Axtarış...

Qusarda turistləri sortlara bölən kimdir? - "Bu addım mütləq atılmalıdır"

Qusarda turistləri sortlara bölən kimdir? - "Bu addım mütləq atılmalıdır"

Qusar-Laza yolunun kənarında olan məhşur “Xıdır” restoranından kütləvi narazılıq yaranıb. Qeyd edək ki, sözügedən restoranın yerləşdiyi məkan həm də, Şahdağ Qış İstrahət Kompleksinə aparan yolun kənarı sayılır. Ölkədə bir həftəlik bayram tətili qış ayına təsadüf etdiyi üçün, “Şahdağ”a gedənlərin sayında ciddi artım müşahidə edilir. Turistlərin sayında olan artım əcnəbi vətəndaşların da çoxluğunda özünü göstərir.

Bu səbəbdən də, bölgədə olan ictimai – iaşə obyektlərinin xidmətlərinə tələbat çoxalıb. Turistlər “Şahdağ”a gedərkən və oradan qayıdarkən yemək üçün əsasən yol kənarında olan restoranlara müraciət edir. Belə restoranlardan ən məşhuru “Xıdır”dı.

Tanınmış jurnalist Məhəmmədəli Qəribli həmin restoranla bağlı müşahidələrini öz “Feysbuk” səhifəsində bölüşüb. O, yazır ki, yanvarın 03 saat 18-19 radələrində restorana müraciət edib. Bəlli olub ki, restoranın personalı axşam saatlarında müxtəlif bəhanələrlə Azərbaycan vətəndaşlarına xidmət göstərmək istəmirlər:

“Mən öz müşahidələrimdə bunu gördüm. Restorana bizimlə birlikdə girən ailələrin hamısına boş yerin olmadığını dedilər. Çox kobud tərzdə bildirdilər ki, boş yer saat 21-dən sonra ola bilər. Ancaq orda olduğum bir neçə dəqiqə ərzində restorana gələn ərəb əsilli vətəndaşların xüsusi təmtəraqla yuxarı başa keçirildiyini gördüm. Vətəndaşlarımızın bu hala etdiyi etirazların heç bir faydası olmadı. Yalnız “onlar yeri bron edib” deməklə kifayətlənirdilər. Təbiidir ki, bron söhbəti yalandır. Çünki hiss edilirdi ki, ərəb həmin restorana birinci dəfədir girir.

Deyilənə görə, həmin restoranda ərəb turistlərə olan “sevgi” hesab -kitabda onların dərisnə saman təpə bilməklə bağlıdır. Bildirilir ki, restoranda ərəb turistlər üçün ayrıca qiymət siyasəti müəyyənləşib və restoran rəhbərliyi çox rahatlıqla onlardan istədiyi pulu qopara bilir. Təbiidir ki, yerli vətəndaşlara həmin siyasəti tətbiq edə bilmədikləri üçün, onlara ərəblərlə işləmək daha rahatdı. Amma bu, bizim yerli vətəndaş kimi hüquqlarımızın pozulması deməkdir. Restoran sahibi kimdir ki, mənə ikinci kasta kimi baxıb, öz obyektində çörək yeməyə buraxmasın? Onlar bu əməlləri ilə həm bizə qarşı olan münasibətdə qanunları pozurlar, həm də əcnəbi turistləri aldatmaqla ölkəmizin turizm potensialına ciddi zərbə vururlar. Hesab edirəm ki, məsələ ictiamiləşəndən sonra, mütləq mənada əlaqədar qurumlar həmin restoranın fəaliyyətini yoxlayacaqlar. Bu addım mütləq atılmalıdır”.

Azinforum.az olaraq qeyd edirik ki, jurnalistin yazdığı postun altında sadə vətəndaşlar da sözügedən restoranda anoloji halla rastlaşdıqlarını açıq yazıblar. Muradlı Könül adlı “Feysbuk” istifadəçisi bunları yazıb: “Dünən bizə də həmin restoranda ” yer yoxdu” dedilər, amma kifayət qədər boş yerlər var idi. Ərəb söhbəti heç ağlıma gəlməmişdi”.

Yazılan fikirlərlə bağlı restoranın rəhbərliyinin də mövqeyini dinləməyə hazırıq.
Azinforum.az



Şərh yaz