Axtarış...

“Sovetski”də kompensasiya alan bəzi sakinlər razı qalmayıb - haqlıdırlarmı?..

“Sovetski”də kompensasiya alan bəzi sakinlər razı qalmayıb - haqlıdırlarmı?..
“Sovetski”də zamanında kompensasiya ilə razılaşıb mənzillərinin söküntüsünə icazə verən vətəndaşlar yeni icra başçısının təyin olunmasından sonra

Onlar sökülən evlərinə görə verilən kompensasiyanın məbləğindən narazılıqlarını bildiriblər. Sakinlər qeyd edib ki, mənzilin hər kvadrat metrinə 1 500 manat vəsait verilir, kvadratı kiçik evlərə verilən məbləğ artırılmalıdır: “Biz şəhərin mərkəzində yaşamışıq. Əldə etdiyimiz pula isə Bakının kənar yerlərində belə mənzil ala bilmirik. Rayon icra hakimiyyətindən bizi qəbul edən yoxdur, dinləmirlər. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edirik, xahiş edirik ki, bizə kömək etsinlər”.

Qeyd edək ki, “Sovetski”də evlər digərlərindən kvadratmetrinin çox kiçik olması ilə fərqlənir. Kiçik və şəraitsiz evlər olmasına baxmayaraq, insanlar şəhərin mərkəzində yaşadıqlarından indi onlara verilən kompensasiya ilə mərkəzdə mənzil almağa çalışırlar. Lakin 30-40 kvadratmetrlik evlərdə, hətta 20-24 kvadratmetrlik evlərdə yaşayanlara verilən kompensasiya bunun üçün yetərli deyil. Sakinlər məcbur qalıb Bakıətrafı kənd və qəsəbələrdə ev almalı və ya torpaq alaraq ev tikdirməli olurlar. Bu aksiyada diqqət çəkən məqamlardan biri də odur ki, sakinlər zamanında kompensasiya ilə razılaşıb, müvafiq sənədlərə imza ataraq evlərini tərk edib və sökülməsi üçün icazə veriblər. Bu səbəbdən onların etiraz aksiyası ilə bağlı yanaşmalar da birmənalı deyil.

Mənzil məsələləri üzrə ekspert Ramil Osmanlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, mülkiyyət hüquqları əlahiddə hüquqdur və məsələ vətəndaşın razılığı əsasında həll olunmalıdır: “Mülkiyyətçi həmişə haqlıdır. Çünki mülkiyyət hüquqları əlahiddə hüquqlardır. Bu mənada hesab edirəm ki, hər hansı mülkiyyətçi əgər ona verilən kompensasiyadan narazı qalırsa, bu, danışıqlar yolu ilə həll olunmalıdır. Hökumət bu addıma getməlidir. Sözsüz ki, bunun müəyyən siyasi, sosial, ictimai tərəfləri var, ancaq istənilən halda mülkiyyətçilərin hüquqlarına dövlət təminatı verilir və bu mənada hesab edirəm ki, dövlət bu istiqamətdə güzəştə getməlidir. Nəzərə almaq lazımdır ki, ”Sovetski"də bir çox yaşayış sahələrinin mülkiyyət hüquqları tanınmamışdı, bununla bağlı çıxarışlar mövcud deyildi. Burada da müəyyən kompromisə gedildi. “Sovetski”də kiçik ölçülü fərdi yaşayış evləri çoxluq təşkil edirdi. Ona görə bunu də nəzərə almaq lazım idi. Vətəndaşlar sonradan öz mənzil şəraitlərini yaxşılaşdıra bilməlidirlər".

Ekspert onu da vurğuladı ki, vətəndaşlar zamanında kompensasiya ilə razılaşmayıb etiraz etsəydilər, bu daha doğru olardı: “Ancaq öncədən kompensasiya almış şəxslərin indi gəlib narazılıq etməsi artıq məsələyə bir qədər fərqli yanaşma tələb edir. Bu vəsaiti almadan nə isə demək, etiraz etmək lazım idi. Vətəndaşların bir hissəsi kompensasiyanı alıb, həmin vəsaiti başqa ehtiyaclarına sərf ediblər, indi yenidən narazılıq edirlər. Bunu da hansısa formada həll etmək lazım idi. Vətəndaş məbləğdən narazı idisə, kompensasiya almamışdan əvvəl bunu müzakirə etməli idi, artıq ödəniş həyata keçirilib, vəsait alınıb. Bu yanaşma doğru deyil”.

R.Osmanlının sözlərinə görə, dövlət ehtiyacları üçün həyata keçirilən satınalmalar üçün verilən kompensasiya ədalətli bazar dəyərinə uyğun olmalıdır: “Ancaq bütün söküntülərdə 1500 manat məbləğin təklif olunması əvəzinə, ərazi üzrə fərq qoyulmalıdır. Ədalətli bazar dəyəri anlayışına uyğun olaraq bu addım atılmalıdır və kompensasiya ödənişi bu prinsiplə həyata keçirilməlidir. ”Sovetski"yə yaxın ərazilərdə yeni tikililərdə 1 kvadratmetr təmirsiz evin qiyməti 1800-2000 manatdan başlayır. Risk göstəriciləri də nəzərə alınarsa, ən azı 1 kvadratmetrə görə 2500 manatdan hesablanaraq kompensasiya ödənilməlidir. “Sovetski”də söküntü başlayandan bəri manat 2 dəfə devalvasiyaya uğrayıb, dəyər itirib. Bütün bunlar nəzərə alınmalıdır".
“Yeni Müsavat”



Şərh yaz