Axtarış...

“Meşəni məhv etmək, milləti məhv etməkdir”



Təbiəti mühafizə fəalları Şəki-Qax bölgəsindəki dağıdılmaqda olan meşəliklərə səfər edir.

Dərinliyə getdikcə, sıx meşəlik yerini kürünən boş sahəyə verir. Ərazidə fındıq bağları salınacağı deyilib və meşə bitkiləri dağıdılıb. Yarıçılpaq ərazidə bu gün də buldozerlər gözə dəyir.

Söhbət Şəkinin Bideyiz, Köbər Zəyzit, Cunud və Baş Layısqı kəndləri yaxınlığındakı ərazilərdən gedir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi buradakı bəzi meşə sahələrini “Monte Ferro” MMC-ə icarəyə verib. Şirkət ərazidəki bitki örtüyünün yerində fındıq bağları salmağı planlayır. Eko akstivist Cavid Qara meşəliyin dağıdılmasıyla yarana biləcək fəsadlardan danışır.

ETSN-dən bildirilib ki, həmin ərazilərdə fındıq bağlarının salınması qanunidir. Bu məqsədlə kürümə açıq meşə sahələrində aparılır və qırılan yalnız kollardır.

Yaxınlıqdakı kənd sakinləri də baş verənlərdən narazıdır.

Şəkinin Bideyiz kənd əhalisi “Monte Ferro” şirkətinin onların örüş sahələrini də zəbt etdiyini deyir. Ancaq mal-qara saxlamaqla qazanc əldə edən yerli camaat indi necə yaşayacaqlarını bilmirlər.

ETSN-dən örüş sahələrinin zəbt olunması ilə bağlı məlumatlı olmadıqları bildirilib. “Monte Ferro” şirkəti 10 manatlıq nizamnamə kapitalı ilə 2016-cı ildə qeydiyyatdan keçib. Şirkətin rəhbəri Hikmət Bağmanovdur. Məsələ ilə bağlı şirkətdən cavab almaq mümkün olmadı. İnternet resurslarında olan məlumata görə şirkət AGA Group-a daxildir. Qrupda “Monte Ferro”dan başqa “Caspian Plaza”, “Caspian Business Center”, “Dəmirçi Tower” də var.

Təbiət mühafizə fəalları nazirlikdən dərhal şirkətlə razılaşmanı ləğv edib, kürümə işlərini dayandırmağı tələb edir.///Meydan.tv




Şərh yaz