunun icraçı nümayəndəsi, demoqraf Tsovinar Harutyunyan isə hesab edir ki, Ermənistanda problem onda deyil ki, insanlar üçüncü və ya dördüncü uşağın anadan olması barədə düşünmürlər, problem onların ailə qurmaq istəməməsindədir. Onun sözlərinə görə, gənclər arasında işsizlik səviyyəsi yüksəkdir və az adam nikah bağlamağa qərar verir. Erməni ənənələrinə görə isə, əvvəlcə gərək ailə qurasan ki, sonra uşağın olsun.

Ailədə uşaqların sayına gəlincə, Tsovinar Harutyunyan deyib: “Tədqiqatlarımız göstərir ki, bir çoxları üç uşağının olmasını istəyir, lakin bir, yaxud iki uşaqları var. Dövlətdən olan gözləntilər arasında adətən mənzil şəraitinin yaxşılaşdırılması, yetərli əməkhaqqı ilə iş yerlərinin sayının atrması göstərilir, üçüncü yeri isə ailə ilə karyeranın bir yerdə uyğunlaşdırılması tutur”.

*****

Məsələ həm də ondadır ki, işğalçı ölkəni dərk edənlər əsasən cavan nəslin nümayəndələrdir. Gənclər, iş qabiliyyətli adamlardır. Yəni reproduktiv yaşda olanlardır. Onların da mütləq əksəriyyəti geri qayıtmır və yaşadıqları ölkələrdə özlərinə şərait qurandan sonra orada qalır.

Ona görə qayıtmır ki, gözlənilən həlledici Qarabağ savaşında mənasız yerə öldürülüb sink tabutda evlərinə dönmək istəmirlər. Onun da yaxşı bilirlər ki, baş nazir Nikol Paşinyanın verdiyi vədlərə rəğmən, Ermənistanda normal iş yeri tapmaq problem olaraq qalır. Paşinyanun hakimiyyəti dövründə vəziyyət yaxşıya doğru dəyişməyib.

Diqqəti çəkən həm də odur ki, 2016-cı ildəki “4 günlük” aprel müharibəsindən sonra Ermənistanda demoqrafik durum daha acınacaqlı səviyyəyə gəlib. Reproduktiv yaşlı ermənilərin xaricə köçü sürətlənib. Bu müddətdə isə Azərbaycan əhalisi, əksinə, artmaqda davam edib. Sayımız 10 milyonu keçdiyi halda, erməni əhali azalmaqda və qocalmaqdadır.

Demək, işğalçıya növbəti və bir az daha geniş miqyasda aprel zərbəsi vurularsa, Ermənistan indikindən də sürətlə boşala bilər. İrəvan sülh danışıqlarını sabotaj etməyə davam edərsə, Azərbaycanın başqa seçimi qalmayacaq. İlin kritik gözləntisi də budur. Bir şeyi əminliklə söyləmək olar ki, işğalçı qüvvələr Azərbaycan torpaqlarında qaldıqca Ermənistan və erməni xalqı ağır iqtisadi və təcrid problemləri ilə yanaşı, böhranlı demoqrafik göstəriciləri ilə də baş-başa qalacaq...



Şərh yaz