Axtarış...

Mikayıl Cabbarov bu faktlara nə deyəcək? - İDDİA

Mikayıl Cabbarov bu faktlara nə deyəcək? - İDDİA

Azərbaycanda keçirilən dövlət satınalmalarında korrupsiya hallarının olması barədə dəfələrlə yazılıb. Ancaq yazılanlara baxmayaraq, indiyədək sifarişçi olan qurumların heç biri göstərilən problemlərin aradan qaldırılması istiqamətində əməli addım atmayıb.

Oktyabr ayının 16-da Prezident İlham Əliyev iqtisadi məsələlərə həsr edilmiş müşavirədəki çıxışı zamanı bir daha dövlət büdcəsinin məmurlar tərəfindən talandığını, görülən işlərdə qiymətlərin şişirdildiyini vurğuladı.

Dövlət başçısı bu çıxışından sonra oktyabr ayının 22-də imzaladığı fərmanla Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyini İqtisadiyyat Nazirliyinə birləşdirdi. Dövlət satınalmalarına nəzarət edən orqanın - Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsinin səbəblərindən biri də indiyədək ölkədə keçirilən tenderlərin böyük qismində baş verən neqativ hallar idi.

Prezident İlham Əliyevin oktyabr ayının 23-də İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərək mühüm tapşırıqlar verməsi ölkənin iqtisadi sahəsində, xüsusən də dövlətdən maliyyələşən qurumların sifarişçi olduqları tenderlərdə korrupsiya hallarının aradan qaldırılmasında ciddi dönüş nöqtəsi olacağı siqnalı idi.

Noyabr ayının 4-də Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin keçirdiyi tenderin nəticələrinin ləğv edilməsi dövlətsatınalmaları sahəsində müsbət proseslərin işartısı kimi görünə bilər. Aqrar Xidmətlər Agentliyinin keçirdiyi kotirovka sorğusunun ləğvinə səbəb agentliyin yerli strukturları üçün yumşaq inventarın satın alınmasına dair müsabiqədə əvvəlcədən sövdələşmə halının aşkar edilməsidir. Belə ki, Aqrar Xidmətlər Agentliyi oktyabrın 15-də yerli strukturları üçün yumşaq inventarın alınmasına dair kotirovka elan edib.

İddiaçılara isə sənədlərlə tanış olmaq və təkliflərini təqdim etmək üçün cəmi iki gün vaxt ayrılmışdı. Təqdim edilən sənədlər paketinin açılması ertəsi gün saat 10.00-da baş verib. Lakin ötən şənbə günü, noyabrın 2-də Aqrar Xidmətlər Agentliyi müsabiqənin nəticəsinin keçərsiz olduğu haqda "Xalq qəzeti”ində elan yerləşdirib.

Tender komissiyasının adından yerləşdirilən elanda deyilir: ""Xalq qəzeti”nin 15 oktyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən yerli qurumlara yumuşaq inventarların satın alınması məqsədilə dərc edilmiş katirovka sorğusunda iddiaçılardan ikisinin ("Profamily” MMC və "M.F.Pro” MMC) qanuni təmsilçilərinin eyni şəxs olması satınalma prosedurunda sövdələşmə ehtimalı yaratdığı üçün müsabiqənin nəticəsi qüvvədən düşmüş hesab edilir”.

Qeyd edək ki, bu hal Kənd Təsərrüatı Nazirliyinin strukturuna aid olan qurumların sifarişçi olduqları tenderə aid ilk deyil. Belə ki, ötən ay Kənd Təsərrüatı Nazirliyinin tabeliyində olan daha bir qurumda - Aqrar Kredit və İnkişaf Agentliyinin sifarişçi olduğu tenderlərdə də ciddi şübhəli məqamların olduğu barədə yerli mətbuatda informasiya getdi.

Arqument.az saytının sözügedən araşdırma yazısında Aqrar Kredit və İnkişaf Agentliyinin sifarişçisi olduğu tenderlərin qaliblərinin bir-birilərinin tabeliklərində olduqları qeyd edilirdi.

Sayt yazırdı: "Aqrar Kredit və İnkişaf Agentliyi 2019-cu ilin iyul ayının 4-də "Mətbuatda elan, bildiriş və reklamlar, video, audio materiallar və video çarxların hazırlanması" üzrə sifarişçi olduğu tenderə yekun vurub. Smetası 97.900 (doxsan yeddi min doqquz yüz) manat olan tenderin qalibi "İMV.Media" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) elan edilib.

Şirkətin qanuni təmsilçisi Məsiyev İqbal Hamlet oğludur. İqbal Məsiyev eyni zamanda imv.az domeninin sahibidir. Aqrar Kredit və İnkişaf Agentliyinin sifarişçisi olduğu növbəti tenderə isə sentyabr ayının 12-də yekun vurulub. "Aqro-texniki xidmətlərin göstərilməsi" lotu üzrə keçirilən tenderin məbləği 1.278.977 (bir milyon iki yüz yetmiş səkkiz min doqquz yüz yetmiş yeddi) manat, qalibi isə "AgroDev" MMC olub. "AgroDev" MMC-nin qanuni təmsilçisi isə 1982-ci il təvəllüdlü Nəbiyev Elvin Bahəddin oğludur. "AgroDev" MMC-nin rəhbəri Agentliyin yaratdığı qurumun rəhbəridir.

Aqrar Kredit və İnkişaf Agentliyinin sifarişçisi olduğu 1.278.977 manatlıq tenderin qalibi "AgroDev" MMC-nin rəhbəri Elvin Nəbiyev eyni zamanda "OXFHAM” təşkilatının kənd təsərrüfatı layihələri üzrə rəhbəridir. Elvin Nəbiyevin vəzifəsi bununla yekunlaşmır. Belə ki, o həm də Aqrar Məşğulluğun Artırılması Layihəsinin (AMAL) rəhbəri kimi təqdim edilir.

Elvin Nəbiyevin rəhbəri olduğu "Aqrar Məşğulluğun Artırılması Layihəsi”nin internet ünvanı olan amal.az domeni isə Agentliyin digər tenderinin qalibi olan İMV.MEDİA MMC-nin sahibi İqbal Məsiyevin adınadır.

Aqrar Kredit və İnkişaf Agentliyinin saytın araşdırmasına verdiyi cavabda deyilirdi: ""AgroDev” şirkəti 5 ilə yaxındır ki, fəaliyyət göstərir, bir sıra yerli şirkətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq təcrübəsinə malikdir. Qeyd olunan şirkətin xidmətləri tələblərə uyğunluq baxımından ən məqbul təklif hesab edildiyindən prosedurlara uyğun olaraq tenderin qalibi elan olunmuşdur. E. Nəbiyevə gəldikdə isə bildirmək istərdik ki, qeyd olunan şəxs Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşı deyildir".

Agentlik cavabında daha sonra dövlətin rəsmi xəbər agentliyi olan Azərtac-ın "AMAL" layihəsinin həm də Kənd Təsərrüfatı Nazirliyinin layihəsi olduğunu inkar edilirdi: "Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi Aqrar Məşğulluğun Artırılması Layihəsinin saytına gəldikdə isə bildiririk ki, bu layihə FAO-nun dəstəyi ilə həyata keçirilir və həmin layihənin web səhifəsinin yaradılması və saxlanması məsələlərinin idarə olunması AKİA-nın səlahiyyətləri xaricindədir. AKİA qeyd olunan layihədə kreditləşmə məsələlərinin koordinasiyasında dəstəkverici qurum kimi çıxış edir".

Əksər ekspertlər isə hesab edir ki, bu, Kənd Təsərrüfatı nazirliyinin strukturuna aid qurumlarda baş verənlər nazirliklə yanaşı, eyni zamanda "Asan Xidmət" kimi nümunəvi və şəffaf faəliyyəti olan bir sistemin yardılmasında xüsusi xidmətləri olan İnam Kərimovun imicinə mənfi çalar qatır. Dövlət başçısının ölkədə aparılan kadr islahatları fonunda yeni təyin edilmiş məmurlar qarşısında korrupsiyaya, xərclərin şişirdilməsinə və büdcə vəsaitlərinin talanmasına son qoyulması bağlı ciddi vəzifələr qoyması müsbətə doğru əhəmiyyətli dəyişikliklərin olacağından xəbər verir.

Maraqlıdır ki, bu tenderlərlə bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Kənd Təsərrüfatı naziri İnam Kərimovun mövqeyi necə olacaq...
Qlobal.az



Şərh yaz