Axtarış...

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri əhalini niyə qəbul etmir? Sahil Babayev sələflərindən ibrət götürməlidir

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri əhalini niyə qəbul etmir? Sahil Babayev sələflərindən ibrət götürməlidir“Vətəndaşların müraciətləri haqqında” 30.09.2015 tarixli qanunun tələbinə görə, dövlət orqanlarının rəhbərləri və digər vəzifəli şəxsləri qəbul planında nəzərdə tutulmuş qaydada ayda bir dəfədən az olmamaqla qəbul etməlidirlər. Ali hakimiyyət orqanlarından tutmuş mərkəzi dövlət hakimiyyəti orqanlarına, yerli icra hakimiyyəti orqanlarına kimi qanunun sözügedən tələbinə uyğun qəbul qrafiki tutulsa da , gerçəkdə nə qrafikə əməl edilir , nə də qanuna. Bir çox nazirliklər , hüquq mühafizə orqanları isə həmin qurumun rəhbərinin qəbuluna düşməyə əlavə şərtlər irəli sürürlər ki , bu da qanuna ziddir. Prezident Administrasiyası , Nazirlər Kabineti , Milli Məclis hər ay vətəndaşları qəbul edəcək vəzifəli şəxslərin qəbul günlərini açıqlasalar da , əsl həqiqətdə qəbulun özü baş vermir. Daha doğrusu, vəzifəli şəxsləri sıradan “papkadaşıyanlar” əvəz edirlər. Nisbətən normal qəbul prosesi Milli Məclisdə gerçəkləşir ki, bu da MM Aparatının rəhbəri Səfa Mirzəyevin obyektiv , qanunauyğun yanaşmasının nəticəsində baş verir.

Əhalinin ən çox müraciət etdiyi dövlət qurumunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) olması heç kimə sirr deyil. Özəlliklə, əlillər , şəhid ailələri daim bu nazirliyə müxtəlif mövzularda müraciətlər edir və qəbul üçün yazılırlar. Əlillərin qəbul edilməsi isə, qanunvericiliyə əsasən, növbədənkənar həyata keçirilir. Təəssüf ki , son çağlar əlillər nəinki növbədənkənar , ümumiyyətlə, qəbul olunmurlar. Bir neçə gün öncə rayondan ƏƏSM nazirinin qəbuluna gələn Qarabağ müharibəsi əlillərini heç bir vəzifəli şəxsin qəbul etməməsi buna misaldır. Müharibə adamlarına belə münasibət dövlətə inamı da sarsıdır. Yəqin stajlı oxucuların yadında olar, 20 -22 ilin söhbətidir, nazir Əli Nağıyev televiziyada interaktiv verilişə qoşuldu və özünün hər həftənin bir günü qəbul günü olduğunu bildirib, Qarabağ əlillərini istənilən vaxt qəbul edəcəyini əlavə etdi . Və bunlar elə -belə söz deyildi , dövlətin müharibə əlillərinə verdiyi qiymət idi. Sonrakı nazirlər də əlillərə münasibətdə humanistlik prinsiplərinə sadiqlik nümayiş etdiriblər . Sahil Babayev isə sələflərindən fərqli olaraq qəbul məsələsində mühafizəkarlıq nümayiş etdirir. Deyilənə görə, hətta nazirlikdə qəbul otağı da ləğv olunub . Vətəndaşların müraciətlərinə baxılması da həyata keçirilmir. Bircə bölgələrdə qrafikə uyğun olaraq nazirin vətəndaşları qəbul etməsi baş verir ki , bu da effekt vermir . Ən azı, Bakıda yaşayan əlil-sağlam əhalinin rayonlarda qəbula yazılması mümkün olmur .

Müraciət etmək, qəbul olunmaq hüququ Konstitusiya ilə təsbit olunan əsas insan və vətəndaş hüquqlarındandır. İnsanların hüquqlarını müdafiə etməyə cavabdeh olan ƏƏSMN rəhbərinin müraciətlərə cavab verməməsinə , qəbula qadağa qoymasına nə ad vermək olar?

Piri Həsənli


Daha çox xəbər

Şərh yaz