"Bu gün komandasını satan sabah torpağını, millətini də satar" - Nadir Nəbiyev

"Bu gün komandasını satan sabah torpağını, millətini də satar" - Nadir Nəbiyev

"Bu məsələ haqda biz də mətbuatdan xəbər tutduq. Dəqiq bir şey deyə bilmərəm. Yəqin ki, əsaslı fakt olub və belə qərar verilib".

Bunu apasport.az saytına "Turan Tovuz"un icraçı direktoru Nadir Nəbiyev deyib.

Tovuz klubunun tanınmış simalarından olan Nəbiyev AFFA-nın danışılmış görüşlərdə günahlandırılan 7 oyunçularının futboldan uzaqlaşdırılmasına münasibət bildirib. Onun sözlərinə görə, rəhbərliyi hər şeydən xəbərsiz olub: "İnanın, söz tapa bilmirəm. Klub rəhbərliyi belə bir şeyin olmasından xəbərsizdir. Əgər bununla bağlı nəsə hiss etsəydim, çoxdan aşkara çıxarmışdım. Bu gün komandasını satan sabah torpağını, millətini də satar".

Nəbiyev adının danışılmış oyunlarda aşkarlandığı futbolçularla görüşmədiyini və gedənlərin yerini necə dolduracaqlarını açıqlayıb: "Heç biri ilə nə söhbətim olub, nə də görüşüm. Çünki son oyunumuzu dekabrın 9-da keçirmişik və ardınca I dövrə bitdiyindən məşqçi komandaya istirahət verib. Əgər belə bir şey həqiqətən də varsa, buna üzüldüyümüz qədər də sevinməliyik. Çünki bu virus tapılıb. Gedənlərin yerini necə dolduracağımıza gəlincə, onların komandada yeri heç yox imiş. Namərdliklə I divizionda yer tutmaqdansa, mərdliklə son pillələrdə olmaq daha yaxşıdır. Mənə bir şey maraqlıdır, əgər bu söhbətlər təsdiqini tapsa, özlərini futbolçu adlandıran bu şəxslər soyuqda, istidə, qarda və ya yağışda təmənnasız onları dəstəkləyən azarkeşlərin üzünə necə baxacaqlar? Nə İlkin Sadıqovla, nə də atası Nizami ilə danışmamışam. Onları nəyinki görmək, heç adlarını belə eşitmək istəmirəm".

Klub rəsmisi futboldan qovulan iki futbolçunun bir müddət əvvəl komandadan uzaqlaşdırıldığını da xatırlayıb: "Əslində, Misir Rüstəmov 1,5, Sənan Qocayev isə 15 gün əvvəl baş məşqçimiz İlham Yadullayevin qərarı ilə komandadan uzaqlaşdırılıb. Bu addım onların zəif və intizamsız olmaları səbəbindən atılıb. Bir sözlə, çalışdırıcı onları heyətdə görmək istəmirdi".

Qeyd edək ki, AFFA-nın İntizam Komitəsi bir gün öncə növbədənkənar iclasında danışılmış oyunlarla əlaqədar 28 nəfərə futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyub.
Oxşar xəbərlər
«    Январь 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət