ABŞ-ın GİZLİ TÜRKİYƏ PLANI - Daxildə parçalanma baş tutacaqmı?

Məqsəd Türkiyəni daxildən qarışdırmaqdır.

Sütçü İmam Universitetinin professoru, politoloq Toğrul İsmayıl Redaktor.az-a açıqlamasında Türkiyə-ABŞ münasibətlərinin bundan sonra hansı xətt üzrə inkişaf edəcəyinə aydınlıq gətirib.



Professor hesab edir ki, ABŞ-la Türkiyə arasındakı münasibətlər daha yeni mərhələyə qədəm qoyub:

“30 ildir Türkiyə çalışırdı ki, bu qətnamə ABŞ-da qəbul olunmasın. Amma demokratlar hər zaman antitürk siyasəti yürütməkdə israrlı olub. Amma bu dəfə cumhuriyyətçilər də demokratlara qoşularaq, bu qətnamənin Nümayəndələr Palatasında qəbul olunmasına nail oldular. Bunun Türkiyəyə o qədər də çox təsiri yoxdur. Bu, ABŞ üçün mənfi nəticələri olan qərardır. Bundan sonra “Türkiyə ABŞ-ın strateji müttəfiqidir” kimi utopik sözlərə son qoyuldu. ABŞ iç üzünü açıb, ortaya qoydu. Türkiyənin artıq ABŞ-la münasibətləri birmənalı olaraq fərqli müstəvidə inkişaf edəcək”.

T. İsmayıl qeyd edib ki, bu münasibətlər gərgin olaraq davam edəcək:

“Artıq Türkiyə ictimaiyyəti ABŞ-ı dost ölkə olaraq görməyəcək. Diplomatik nöqteyi-nəzərdən də bu xoşagələn addım deyil. Türkiyəyə qarşı bu kimi qərarlar nə ilkdir, nə də son olacaq. Amma bu qətnamənin ABŞ-da qəbul edilməsi beynəlxalq aləmdə Türkiyənin üzərinə bu məsələdə basqıları daha da sürətləndirəcək. Eyni zamanda bu qətnamənin qəbulu diplomatik və siyasi münasibətlərə də təsirsiz ötüşməyəcək”.

Professor vurğulayıb ki, Türkiyənin Suriyada yürütdüyü antiterror əməliyyatları ABŞ-ın bölgə ilə bağlı planlarına ciddi zərbə vurdu:

“Türkiyənin əməliyyatları ABŞ-ı bölgədən uzaqlaşdırdı. Ona görə də Trampa müxalif olan qüvvələr də bundan faydalanaraq, bu məsələni gündəmə gətirdilər. Bu qətnamələrin qəbul olunduğu tarix də təsadüfi seçilməmişdi. Qətnamənin qəbul edilməsi həm Suriya məsələsi, həm Türkiyənin artıq ABŞ-ın nəzarətindən çıxması, həm də ABŞ-da olan ermənipərəst qüvvələrin Türkiyəni cəzalandırmaq istəyi ilə bağlıdır. Bununla belə qəbul edilən qətnamənin beynəlxalq aləmdə hər hansı bir hüquqi qüvvəsi yoxdur. Bu qətnaməyə Trampın əngəl törətmək, yaxud veto qoymaq haqqı da yoxdur”.

T. İsmayıl bu qətnamənin qəbul edilməsindən Rusiya tərəfinin istifadə edəcəyini düşünənlərin fikri ilə razılaşmır:

“Rusiyanın özü də belə bir qanun layihəsini Dumanın aşağı palatasında qəbul edib. Türkiyə ilə Rusiyanın əməkdaşlığı hazırkı vəziyyətdə taktiki yaxınlaşmadır. Türkiyə bölgədə özünəməxsus dövlətdir. Avropa dövləti olmasına baxmayarq, qonşuluğunda Yaxın Şərq, Cənubi Qafqaz, Ağ dəniz, Aralıq dənizi, Balkanlara qədər uzanan coğrafiya ilə həmsərhəddir. Dolayısı ilə Türkiyənin istəmədiyi halda belə bəzi ölkələr özünü Türkiyə ilə rəqib görürlər. Məsələn, bu yaxınlarda İtaliyanın siyasi partiya liderlərindən biri Türkiyəni özlərinin yeganə düşməni elan etmişdi. Türkiyədə bu fikirlər heç xəbər olaraq belə yayılmadı. Türkiyə bu reallıqla siyasət yürütməyə çalışır. Digər tərəfdən, Türkiyə-ABŞ münasibətləri hər zaman belə olub. Onların münasibətləri strateji cəhətdən çox yaxınlaşması olmayıb. ABŞ-Türkiyə müttəfiqliyi heç vaxt strateji olmayıb”.

Professor ABŞ tərəfində Türkiyəyə embarqo tətbiq ediləcəyi ilə bağlı fikirlərə də aydınlıq gətirib:

“Nümayəndələr Palatasında Türkiyəyə qarşı sanksiyalar paketi hazırlanması ilə bağlı da bir qanun layihəsi qəbul edilib. Alınan qərarların dünya ictimaiyyətinə dolayı yolla təsirləri olacaq. Bu qərarlar Nümayəndələr Palatasında qəbul edilib və ancaq amerikalılara məxsusdur. Siyasi qərarlar sadəcə xarici təzyiq alətinə çevirilir. 1915-ci ildə yaşanan bir hadisənin (tarixçilər tərəfindən hələ təsdiqlənməməsinə baxmayaraq) günahını Türkiyə Cumhuriyyəti üzərinə atmaq doğru deyil. İkincisi, soyqırımla bağlı razılaşmada dövlətlər günahkar ola bilməz. Orada açıq və net şəkildə yazılır ki, bu hadisələri icra edənlər günahlandırıla və ya məhkəməyə çıxarıla bilər. Üçüncüsü, 1915-ci ildə olan bir hadisəni 1945-ci ildə alınan qərarla suçlamaya gedilməz. Çünki qanunun daha öncəki dönəmlərə hökmü yoxdur. Bunu hər kəs yaxşı bilir. Dolayısı ilə alınan qərar Türkiyəyə qarşı siyasi təzyiq vasitəsidir. Bunu da bəzi dövlətlər diplomatik əlaqələrdə istifadə edirlər”.

T. İsmayıl bildirib ki, əslində alınan qərarların hamısı Türkiyə içərisində olan erməni vətəndaşlara qarşı cəmiyətdə nifrəti artırmaq məqsədi güdür:

“Bu qərarlar dolayısı ilə cəmiyyətdə ksenofobik düşüncələri artırır. Türkiyə ictimaiyyəti Qərbin qəbul etdiyi bu qərarlardan vətəndaşlarına yönəlik basqı yarada bilər. Bu da təhlükəli məsələdir. Məqsəd elə Türkiyənin içini qarışdırmaqdır. Amma bunu bacarmayacaqlar. Türkiyə ictimaiyyəti, siyasi elitası lazım olanda vahid vücud halına gələ bilir. Bu qərar sadəcə münasibətləri gərginləşdirəcək”.
Oxşar xəbərlər
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət