Azərbaycanda oliqarxiya necə sıradan çıxarılır... - Kiçiklərdən başlayan prosesin böyük hədəfləri...



Son dövrlərdə ölkədə baş verən proseslərin, müxtəlif mənbələrdən daxil olan məlumatların təhlili oktyabrın 15-də Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən və məhdud sayda hökumət üzvünün iştirak etdiyi iqtisadi müşavirənin Azərbaycanda YENİ BİR DÖVRÜN başlanğıcı ola biləcəyini gözləməyə əsas verir. Hələlik kadrların yenilənməsi və ya çox ciddi kadr islahatları şəklində özünü biruzə verən bu prosesin ölkənin siyasi və iqtisadi idarəçiliyində önəmli keyfiyyət dəyişikliklərinə səbəb olacağına böyük ümidlər yaranıb. Daha açıq desək, tutduğu postu DÖVLƏT İÇİNDƏ DÖVLƏTƏ ÇEVİRƏN siyasi və maliyyə oliqarxlarının hakimiyyətinə son verilərək, yerlərinə xalqla ünsiyyətə girməyi bacaran gənc, müasir düşüncəli menecerlərin gətirilməsi həm də SİSTEM DƏYİŞİKLİYİNƏ hazırlığın anonsu kimi qəbul edilə bilər.

Oliqarxik sistemin sıradan çıxarılmasına “kiçiklərdən” başlanıldı
Hər halda, idarəetməyə tamamilə fərqli təfəkkürlü, müasir baxışlara malik, totalitar düşüncələrdən uzaq, adları korrupsiya və rüşvətə bulaşmamış, oliqarxik sistemin bir parçası kimi tanınmayan şəxslərin gətirilməsi bunu düşünməyə əsas verir. Əlbəttə, ümidlərin nə qədər doğrulacağını zaman göstərəcək.

Bununla belə, qeyd etmək lazımdır ki, göründüyü qədər də sadə olmayan bu prosesin başlanması hələ 2016-cı ildə reallaşdırılan Konstitusiya dəyişikliyindən sonra gözlənilirdi. Ancaq böyük ehtimalla, qarşıdan 2018-ci il prezident seçkilərinin gəlməsi, oliqarxların əllərindəki maliyyə gücündən istifadə edərək ölkədə qarışıqlıq yarada biləcəkləri təhlükəsi nəzərə alınaraq, bu proses bir müddət təxirə salındı.

Hökumətdə 2018-ci il prezident seçkilərindən dərhal sonra başlanan və mərhələlərlə davam edən kadr dəyişiklikləri (Həmin ərəfədə Səlim Müslümov, Heydər Əsədov kimi mini, Ziya Məmmədov, Fazil Məmmədov kimi iri oliqarxların vəzifədən götürülməsi) isə hələ bir müddət əvvəl startı verilmiş, Eldar Mahmudovun “çetesinin” ifşasından sonra isə zərurətə çevrilmiş oliqarxik sistemin sıradan çıxarılması istiqamətində SİYASİ İRADƏNİN olduğunu ortaya qoymuşdu.

Təbii ki, bu prosesin davamı, nəticəyə çatdırılması, oliqarxik sistemin yeni və normal bir sistemlə əvəzlənməsi üçün daha ciddi dəyişikliklərə ehtiyac duyulurdu. Daha açıq desək, bu sistemin SÜTUNLARI hesab edilən mühafizəkar şəxslərin yeni təfəkkürlü kadrlarla əvəzlənməsi zəruru idi.

Onlara toxunulması, əllərindəki gücün alınması riskli idi, ancaq…
Bu da asan deyildi, indi də asan deyil! Söhbət mövcud sistemin qurucularının, bu sistemi qoruyub saxlayanların dəyişdirilməsindən, onların maraqlarına toxunulmasından, əllərindəki GÜCÜN, səlahiyyətin alınmasından gedir! Söhbət bütün ölkə üzrə bir-birinə müxtəlif tellərlə bağlanmış, ümumi maraqları olan, arxasında müəyyən XARİCİ QÜVVƏLƏRİN də dayandığı bir səbəkənin mövcudluğuna son verilməsindən gedir!

Bunu sadəcə kadr dəyişikliyi, yerdəyişməsi kimi izah etmək, prosesin əhəmiyyətini kiçiltmək doğru deyil, sadəlövh yanaşmadır. Hər kəs, hətta 2018-ci ildən bu yana həyata keçirilən dəyişiklikləri sıradan bir hadisə kimi qələmə vermək istəyənlər də, verilən qərarların nə qədər RİSKLİ olduğunu, nə qədər ciddi HAZIRLIQ, SİYASİ İRADƏ tələb etdiyini yaxşı bilirlər.

Təsadüfi deyil ki, hətta ABŞ-ın Azərbaycandakı keçmiş səfiri belə bu prosesin əhəmiyyətini xüsusi olaraq qeyd edib. Hazırda ABŞ-da yerləşən Xəzər Siyasət Mərkəzinin İdarə Heyətinin üzvü olan Robert Sekuta ölkəmizdəki bu proseslərə həsr etdiyi «Azərbaycanda genişləndirilmiş iqtisadi islahatlar» adlı məqaləsində aparılan kadr islahatlarının Vaşinqtonda da təəccüblə qarşılandığını gizlətməyib. “… 1994-cü ildən bəri Prezident Administrasiyasının rəhbəri postunda çalışan Dr.Ramiz Mehdiyevin vəzifədən getməsi bu baxımdan xüsusi əhəmiyyət daşıdı. 80 yaşı adlamış R.Mehdiyev, Qərb ideya və islahatlarına qarşı şübhəçi yanaşmaya malik birisi kimi xarakterizə edilirdi”, – deyə, diplomat başlanan prosesin böyük dəyişikliyə doğru getdiyinə işarə vurub.

Oliqarxik sistemdən bəhrələnənlər dəyişikliyə gedən yolu “minalamağa” cəhd edir…
Bir daha qeyd edək ki, biz hələlik SİSTEM DƏYİŞİKLİYİ baş verdiyini iddia etmirik. Ancaq bunun həyata keçirilməsi üçün çox əhəmiyyətli KADR DƏYİŞİKLİKLƏRİNİN reallaşdırıldığını, bir növ bazanın yaradılması prosesinin getdiyini söyləyirik. Bu da təbiidir: yeni sistemi yalnız yeni kadrlarla yaratmaq mümkündür!

Əlbəttə, belə əhəmiyyətli bir prosesin ağrısız baş verəcəyini, müqavimətin olmayacağını və ya olmadığını düşünmək sadəlövhlük olardı. Ciddi dəyişikliyə hazırlıq bu sistemdən faydalananları təbii olaraq özünüqoruma instinkti ilə hərəkət etməyə, təhlükəni görərək, “müqavimət cəbhəsi” yaratmağa vadar edir.

Dəyişilməsinə hazırlıq gedən oliqarxik sistemdən faydalananlar isə yalnız üzdə olan, vəzifədən götürülən kiçik bir qrup oliqarx və onların yaxın ətrafı deyil. 20 il, 25 il vəzifədə olaraq SİYASİ və İQTİSADİ oliqarxa çevrilənlərə bağlı minlərlə, 10 minlərlə şəxs bu sistemdən bəhrələnib, bəhrələnməkdədir. Hansı ki, bunlar siyasi, ictimai baxımdan cəmiyyətin aktiv hissəsidir. Oliqarxların nəzarətində olan sahələrdə çalışanlarla, korrupsiya və rüşvət zəncirində yer alan minlərlə şəxslə yanaşı, xeyli sayda siyasi partiya və onların yaxın çevrəsi, QHT-lər, media nümayəndələri də oliqarxik sistemin bir parçasına çevrilib.

Bu sistemin dəyişilməsi onların bir çoxu üçün MƏCHUL, bəziləri üçün hətta QARANLIQ GƏLƏCƏK vəd edir. Ona gərə də, onların “müqavimət cəbhəsində” birləşməyə, sistem dəyişikliyinə gedən yolu “minalamağa” cəhd edəcəyi və ya etdiyi şübhə doğurmur.

İslahatlara qarşı olanların 2 yolu və Prezidentin əks həmləsi…
Bu zaman görə biləcəkləri iki iş var:

Birincisi, iqtisadi sabotaj, çirkin iftiralar və digər yollarla Prezidentin vəzifəyə təyin etdiyi yeni təfəkkürlü komanda üzvlərini nüfuzdan salmaq, onlara, deməli həm də hakimiyyətə olan inamı sarsıtmaq.

İkincisi, siyasi gərginliyi “alovlandırmaq”, siyasi sabitliyi təxribatlarla, müxtəlif yollarla pozmaqla, hətta qanlı qarşıdurmalar yaratmaqla, dəyişikliyin qarşısını almaq, islahatları yarıda saxlamaq.

Müşahidələr və daxil olan məlumatlar “vurulan” və ya “vurulacağını” gözlənən oliqarxların hər iki yoldan istifadə edərək, islahatları və dəyişikliyə gedən yolu bağlamağa çalışdıqlarını göstərir.

Birinci bənddə qeyd etdiyimiz məsələlərlə bağlı Prezident özü son iqtisadi müşavirədə açıq şəkildə danışdı. Həmin müşavirədə deyilənlərdən məlum oldu ki, əvvəla, mühafizəkar dəstə adlandırılan kəsim uzun müddət müxtəlif yollarla ölkə başçısının iqtisadiyyatı liberallaşdırmaq, dövlət strukturlarında korrupsiya və rüşvəti aradan qaldırmaq cəhdlərinin qarşısını alıb.

“Hesab olunurdu ki, bizdə elə sahələr var ki, orada islahatlar aparıla bilməz. Onlardan biri də vergi sistemidir. Hesab olunurdu ki, necə deyərlər, o biabırçı vəziyyət əbədi qalmalıdır və burada heç bir irəliləyişə nail ola bilmərik. Amma hər kəs gördü ki, biz vəziyyəti islahatlar yolu ilə düzəldə bildik”, - deyən Prezident, Azərbaycanda uzun illər hökm sürən vergi və gömrük “reketçiliyinin” arxasında mühafizəkar dəstənin dayandığını, onların ölkə rəhbərliyinin bu sahədə islahatlar aparmaq cəhdlərinin qarşısını müxtəlif yolarla aldığını bəyan etmiş oldu.

Anti-korrupsiya tədbirləri sabotaj olundu, Asan Xidmət yarandı…
Hansı yollarla, bunu Prezident “dərinə getmək istəmədiyini” deyərək açıqlamadı. Ancaq hələ 2011-ci ildə Prezidentin təşəbbüsü ilə başlayan korrupsiyaya qarşı mübarizə tədbirlərini mühafizəkar dəstənin necə sabotaj etdiyindən məlumatlı olanlar üçün bunu təsəvvür etmək çətin deyil.

Həmin vaxt rüşvət və “paket” sisteminin ləğvinə qarşı birləşən mühafizəkarlar bir MƏRKƏZDƏN idarə olunurmuş kimi sabotajla - dövlət aparatının işini iflic etməklə, kütləvi istefa ərizələri yazdırmaqla prosesin dərinləşməsinin qarşısını aldılar, hətta əvvəlki vəziyyətin bərpa olunmasına nail oldular.

Yeri gəlmişkən qeyd edək ki, məhz bundan sonra Prezidentin təşəbbüsü ilə ölkədə əhaliyə xidmətdə rüşvətin olmadığı alternativ bir xidmətin – ASAN Xidmətin qurulmasına qərar verildi. 2012-ci ildə fəaliyyətə başlayan bu xidmətin əhatə dairəsinin genişləndirilməsi sayəsində mühafizəkar dəstənin əsas “silahlarından” biri əllərindən alındı. Piramida şəkilli, bir-birinə bağlı rüşvət zənciri qırıldı. Bu da digər sahələrdə islahatlar aparılmasına münbit şərait yaratdı.

Konstitusiya dəyişiklikləri: oliqarxların çökdürülməsinin yeni mərhələsi başladı
Ardınca, 2016-cı il Konstitusiya dəyişikliklərindən sonra Prezident Əliyev özünün ən yaxın silahdaşı Mehriban xanım Əliyevanı I vitse-prezident təyin etməklə, islahatlar kursunu daha da dərinləşdirdi. Vergi, sosial müdafiə, gömrük, nəqliyyat kimi mühafizəkar dəstənin maliyyə gücünü formalaşdıran sahələr onların əlindən alınaraq, bu sahələrin idarə edilməsi yeni təfəkkürlü gənc kadrlara həvalə edildi. Onların maliyə-bank sektorundakı əlləri “kəsildi”, əsas söz sahibi olduqları biznes sektorlarından sıxışdırılıb çıxarıldılar. Beləliklə, oliqarxların iqtisadi sabotajla islahatların qarşısını almaq imkanları əllərindən alındı.

Buna görə də oliqarxlar, Prezidentin müşavirədə qeyd etdiyi kimi, ikinci bir yola əl atdılar – şantaj, böhtanla gənc kadrları, dolayısıyla islahatları “baltalamağa” başladılar. Əlbəttə, onlara xidmət edən partiya, QHT rəhbərləri, iş adamları və medianın vasitəsi ilə..

“Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir”, –deyə Prezident bunu bütün ictimaiyyətə açıq şəkildə bəyan etməkdən çəkinmədi.

Yeni mərhələ: oliqarxik sistemin bütün ünsürləri ilə iplər tam qoparılır
Bununla da, Prezident oliqarxların şantajlarına boyun əymək niyyətində olmadığını, mühafizəkar dəstənin – oliqarxik sistemin bütün ünsürləri ilə ipləri tam qoparmağa hazır olduğunu elan etmiş oldu.

“Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik”, – deyən Prezidentin sonrakı günlərdə atdığı addımlar verilən qərarın nə qədər qəti olduğunu ortaya qoydu. Artıq bu “cəbhənin” tam şəkildə nəzarətə alındığı nümayiş etdirildi…

Odur ki, mühafizəkarların yeganə ümidi yuxarıda qeyd etdiyimiz ikinci yola qalır…

Mühafizəkarlar yenə ən yaxşı bacardıqları yola əl atırılar
Qeyd edək ki, islahatlara, yeniliyə dirəniş göstərən qruplaşma ölkədə hər hansı sahədə onların maraqlarına toxunan dəyişikliklər həyata keçirilməsi ehtimalı yarananda, ölkənin demokratikləşməsinə doğru addımlar atılanda əsasən siyasi gərginliyi artırmağa cəhd edirlər. Ötən illər ərzində heç bir əsas və lüzum olmadığı halda hansısa müxalifət liderinə, funksionerinə, vətəndaş cəmiyyətinin təmsilçisinə və ya azad media orqanına hücumlar təşkil edilərək, ölkədə siyasi gərginliyin artırılmasına çalışıldığını az müşahidə etməmişik.

Prezidentin əfv etdiyi şəxsin qısa bir müddət sonra yenidən həbs edilməsinin, fərqli mövqe ortaya qoyan insanlardan düşmən obrazı yaradılmasının, onların linc edilməsinin məqsədi heç də hər zaman hakimiyyətə, dövlət başçısına xidmət məqsədi daşımayıb, bəzən sadəcə ölkədə qarşılıqlı nifrəti gücləndirərək, oliqarxik sistemin mövcudluğunu qorumaq olub.

Düzdür, İlham Əliyev ölkənin güc strukturlarında qəfil dəyişikliklər həyata keçirərək, birbaşa özünə sədaqətli şəxsləri vəzifəyə gətirməklə bu cür təxribatların qarşısını böyük ölçüdə aldı.

Ancaq mühafizəkar dəstənin bu istiqamətdəki imkanlarının tam ortadan qaldırıldığını iddia etmək mümkün deyil. Təsadüfi deyil ki, sistem dəyişikliyinə yönəlik islahatlara hazırlığın başlanılmasından, oliqarxların ard-arda vəzifədən uzaqlaşdırılmasından sonra bəzi çevrələrin radikallığı daha da artıb.

Məsələn, şübhə yoxdur ki, xaricdə “söyüş müxalifəti” adı qoyulan adamların internet televiziyalarında çox səviyyəsiz bir formada ölkə rəhbərliyinin hədəfə götürülməsinin, silahlı inqilab çağırışlarının arxasında hansısa ölçüdə elə Bakıdakı oliqarxlar da dayanır. O oliqarxlar ki, bu yolla siyasi, iqtisadi islahatların qarşısını almaq, özlərinin hələ də hakimiyyət üçün lazımlı olduğunu sübut etmək istəyirlər.

Oliqarxiq sistemdən ağır zərbələr alan müxalifət partiyaları onların maraqlarına xidmət edir?
Nə qədər qəribə də olsa, illər uzunudur ki, məhz bu sistemdən ağır zərbələr alan bəzi müxalifət partiyaları da ölkədə mitinqlərə start verməklə, razılaşdırılmamış aksiyalar keçirməklə onların maraqlarına xidmət edən addımlar atmış olurlar. Bunu bilərəkdən edirlər, yoxsa bilməyərəkdən, demək çətindir. Ancaq faktdır ki, hazırda ölkədə qarşıdurmanın yaranmasına xidmət edən hər bir addım köhnə sistemin qurucularının və tərəfdarlarının maraqlarına xidmət edir.

Əlbəttə, mitinq keçirmək, kütləvi aksiyalarla hakimiyyətə və cəmiyyətə öz gücünü nümayiş etdirmək, tələblərini səsləndirmək hər bir siyasi partiyanın konstitusion haqqıdır. Ancaq indiki dövrdə bunu etmək, sadəcə doğru deyil, dövlətin və xalqın maraqlarına uyğun hesab oluna bilməz. Niyə?

Əvvəla, hakimiyyətdəki mövqeyini, əvvəlki imkanlarını itirsələr də, hələ də maliyə gücünü, vaxtilə vəzifəyə yüksəlməsinə, varlanmasına kömək etmiş olduqları yüzlərlə, minlərlə şəxsə təsirini saxlayan oliqarxiq sistemin əsas fiqurları və ya fürsətdən istifadə edən maraqlı xarici kəşfiyyatlar bu aksiyalarda təxribatlar törədə, ölkəni qanlı qarşıdurmalara sürükləyə bilərlər.

Bundan sonra ölkədə hansı vəziyyətin yaranacağını, yaxud yaradılacağını təsəvvür etmək çətin deyil. Yəni, indiki vəziyyətdə etiraz aksiyalarının, xüsusən də razılaşdırılmamış aksiyaların keçirilməsi ÖLKƏ ÜÇÜN RİSKLİDİR, Azərbaycan dövlətinı çox ağır bədəllər ödəmək məcburiyyətində qoya bilər. Bir dəfə daxili qarşıdurmanın şiddətlənməsinin nəylə nəticələndiyini görmüşük – ölkə, öz ərazisinin 20 faizini faktiki olaraq itirdi. Odur ki, hər kəsin Azərbaycanı yenidən belə bir duruma salamağa çalışan xarici və daxili qüvvələrn mövcudluğunu nəzərə alaraq, sonunu görmədiyi addımlardan çəkinməsi lazımdır.

İkincisi, indi keçirilən aksiyaların xalqın hakimiyyətə olan münasibətini ifadə edəcəyini iddia etmək də mümkün deyil. Çünki kadr islahatları nəticəsində gücünü, mövqeyini itirən oliqarxik sistemin parçaları da prosesdən narazı olduğundan, indi müxalifətin təşkil etdiyi aksiyalarda onların gizli dəstəyi ilə iştirakçı sayının nominal artımı müşahidə oluna bilər. Ancaq onların yeganə məqsədi ölkədə islahatları durdurmaq, hətta köhnə vəziyyəti bərpa etməyə nail olmaqdır.

Yəni, indiki vəziyyətdə müxalifətin aksiyalar keçirmək cəhdi sadəcə oliqarxların maraqlarına xidmət edə bilər. Bu baxımdan, əgər müxalifətin hədəfi həqiqətən də ölkədə nələrinsə müsbətə doğru dəyişməsidirsə, onda islahatların davam etdiyi müddətdə mitinqlərə ara verdiyini bəyan etməsi ən doğru addım olardı.

Fikrimizcə, qarşıdan parlament seçkilərinin gəldiyini nəzərə alaraq, həmin dövrə qədər təşkilatlanmağın qayğısına qalmaq, öz gücünü qoruyub saxlamaq, hakimiyyət daxilindəki mühafizəkar dəstənin “təmizlənməsinə” qədər “taym aut” götürmək, həm Azərbaycan dövlətinin, elə həm də müxalifətin özünün maraqları baxımından ən düzgün seçim olardı.

Məhz parlament seçkilərinin necə keçirilməsi, Azərbaycanda başlanan kadr dəyişikliklərinin və iqtisadi islahatların siyasi islahatlarla davam etdirilib-etdirilməyəcəyini, yəni SİSTEM dəyişkliyinin baş verib-verməyəcəyini göstərəcək.

Əgər doğrudan da hakimiyyət islahatlar kursuna sadiqdirsə, ölkədən mühafizəkar sistemin bütün qalıqlarını silib atmaq niyyətindədirsə, parlament seçkiləri də böyük ölçüdə demokratik şəkildə keçiriləcək. Hakimiyyətin seçkilərə saxtakarlığa ümid edən, məddahlıqdan başa heç bir özəlliyi ilə seçilməyənlərlə deyil, namizəd olduğu bölgədə tanınan, insanların inamını, hörmətini qazanan, seçicilərdən səs ala biləcək şəxslərlə qatılması bunun ilk göstəricisi olacaq.

Bunu təbii ki, həm də müxalifət təmsilçilərinin dairələrdə normal şəkildə təbliğat aparmasına, seçkilərdə qalib gələnlərin parlamentə düşməsinə mane olunub-olunmaması da göstərəcək.

İslahatların dərinləşəcəyinə dair bəyanatlar proseslərin təxminən bu istiqamətdə davam edəcəyini, Milli Məsclisin tərkibində əhəmiyyətli dəyişikliklərin olacağına ümid yaradır. İqtidar deputatlarının səviyyəli, nüfuzlu şəxslərdən təşkil edilməsi, müxalifətin Milli Məsclisə buraxılması Azərbaycanda siyasi mübarizənin meydanlardan parlament divarlarının arasına keçməsinə gətirib çıxarar. İqtidar-müxalifət mübarizəsinin sivil müstəviyə daşınması, iki tərəf arasında düşmənçiliyin normal siyasi rəqabətə çevrilməsi həm ölkənin gələcəyi, həm də Qarabağ məsələsi, daxil problemlərin həlli baxımından alternativsiz seçimdir.

Əlbəttə, burada əsas məsuliyyət və görüləcək işlər hakimiyyətin yeniləşən komandasının, o cümlədən yeni güc nazirlərinin üzərinə düşür. Ancaq müxalifətin də münasibətlərin sivil müstəviyə daşınması üçün atmalı olduğu addımlar az deyil. Hakimiyyətə qarşı düşmənçiliyə söykənən təbliğatdan imtina olunması, “söyüş müxalifəti”, silahlı inqilaba çağıranlarla hər hansı bağlılığın olmadığının rəsmən bəyan edilməsi, qisasçılıq mövqeyində olanlarla yolların ayrılması, aparılan islahatlara, kadr dəyişikliklərinə obyektiv qiymət verilməsi bu istiqamətdə müxalifətdən gözlənilən addımlardır.

Qəbul və etiraf etmək lazımdır ki, məhz Prezident Əliyev və onun ən yaxın silahdaşı xanım Əliyeva apardıqları AĞILLI SİYASƏT nəticəsində Azərbaycanda uzun illər ərzində mövcud olan və ölkənin əsas probleminə çevrilən oliqarxik sistem sıradan çıxarılmaqdadır.

Belə demək mümkünsə, Azərbaycanda hakimiyyətin içəridən dəyişilməsi prosesi gedir. Ölkə rəhbərliyinin nəzarəti altında hakimiyyət mühafizəkarlardan alınaraq, yeni təfəkkürlü gənclərə ötürülür. Yəni, tez-tez vurğulandığı kimi, ölkədə “yuxarıdan inqilab” baş verməkdədir.

Ölkənin işıqlı gələcəyi üçün bu prosesin uğurla başa çatması çox əhəmiyyətlidir. Odur ki, oliqarxik sistemin son qalıqlarının təmizlənməsi prosesinin önünü kəsə biləcək bütün addımlardan qaçmaq, qansız-qadasız başa çatdırılmasıa dəstək vermək zəruridir. Azərbaycan dövlətinin bu günü və gələcəyi naminə… //azpolitika.info//
Oxşar xəbərlər
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət