Axtarış...

Baba Rzayevin “caduları” özünü nura, əhalini isə zülmətə qərq edib – Əhali etiraz aksiyalarına sürüklənir.

Baba Rzayevin “caduları” özünü nura, əhalini isə zülmətə qərq edib – Əhali etiraz aksiyalarına sürüklənir.

Havaların soyuması “Azərişıq”da mövcud olan nöqsanların ortaya çıxması ilə müşahidə olunmaqdadır. Nəzərə alsaq ki, havalar tam soyumayıb və yalnız yağışlı günlərdir, elektrik enerjisi təminatında yaxın aylarda ciddi problemlərin yaranacağı qaçılmazdır. “Azərişıq” mətbuata verdiyi informasiyalarda ölkənin qışa hazır olmasını ağızdolusu ictimai rəyə sırımağa çalışsa da, faktiki mənzərə çox acınacaqlıdır. Dediklərimizi faktlarla sübut etməyə çalışacağıq. Məlumat üçün bildirək ki, noyabrın 20-si axşam saatlarından başlayaraq 21-i günorta saatlarına qədər Abşeron rayonunun Çiçək, Atyalı, Nübar, Aşağı Güzdək və Binəqədi rayonu 28 May qəsəbəsində elektrik enerjisinin verilişində ciddi problemlər yaranıb. Yarım gün ərzində adıçəkilən ərazilərdə yaşayan on minlərlə əhali soyuq havada işıqsız qalıb. “Azərişıq”ın 199 çağrı mərkəzi gün ərzində heç bir telefon zənginə cavab verməyib. Nəhayət bu gün, günorta saatlarında 199 çağrı mərkəzinə etdiyimiz zəngdən sonra bir daha əmin olduq ki, bu qurumda anarxiya və xaos hökm sürür. Çağrı mərkəzindən dəstəyi qaldıran xanıma məlumat verdik ki, artıq yarım sutkadır yaşadığımız ərazidə elektri enerjisi verilişi dayandırılıb. Şikayətimizi bildirmək üçün xahiş etdik ki, bizə rəsmi şəxslərdən birisi ilə əlaqə yaratmaqda yardımçı olsun. Xanımın verdiyi cavabı olduğu kini dərc edirik: “Şikayətiniz varsa, Vüqar müəllimin adına yazılı ərizə ilə müraciət edin”. Belə çıxır ki, faktiki olaraq, on minlərlə əhali işıqsız qaldığı halda insanlar Vüqar adlı şəxsə yazılı müraciət etməli və günlərlə ondan cavab gözləməlidirlər. “Azərişıq”ın bəh-bəhlə təlqin etdiyi yeniliklər bundanmı ibarətdir? İsrarlı tələblərimizdən sonra operator xanım bizə 440-39-93 nömrəsinə müraciət etməyi məsləhət gördü. Həmin nömrədən cavab verən növbəti xanım operator isə bizi dinlədikdən sonra dəstəyi yerə qoydu. Buyurun, yüz milyonlarla dövlət vəsaitini havaya sovuran “Azərişıq” nəticə etibarilə elektrik enerjisi sektorunda ciddi uğurlara imza ata bilməyib. “Azərişıq”ın keçmiş rəhbəri Baba Rzayev barəsində ölkə mətbuatında ciddi ittihamlar səsləndirilməsinə baxmayaraq, məlumatların heç biri təkzib olunmayıb. Bir müddət əvvəl iş otağını “cadu” ilə “təmizlətdirən” Baba Rzayev istədiyinə nail ola bilib. “Cadu”nun təsirindən “Azərenerji”yə sədr göndəriləndən sonra “Azərişıq” sanki, tilsimə düşüb. Bu qurumdan şikayətlərin ardı-arası kəsilmir. Elektrik enerjisinin verilişi uzun müddətə dayandırıldığı üçün yuxarıda adlarını çəkdiyimiz ərazilərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlara ciddi ziyan dəyib. Soyuducuların işləməməsi ucbatından qida məhsulları yararsız hala düşüb. Xatırladaq ki, elektrik enerjisi verilişinin mütəmadi olaraq dayandırılması artıq ənənə halına çevrilib. İşıq idarələrinə şikayət edənlərə isə tutuquşu kimi yalnız bir cavab verirlər: “Ərazidə təmir işləri aparılır”. “Azərişıq” rəsmiləri televiziya və mətbuat səhifələrindən bar-bar bağırırlar ki, elektrik enerjisi təminatında heç bir problem ola bilməz və ölkə qışa hazırdır. Budurmu onların hazırlığı? Təbii fəlakət yox, güclü külək yox, yağmurlu və qarlı havalardan isə söhbət belə gedə bilməz. Belə olan halda on minlərlə istehlakçı nəyə görə əziyyət çəkməlidir? “Azərişıq”ın maliyyə çatışmazlığından şikayətlənməyə haqqı yoxdur. Limitlər tətbiq olunub, sayğaclaşma aparılıb, yığımın səviyyəsi isə 100%-ə yaxınlaşıb. Yeni elektrik verilişi xəttlərinin çəkilişi, elektrik transformatorlarının təmiri və yenilənməsi üçün dövlət bücəsindən ayrılan 100 milyonlarla vəsaiti də bura əlavə etsək, “Azərişıq”da baş verən müdhiş korrupsiyanın mövcudluğu göz önündədir. 28 May qəsəbəsinin sakinləri “Azərişıq”ın yarıtmaz fəaliyyətindən boğaza yığıldıqlarını bəyan edərək, Bakı-Şamaxı magistral yolunu bağlayaraq etiraz aksiyalarına qalxacaqlarını deyirlər. Prezident İlham Əliyevin ölkədə islahatlara start verdiyi bir vaxtda “Azərişıq” rəsmilərinin əhaliyə qarşı saymazyana və məsuliyyətsiz davranışlarının bir adı var – “SABOTAJ”! Əgər kimsə baş verənlərə başqa ad vermək istəyirsə təklifləri dinləməyə hazırıq.

Deyəsən Baba Rzayevin “cadusu”nun 40 günü tamam olub. Əhali ayılmağa başlayıb və zülmətdən aydınlığa çıxmaq üçün mübarizə aparmaq qərarına gəlib.
Baba Rzayev “Azərenerji”nin rəhbəri olsa da, “Azərişıq”da onun yaratdığı korrupsiya sistemi hələ də fəaliyyətdədir. Ona görə də məqaləmizdə Baba Rzayev faktorundan istifadə etmişik (red.).

Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Stimulxeber.az



Şərh yaz