Axtarış...

Mirzə İbrahimov şəxsiyyəti – necə varsa...


Xalq yazıçısı Mirzə İbrahimovun anadan olmasından 108 il ötür


Bəzən ictimai-mədəni həyatımızda illərlə vəzifə kürsüsündə olan, elmi-ədəbi yaradıcılığı, işgüzarlığı ilə parlaq görünən bir insanın bütün ömrünü rahat və xoşbəxt yaşadığını düşünürük. Amma bu ömrün təzadlı keçən illərinin enişinə, yoxuşuna bələd olanda, çox zaman yanıldığımızı görürük. Çünki cəmiyyət üçün xalqın ictimai, mədəni həyatının yüksəlişindən ötrü çalışan aydınların öz həyatları həmişə hamar olmur. Ötən əsrin 30-cu illərindən ədəbiyyata gələn və yaradıcı zəhməti, fədakar çalışmaları ilə göz önündə olan yazıcı, dramaturq, ictimai xadim Mirzə İbrahimov da 82 illik həyatını heç də rahat, sakit yaşamamışdır. Lakin bu təlatümlü həyat onu bir gün də belə ruhdan salmamış, qələmdən ayrı düşməmiş, ictimai çalışmalarına ara verməmişdir. Mirzə İbrahimov sözün həqiqi mənasında mənəvi zənginlik və ucalıqda şərəfli bir ömür yaşamışdır. O, hələ uşaqlıq çağlarından hər cür çətinliklər, məhrumiyyətlərlə üzləşmiş, acılar yaşamış, necə deyərlər, həyatın istisinə, soyuğuna alışmışdır. Bu da yazıçını həyatı dərindən duymağa, öyrənməyə və zəngin müşahidələrindən doğan xarakterik hadisələri əsərlərində təsvir etməyə ruhlandırmışdır.

Bu gün də Mirzə İbrahimovun adı çəkiləndə, səsi-sözü yada düşəndə hafizəmizdə xoş simalı, şirin təbəssümlü bir insanın, ədəbiyyatımızın patriarxı sayılan yazıçı, ictimai xadim, şan-şöhrətli Mirzə müəllim canlanır. Ötən əsrin otuzuncu illər ədəbi mühitində coşqun yaradıcılıq eşqilə çağlayan gənc Mirzənin pillə-pillə ucaldığı həyatda, ədəbi mühitdə sözü, əməli ilə görünməsi dostları, qələmdaşları ilə bir arada olması bu böyük şəxsiyyətin maraqlı, dolğun bir ömür yaşadığını göstərir. O, yüksək erudisiyaya, mədəniyyətə dünyagörüşə, elmi biliklərə malik olduğundan məhz bu sahələrin hər birində böyük işgüzarlıq və fədakarlıqla çalışmışdır.

Mirzə Əjdər oğlu İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhərinin yaxınlığında olan Eyvaq kəndində doğulmuşdur.1918-ci ildə atası və qardaşı ilə Bakıya gəlmişdir. Bir ildən sonra atasını itirən 9 yaşlı Mirzə Balaxanı və Zabrat kəndlərində muzdurluq edərək öz zəhməti hesabına dolanmağa başlamışdır.1926-1930-cu illərdə Balaxanıdakı fabrik-zavod məktəbində oxumaqla yanaşı, bir parça çörək qazanmaq məqsədilə işləmişdir. Həmin vaxtlarda qəlbində ədəbiyyata maraq hiss edən yeniyetmə oğlan Zabratda fəhlə ədəbiyyat dərnəyinə getmişdir.

Mirzə İbrahimovun “Qazılan buruq” adlı ilk şeiri 1930-cu ildə “Aprel alovları” məcmuəsində dərc olunmuşdur. İlk şeirinin mətbuatda dərc olunması onu fərəhləndirmiş, elə həmin vaxtdan da ədəbi-bədii yaradıcılıqla böyük ilhamla məşğul olmuşdur. Hələ gənclik illərindən keçmiş sovetlər birliyində olan şəhərlərə səfərlərində əməkçi insanların həyatı, ictimai fəaliyyəti, mənəvi aləmi ilə yaxından tanış olub, yazdığı əsərlərində onların obrazını yaratmağa, həyat gerçəkliklərini təsvir etməyə çalışıb. M.İbrahimov yaradıcılığın bir çox janrında (oçerk, publisistika, nəsr, dramaturgiya, ədəbi tənqid), əsərlər ərsəyə gətirmiş, eyni zamanda, ədəbi tənqidlə də ciddi məşğul olmuşdur.

M.İbrahimov 1935-37-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqrad (indiki Sankt-Peterburq) Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alır və görkəmli Azərbaycan yazıçısı C.Məmmədquluzadənin həyat və fəaliyyətini tədqiq edərək namizədlik dissertasiyasını müdafiə edir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunarkən onun ilk seçilən 15 həqiqi üzvündən biri də 34 yaşlı Mirzə İbrahimov olmuş və bundan sonra elmi fəaliyyətini də bədii yaradıcılığı ilə birlikdə qoşa qanadlar kimi davam etdirmişdir. Təsadüfi deyildir ki, yazıçı elm, təhsil, mədəniyyət sahələrində də mühüm vəzifələrdə çalışmış, bununla da təhsilin, mədəniyyətin inkişafına öz töhfəsini vermişdir.

1941-ci ildə o, Cənubi Azərbaycanda “Vətən yolunda” qəzetində məsul redaktor vəzifəsində işləmişdir. 1942-ci ildə isə Uzaq Şərqdə Xabarovsk, Vladivostok hərbi dairələrində 416-cı diviziyanın döyüşçüləri ilə görüşmüş, özünün alovlu çıxışları ilə onlarda ruh yüksəkliyi yaratmağa çalışmışdır. Bu dövrdən başlayaraq yazıçı əsasən Cənubi Azərbaycan mövzusunda bir çox hekayələr – “Qorxulu səs”, “Sənət aşiqləri”, “Zəhra”, “Yol ayrıcında”, “Mələk”, “On iki dekabr”, “Azad”, “Tonqal başında”, “İztirabın sonu”, eləcə də “Xosrov Ruzbeh”, “Güləbətin”, “Pərvizin həyatı” povestlərini, “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə” romanlarını yazır. Bundan sonra bir-birinin ardınca səhnə əsərlərini – “Kəndçi qızı”, “Yaxşı adam” komediyalarını, yazıçı, dramaturq, doktor Nəriman Nərimanovun mübarizələr içində keçən həyatından bəhs edən “Közərən ocaqlar” dram əsərini də ictimaiyyətə təqdim edir. M.İbrahimov U.Şekspirin "Kral Lir", "On ikinci gecə, yaxud hər nə istəsəniz", A. N. Ostrovskinin "Quduz pullar", "Müdrik olan hər kəsə kifayətdir sadəlik", A.P.Çexovun "Üç bacı", A. Satramovun "Kişilərə inanmayın", Molyerin "Don Juan" pyeslərini Azərbaycan dilinə tərcümə etmişdir.

Bu bir həqiqətdir ki, yazıçının çoxçeşidli yaradıcılığı, eləcə də onun mübariz, böyük amallar carçısı olması, milli təəssübkeşliyi, insansevərliyi bu böyük şəxsiyyəti məhrəmliklə duymağa, dəyərləndirməyə kifayət qədər zəmin yaradır. Bir də var, bu şəxsiyyətin həyat və yaradıcılığını, ömür yolunu tam yeni aspektdə, orijinal formada tədqiq-təsvir edən bir əsərin aynasından aydınlığı ilə görəsən. Yaxın illərdə belə bir əsərlə tanışlıq məndə Mirzə İbrahimovun fərqli bir istiqamətdə obrazını görməyə imkan yaratdı. Bu, professor Teymur Əhmədovun tərtibçi-müəllifliyi ilə nəşr olunmuş “Mirzə İbrahimov” kitab-albom idi. Bəs bu yeni formatda olan əsər necə meydana gəlmişdir? Vaxtilə M.İbrahimovun ilk aspirantı olmuş professor Teymur Əhmədov uzun illər onunla işgüzar münasibətdə olmuşdur. Bu işgüzarlıq onları dost, sirdaş kimi bir-birinə yaxınlaşdırmışdır. Sonralar bu yaxınlığın elmi-ədəbi bağları uzun illər daha da möhkəm olmuş və birgə əməkdaşlığın ona imkan yaratdığı illərdə ustadının yaradıcılığına və şəxsiyyətinə yaxından bələdliyi onu bu istiqamətdə araşdırmalara yönəltmişdir. Burdan belə M.İbrahimovun yazıçı, ictimai xadim obrazını yeni bir baxış bucağından tədqiq etməyi özünün mənəvi borcu hesab etmişdir...

Baxmayaraq ki, ötən əsrin 70-80-ci illərdə Mirzə İbrahimovun bir çox əsərlərini oxumuş, radio və televiziya ilə çıxışlarını eşitmişdim, həyatının böyük bir dövrü nəslimizin gözü qabağında keçmişdi, amma onu bütöv halda, daha dərindən bir qədər əvvəldə adını çəkdiyim kitab-albomdan tanıdım və adı çəkilən sanballı monoqrafik nəşr məndə böyük maraq doğurdu. Bu dəyərli əsərlə dərindən tanışlıqdan sonra böyük yazıçının, ictimai xadimin mənəvi aləminə, ideoloji mübarizəsinə yaxından bələd oldum. İndi düşünürəm, ictimai fikir tariximizdə müstəsna yeri olan görkəmli şəxsiyyətlərin yaşadığı həyata bütövlük prizmasından yanaşmalar, obyektiv qiymətləndirmələr maraqlı olmaya bilərmi!

Müəllif-tərtibçi kitaba bələdçilik statusunda olan giriş sözü yazmışdır. Biz də bu təqdimatın ardınca sanki tufanlardan keçərək söz-əməl işığında cəsarətlə addımlayan böyük bir həyatın axarına düşürük. Bu ciddi araşdırma və müşahidələrin nəticəsidir ki, müəllif Mirzə İbrahimovun insani keyfiyyətlərini, mənəvi ağrılarını dərindən duya bilmişdir. Erkən uşaqlıq çağlarından yetimliyi, tənhalığı ilə acı həyat yaşayan, çəkdiyi əziyyətləri, ağrıları ilə sanki dibsiz dənizin sularından məharətlə üzüb çıxan M.İbrahimov mərdliyi, dözümü, dəyanəti ilə əsl fədakarlıq nümunəsidir. Foto-mətnlərin zövqlə ifadə etdiyi bu həyat romanında müəllif-tərtibçi işıqlı sabahlar yolçusu olan cəsur insanın sıxıntılarını, təqiblərə, təzyiqlərə mərdanə dözümünü bütün istiqamətlərdən işıqlandırıb. Yazıçının sürət qatarı kimi ötüb keçən qaynar həyat tarixçəsi, fikirləri, müdrikanə çıxışları, tövsiyələri maraqlı məqamlar fonunda işıqlandırılıb. T.Əhmədov ata-ana qayğısından məhrum olmuş kimsəsiz bir uşağı, “özü-özünü yaradan və formalaşdıran nadir şəxsiyyət”i (Gülrux Əlibəyova) yeni fonda tanıtmaqla xalqın öz oğluna böyük sevgisini, ehtiramını ifadə etməyə çalışıb.

Mən burda Mirzə müəllimi həyat gəmisində məharətlə üzən, keçilməz sədləri əzmlə, inadkarlıqla aşan mübariz bir qəhrəman qiyafəsində gördüm. Onun haqqında bilmədiklərimdən xəbərdar oldum, təsəvvürüm dolğunlaşdı. Yazıçının görkəmli şəxsiyyətlərlə yaradıcılıq, dostluq əlaqələri, böyük bir dövrün ədəbi mühiti və o mühitin bu gün ehtiramla xatırladığımız ustad sənətkarları – S.Vurğun, M.Cəlal, R.Rza, S.Rüstəm, Ş.Mehtiyev, Ə.Vəliyevlə bölüşüb-paylaşdığı həyat fotomətnlərin təqdimi fonunda şirin bir nağıl kimi hafizəmə köçdü. Burda Mirzə İbrahimov yazıçı, publisist, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, ictimai xadim kimi xatırlanır. Bu albom-kitabda mən onu həm də işıqlı ideyalar, bəşəri duyğularla dünyanı dolaşan səyyaha bənzətdim. O, xalqlar arasında milli mədəniyyətimizin, ədəbiyyatımızın təbliğində, eləcə də bir çox ölkələrin Azərbaycanla ədəbi-mədəni əlaqələrinin yaranmasında mənəvi körpü oldu. Mirzə müəllim həyatı boyu xalqına söykənib, gücünü ondan alıb. Bu gün az adam tapılar ki, bu bağlılığı, sevgini ifadə edən yığcam, lakin böyük bir əsərdən aldığımız təəssürat qədər dəyərli olan müraciətdən xəbərdar olmasın: “Ey mənim xalqım, ey mənim ümidim və pənahım! Ürəyimin istiliyi səndədir, fikrim işığını səndən alır, həyatımın nəşə və sevincinə bais sənsən! Həyat yolunun sürüşkən döngələrində qolumdan tutan, məni yıxılmağa qoymayan sən olmusan. Amansız qorxu başımın üstünü alaraq məni ağır fikirlərə saldığı zaman, xoş günün dönük dostları, zəif və qorxaq yoldaşlar məndən üz döndərdiyi zaman yeganə dayanacağım sən olmusan”.

M.İbrahimov ictimai-ədəbi fəaliyyəti ilə harada gərək olmuşsa, o sahəyə yeni ab-hava gətirmişdir. Bəlkə də müasirləri arasında tək bir şəxsiyyətdir ki, bir-birini əvəz edən böyük, məsuliyyətli vəzifələrdə fasiləsiz çalışmalarıyla yanaşı, ədəbi-bədii yaradıcılığını da dumduru sular kimi öz axarında apara bilmişdir. Həyatı boyunca Azərbaycan ictimai fikrinin, azərbaycançılıq, maarifçilik ənənələrinin, milli-mənəvi dəyərlərimizin yüksəlişinə xidmət etmişdir.

Mirzə müəllimin ürəyində bir ağrı – o taylı-bu taylı Azərbaycanın ayrılıq dərdi vardı. Bəlkə elə bu səbəbdən də əsərlərinin şah mövzusu cənubla bağlı idi. Yazıçı o taydakı qardaşlarımızın ictimai-sosial həyatına, mənəvi taleyinə, yaxından bələd idi. Bu yaxınlıq cənublu bacı-qardaşlarının ağrısını, istək və arzularını bir çox hekayələrində, “Gələcək gün” romanında olduqca təbii və təsirli təsvir etmişdir. Bununla yazıçı cənublu soydaşlarımızın ictimai ağrılarına ürəyini söykəmiş, bu istiqamətdə xeyli işlər görmüşdür. Vaxtilə akademik M.Arif əbəs yerə deməmişdi ki, ədibin hər bir əsərində vətən məhəbbəti canlı bir ürək kimi çırpınmaqda, döyünməkdədir...

Mirzə İbrahimov dərin məzmunlu, milli mənafeləri ifadə edən çıxışları ilə hər zaman böyük hörmət və nüfuz qazanmışdır. O, milli varlığımızın parlaq siması, böyük bir zamanın qəhrəmanı olub. Yazıçı, ictimai xadimin Azərbaycan dilinin dövlət dili olması ilə bağlı Azərbaycan KP MK-ya 20 iyul, 1956-cı ildə yazdığı müraciəti, təkcə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri kimi deyil, həm də bir ziyalı, vətəndaş olaraq ana dilimizə canı, qanı ilə bağlılığın ifadəsi idi. M.İbrahimov həmin dövrdə ittihamlara, təqiblərə baxmayaraq nazirliklərdə, idarə və təşkilatlarda sənədləşmələrin Azərbaycan dilində aparılmasına nail oldu. Milli mənafe uğrunda etdiyi mücadilələr onu xalqın gözündə ucaltdıqca bədxahların mənəvi zərbələri ondan yan keçmədi. Bir zamanlar bütün şüuru ilə bağlı olduğu ictimai həyatdan uzaqlaşdırıldı. Mirzə müəllim belə vaxtlarda ruhunu əzən sarsıntıları, ağrıları kimsəylə bölüşmədən, səbirlə, təmkinlə ürəyində yaşadı. Əsərlərinin uğurundan qısqanclıq keçirən “dostlarının” əməlindən təəssüflənən yazıçının ürəyində baş qaldıran ağrılarını əsl sənət dostlarına yazdığı məktublardan da görürük. Bu da onu deməyə imkan verir ki, “Mirzə İbrahimov” kitab-albomunda yazıçı ömrünün eniş-yoxuşları, həyatının keşməkeşləri necə var, eləcə də xatırlanıb.

Mirzə İbrahimovun yaxından tanıdığı yazıçılar – Konstantin Fedin, Nikolay Tixonov, Georgi Markov, Aleksey Surxov, Konstantin Fedin, Mirzo Tursunzadə, Nazim Hikmət və başqalarıyla dostluğu ədəbiyyatların dostluğu idi. Onun Əziz Şəriflə yazışmaları, görüşləri də təkcə dostluq çərçivəsində deyil, ədəbiyyatın, mədəniyyətin inkişafında səmərəli fikirlərin həyata keçirilməsi ilə əhəmiyyətli olmuşdur.

M.İbrahimovun ədəbi-tənqidi məqalə, yol qeydləri, publisistikası yeniliyin, novatorluğun xalq həyatı ilə bağlılığını ifadə etməklə, bütünlükdə ədəbiyyatımızın inkişafı yollarını açıb-göstərir. Yazıçının XX əsr ədəbi prosesin, ictimai həyatın inkişafı ilə bağlı fikirlərini, əsərlərində bir sıra problemlərin qoyulması, həlli məsələlərini, hər hansı bir obrazı, prototipi təsvir vasitələrini, “konflikt seçmək və qurmaqda” təcrübə və ondan bəhrələnməni özünüifadə formalarında ustad məktəbi sanmaq doğru olar.

Bir zamanlar Mirzə müəllimi bir insan, yazıçı, ictimai-siyasi xadim kimi dəyərləndirən rus yazıçıları ondan böyük ürəklə, məhəbbətlə söhbət açıblar. G.Markov yüksək tribunalarda etdiyi çıxışlarında, yazdığı məqalələrində yazıçının “Madrid”, “Gələcək gün”, “Böyük dayaq” əsərlərinin ideya-mahiyyətini göstərməklə bu romanların ədəbiyyatımızın dəyərli nümunələri olmasından iftixarla bəhs edirdi.

Məni bu dəyərləndirmələrin içərisində duyğulandıran yazılardan biri də Azad Şərifin onunla söhbəti oldu. Burda Mirzə müəllimə olan münasibət, yazıçının, belə deyək, həyatdan küskünlüyü, qədir-qiymətin bütün ölçüləri açıq-aydın ifadə olunub. M.İbrahimov necə yaşayıbsa, mühiti onu necə duyub dərk edibsə, eləcə də təqdim olunub. Heç nəyi artırıb-əskiltmədən, şişirtmədən, onun ictimai-ədəbi taleyi, fədakar çalışmaları, ürək yanğıları qarışıq çalarlardan, bayağılıqdan kənar, öz rəngində və qədərində verilib. Yəni, Mirzə İbrahimovun şəxsiyyəti necə varsa...

M.İbrahimov dövrünün nəhəng bir gəmisinin sərnişinləri arasında ictimai xadim, ədəbiyyat adamı kimi aydın görünürdü. Bu insan hər zaman həqiqətin tərəfində olub, sözündə, əməlində, ictimai fəaliyyətində bir məqsədə xidmət edib. Xalqını sevib, çətin zamanlarda böhtanlara şər-xataya məruz qalan bir çox ziyalını, Səməd Vurğun, Fatma Qədri, Mirzağa Əliyev kimi insanları repressiyanın caynağından qoparmış, qaranlıqlardan aydınlığa çıxarmışdır.

“Mirzə İbrahimov ədəbiyyatımızda unikal hadisədir”, deyən Xalq yazıçısı Ç.Abdullayevin bu fikirlərini səsləndirməyə bilmirəm: “Mirzə İbrahimov Azərbaycan ədəbiyyatının neçə nəslini bir-biriylə bağlayan canlı bağdır. Ola bilsin ki, müxtəlif insanlar tərəfindən birmənalı qarşılanmır, bununla belə, onun Azərbaycan ədəbiyyatının inkişafında oynadığı mühüm rolu danmaq olmaz. Üzeyir Hacıbəyli və Səməd Vurğun kimi Azərbaycanın böyük oğullarının başı üstündə qara buludlar dolaşarkən məhz Mirzə İbrahimov çıxış edərək hamının qarşısında onları “Azərbaycan xalqının vüqarı” adlandırmışdı... ” İllərlə yüksəlişdə qərar tutan, böyük səlahiyyətlərə, imtiyazlara sahib olan Mirzə müəllim imkanlarından xalqın mənafeyi naminə çalışdı, onun mədəni yüksəlişini varlığında, əməlində, əsərlərində, dərin, müdrikanə çıxışlarında uzaqlara daşıdı. Harada oldusa, milli kimliyimizə işıq saldı, Azərbaycan ədəbiyyatını, ədəbi-mədəni incilərimizi başqa ölkələrdə tanıtdı.

Əlbəttə, bir aydının, ömrün dinclik tapmadığı enişli-yoxuşlu yollarda nəfəs dərmədən, “qıçları yorulub qıc olana qədər” irəliləyən insanın ədəbi taleyi, vətəndaş ömrü təbii ki, məhsuldar və rəngarəng olmalı idi. Xalq yazıçısı Mirzə İbrahimov addım-addım qət etdiyi həyat yollarında belə bir ölməzlik, əbədiyaşarlıq qazanmışdır...


Daha çox xəbər

Şərh yaz