Nazirliklə provayder arasında qalmaqal böyüyür - Oğurladığınız müştərilərimizi qaytarın





Bir aya yaxındır ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Azərbaycanın özəl internet provayderi olan “Avirtel” MMC arasında məhkəmə çəkişməsi davam edir. Bu gün “Avirtel” MMC ilə nazirliyə məxsus “Aztelekom” MMC arasında yaranmış narazılığa nazir müavini Elmir Vəlizadə münasibət bildirib. O qeyd edib ki, nazirlik özəl internet provayderlərinə fəaliyyət göstərmək üçün tam şərait yaradıb: “Bununla belə, əgər hər-hansı provayderin nədənsə narazılığı varsa, nazirliyə müraciət edə bilər. Bütün şikayətlərə baxılır”.

Sputnik Azərbaycan-a açıqlama verən “Avirtel” MMC-nin müştəri xidmətinin rəhbəri Tarıyel Əliyev isə nazirliyin onların fəaliyyətinə məhdudiyyət qoymaqda davam etdiyini söyləyib: “Belə açıqlama verilsə də, bizim “Aztelekom” MMC tərəfindən oğurlanmış müştərilərimiz hələ də qaytarılmayıb. Oktyabr ayının 10-dan bizə məxsus avadanlıqlar hər üç ATS-də söndürülüb. Xırdalan, Sulutəpə, Binəqədi üzrə bizdən internet alan abonentlərimiz heç bir ləğv ərizəsi yazmadan avtomatik “Aztelekom” MMC-yə keçirdiliblər. Halbuki, abonent ləğv ərizəsi yazmadan provayderi dəyişə bilməz. Abonentlər özləri də bununla bağlı “Aztelekom” MMC-yə narazılıqlarını bildiriblər. Buna baxmayaraq, bu dövlət provayderinin bizdən oğurladığı müştərilər geri qaytarılmır. Buna görə də, biz Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində Abşeron Telekommunikasiya Qovşağına qarşı iddia qaldırmışıq. ATS-dən müştərilərə belə bəhanə gətiriblər ki, guya bizim avadanlıq işləmir. Bəzi abonentlərə isə deyiblər ki, “Avirtel” MMC-nin borcu var. Bir qismə isə bizimlə müqavilənin müddətinin bitdiyini əsas gətiriblər".

"Aztelekom" MMC-dən isə Sputnik Azərbaycan-a bildirdilər ki, “Aztelekom” tərəfindən irimiqyaslı layihələr həyata keçirilir: “Layihələr çərçivəsində bir neçə regionun telekommunikasiya infrastrukturu yenidən qurulur, TDM (Time Division Multiplexing - red.) stansiyaları NGN (Next Generation Networks - red.) şəbəkə avadanlıqları ilə əvəz edilir, köhnə mis kabellər istismardan çıxarılır, əvəzinə isə yeni fiberoptik kabellər çəkilir. Layihəyə start verilməsindən 12 ay əvvəl bölgələrdə fəaliyyət göstərən provayderlər infrastrukturun yenilənməsi haqda rəsmi məlumatlandırılıb, onlara istifadə etdikləri avadanlıqların yeni qurulacaq şəbəkəyə uyğunlaşdırılmasına ehtiyac olduğu bildirilib.
Nazirliklə provayder arasında qalmaqal böyüyür - Oğurladığınız müştərilərimizi qaytarın
Buna baxmayaraq, əksər provayderlər, o cümlədən “Avirtel” tərəfindən dəfələrlə onlara göndərilən məktublara baxmayaraq heç bir tədbir görülməyib. Nəticədə həmin provayderin abunəçiləri telekommunikasiya xidmətlərindən məhrum olublar. Yaranmış şəraiti nəzərə alaraq, “Aztelekom” milli rabitə operatoru olaraq digər provayderlərin öz infrastrukturunu yeniləmə prosesində olduğu müddət ərzində həmin abunəçilərə bir müddət təmənnasız internet xidmətlərindən istifadə imkanı təqdim edib. Ötən müddət ərzində vətəndaşların bir qismi öz istəyi ilə “Aztelekom”la abunə müqaviləsi imzalayaraq xidmətlərimizdən yararlanmağa başlayıblar. Digər abonentlər isə alternativ provayderlərin xidmətlərindən istifadə etməkdədirlər”.
Dövlət provayderindən həmçinin bildiriblər ki, 2016-cı ildə isə göstərilən xidmətlərə görə tariflərdə dəyişiklik edildiyindən, yeni şərtlərə uyğun müqavilə bağlanmasına ehtiyac yaranıb: “Bununla bağlı bütün provayderlər, o cümlədən “Avirtel” rəsmi şəkildə məlumatlandırılıb. Lakin bütün digər provayderlər həmin tariflərə uyğun müqavilə bağlasa da, “Avirtel” həmin müqaviləni imzalamaqdan imtina edib, eyni zamanda 2013-cü ildən müəyyən edilmiş tariflərlə hesablanmış müqavilə üzrə ödənişləri icra etməkdən qəsdən yayınıb. Müqavilənin tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi müddəasına əsasən, növbəti müddətə uzadılmayacağına dair “Aztelekom” “Avirtel”ə 30 noyabr 2018-ci il və 6 dekabr 2018-ci il tarixli rəsmi bildirişlər göndərib.

Hazırda “Avirtel”in Abşeron TKQ-nin xidməti ərazilərindəki binalarda öz avadanlıqlarını yerləşdirməsinin və eyni zamanda elektrik enerjisindən istifadə etməsinin heç bir hüquqi əsası yoxdur. “Avirtel” bütün bunlardan xəbərsiz olan abunəçilərini məsələnin əsl mahiyyətindən yayındıraraq bu məsələdə “Aztelekom”u, o cümlədən onun regionlarda fəaliyyət göstərən struktur bölmələrini günahlandıraraq məsuliyyəti öz üzərindən atmağa, dövlət şirkətinə qarşı vətəndaşlarda hiddət hissini yaratmağa çalışır”.

Qeyd edək ki, yaranmış vəziyyətdən “Avirtel” MMC-nin müştəriləri də narazıdırlar. Onlar provayderin "Facebook" sosial şəbəkəsindəki hesabında internetlərinin kəsilməsindən, "Aztelekom"-a keçirilməsindən narazılıqlarını ifadə ediblər.

Sputnik Azərbaycan
Oxşar xəbərlər
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət