Axtarış...

Mehriban Əliyevanın Rusiyaya səfəri münasibətlərdə keyfiyyətcə yeni mərhələnin sübutudur - ŞƏRH



Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri Bakı ilə Moskva arasında əlaqələrin bütün sferalarda daha da dərinləşməsi baxımından önəmlidir.

Birinci vitse-prezidentin səfəri istər iqtisadi-siyasi, istər mədəniyyət, istərsə də idman sahəsində mövcud əməkdaşlığın keyfiyyət baxımından yeni mərhələyə keçməsinə zəmin yaradır.

M.Əliyevanın noyabrın 21-də “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanışlığı sözün müsbət mənasında müzakirələrə səbəb olub.


Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova M.Əliyevanın Gimnastika Mərkəzinə gəlməsini yüksək qiymətləndirib.

Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin böyük tarixi köklərə malik olduğunu bildirən Usmanova onu da əlavə edib ki, Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya ilə münasibətlərdə böyük rola malikdir.

Ümumiyyətlə, Azərbaycanla Rusiya iqtisadi-siyasi əlaqələri dərinləşdirmək üçün nümunəvi siyasi münasibətləri gücləndirib. Bu əlaqələrin böyüməsi fonunda humanitar, turizm sahəsində olan münasibətlər də inkişaf edir.

Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Əli Hüseynli “Vestikavkaza” portalına müsahibəsində bildirib ki, hər iki ölkədə turizm çox sürətlə inkişaf edir.

Onun fikrincə, Birinci vitse-prezident Mehriban Əliyevanın X Rusiya-Azərbaycan Regionlarası Forumu çərçivəsində Moskvaya səfəri, Rusiya rəhbərliyi ilə görüşləri ölkələr arasında təmaslarda keyfiyyətcə yeni mərhələnin sübutudur.

Mehriban Əliyevanın noyabrın 22-də Rusiya Prezidenti Vladimir Putinlə görüşü və Rusiya liderinin Azərbaycanın Birinci vitse-prezidentinə “Dostluq” ordenini təqdim etməsi də bunun göstəricisidir.

Rusiya lideri görüşdə qeyd edib ki, Baş nazir Dmitri Medvedev Mehriban Əliyeva ilə keçirdiyi görüş barədə ona məlumat verib.

“Bilirəm ki, orada danışmağa mövzu olub. Mən, ilk növbədə, bizim ticari-iqtisadi əlaqələrimizin artan həcmini nəzərdə tuturam. Cari ilin doqquz ayı ərzində əmtəə dövriyyəsi 26 faiz artıb. Bu, ciddi göstəricidir. Biz, demək olar ki, bütün istiqamətlər üzrə - parlamentlər, ictimai təşkilatlar səviyyəsində əlaqə saxlayırıq”, - deyə V.Putin əlavə edib.

Statistikaya nəzər salsaq, görərik ki, son zamanlar Azərbaycan Rusiyanın ən etibarlı tərəfdaşlarından birinə çevrilib.

Rusiya bu vaxtadək Azərbaycan iqtisadiyyatına beş milyard dollar, ölkəmiz isə Rusiya iqtisadiyyatına 1 milyard 200 milyon dollar investisiya yatırıb.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya-Azərbaycan Regionlararası İqtisadi Forumundakı çıxışında deyib.

O bildirib ki, Azərbaycanın həm dövlət, həm də özəl şirkətlərinin fəaliyyəti üçün Rusiyada münbit şərait yaradılıb.

M.Cabbarov hazırda kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı ilə yanaşı, Azərbaycan sərməyadərlarının bu ölkədə lokal istehsala investisiyalar qoyduqlarını da diqqətə çatdırıb.

İqtisadiyyat naziri Azərbaycanda rus dilinin qorunub saxlanması və inkişaf etdirilməsi, ölkəmizdə Rusiya ali məktəblərinin filiallarının açılması və digər mövzulara da toxunub.

X Rusiya-Azərbaycan Regionlararası Forumu hökumət və biznes nümayəndələri arasında ünsiyyət üçün də mühüm platformadır.

“Bu, işimizi əlaqələndirməyə, qarşılıqlı ehtiyacları daha yaxşı anlamağa və mövcud problemlərin tez bir zamanda həllinə kömək edəcək”, - bunu Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin “Moskva-Bakı” portalına müsahibəsində söyləyib.

2018-ci ildə Azərbaycan və Rusiya prezidentləri arasında aparılan danışıqlar nəticəsində imzalanmış beş “yol xəritəsi” üzrə işlər yaxşı nəticələr verməyə başlayıb.

2019-cu ilin səkkiz ayında ölkələr arasında ticarət dövriyyəsinin həcmi 25.7 faiz artaraq, 1.9 milyard dolları keçib.

Rusiyadan Azərbaycana məhsul ixracı 30.7 faiz artaraq, 1.4 milyard dollar təşkil edib. Rusiyanın Azərbaycandan idxal etdiyi məhsulların həcmi isə 14.5 faiz artaraq, 546.7 milyon dollara çatıb.

Mehriban Əliyevanın Rusiya-Azərbaycan regionlararası forumla bağlı səfəri isə bu əlaqələrin əhəmiyyətini daha da artırır.

Hazırda isə iki ölkənin də gündəmində dayanan məsələ turizm sahəsində əlaqələrin gücləndirilməsidir.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev bildirib ki, turizm ikitərəfli münasibətlərin möhkəmlənməsinə yardım edən çox vacib sahədir.

“Həqiqətən də, ruslar Azərbaycana nə qədər çox qonaq gəlsələr, o qədər də ölkəni çox sevəcəklər. Bir rus atalar sözü var: “On dəfə eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır”. Azərbaycana girən ruslar oradan laqeyd qayıtmırlar. Bu, çox vacibdir”, - deyə D.Savelyev əlavə edib.

Yaxın perspektivdə Azərbaycanla Rusiya arasında turizm sahəsində münasibətlərin daha da dərinləşəcəyini söyləmək olar.


Daha çox xəbər

Şərh yaz