Milli Onkologiya Mərkəzində nələr baş verir - İTTİHAM

Milli Onkologiya Mərkəzində nələr baş verir - İTTİHAM

Çıxdım səfərlərə
Dolaşdım haraları.
Gendən aydın görünür
Vətənin yaraları.

Azərbaycan Respublikasının qanunlarında onkoloji xəstələrə qayğı əvəzsizdir. Gəlin baxaq, bu həyat öz əksini nə dərəcədə tapıb, özünü nə dərəcədə doğruldub. Milli Onkologiya Mərkəzi çox yüksək səviyyədə təmir olunub, yenidən qurulub. Xəstəxananın həyət-bacası, korpusların təmizliyi, səliqə-sahman o dəqiqə diqqəti çəkir. Aşağı tibb personalının, tibb bacılarının xadimələrin, mədəniyyətinə, səmimiyyətinə, ləyaqətinə, xəstələrə diqqətinə və qayğısına söz ola bilməz. Bu müalicə müəssisəsində zahirən də olsa ciddi qayda-qanun hökm sürür. Xəstələrin yanına evdən isti yemək, digər ərzaqlar gətirilməsinə qadağa qoyulub. Belə bir hal alqışlanmalı, razılıqla qarşılanmalıdır. Çünki xəstənin özündən, yaxınlarından, qohumlarından çox, onun yemək rasionunu həkimlər daha yaxşı bilir.
Mərkəz ən müasir aparatlarla, tibb cihazları ilə təmin olunub. Cəsarətlə demək olar ki, bu xəstəxanadakı şərait xəstələrin müalicəsi, tibb personalının rahat işləməsi, peşəkarcasına çalışması üçün hər cür imkanlara malikdir. Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı “Onkoloji yardım haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən Milli Onkoloji xəstəxanada müalicə də, xəstələrə qulluq da pulsuz olmalıdır. Ümumiyyətlə, bu qanun onkoloji xəstələrə ixtisaslaşmış tibbi və sosial yardımın əsaslarını müəyyən edir.
İndi ortaya belə sual çıxır. Ölkədə belə gözəl şərait olduğu halda nə üçün hər il xərçəngdən əziyyət çəkən on minlərlə onkoloji xəstə xaricə üz tutur. Aylarla qonşu ölkələrin, Avropanın xəstəxanalarında, qürbətdə əziyyət çəkirlər. Axı onkoloji qanun haqqında Azərbaycan Respublikasının qanuna əsasən onlar öz ölkələrində daha rahat, özü də xərcsiz müalicə gözləyir. Hətta xəstənin mənzil şəraiti onun müalicəsinin tələblərinə cavab vermədikdə dövlət onun qayğısına qalmalıdır. Xəstəyə bundan artıq töhfə nə ola bilər ki… Doğrusu təxminən bir il əvvələ kimi mən də belə düşünürdüm. Amma mənim doğmalarımdan biri bu xəstəliyə düçar olmasaydı. Düşdüyüm şərait bir jurnalist kimi məni araşdırma aparmağa vadar etdi, hətta xəstəxanaya gündə beş manat ödəyib xəstənin yanında da qaldım. Burada başıma gələnlər, həkimlərin pulu olmayan, yaxud pul ödəmək istəməyən xəstələrin müalicəsindən “mədəni” şəkildə imtina etməsi, müalicəni dayandırması, başqa sözlə desək, həkim ləyaqətinin, ağxalatlıların namusunu pula satması məqaləmin mövzusuna çevrildi.
Elə isə bu başdan deyirəm. Azərbaycan Milli Onkologiya Mərkəzində bir nəfər də olsun pulsuz müayinə olunmur. Özü də qiymətlər təxminən Avropa ilə bir səviyyədədir. Bütün müayinələr, analizlər pulludur. Bu analizlər üçün xəstələrdən həyasızcasına 4 manatdan 48 manata kimi pul alınır. Adi qan analizi 4 manata, əməliyyatdan əvvəl SPİD-in yoxlanılmasına görə verilən analiz isə 48 manatdır. Bunlardan əlavə, xəstələr UZİ-dən, tomoqrafiyadan, kardioqramdan, nə bilim daha nələrdən keçməlidir. Hamısı da pulla. Xəstəm UZİ-dən keçərkən mən həkimlərin rüşvət məsələsində güzəştdə gedib-getməməsini yoxlamaq üçün saqqallı həkimə 10 manat verdim. O isə heç utanmadan, həyasızcasına dedi:

– Bunun qiyməti 20 manatdır.
Başqa çarəm qalmadı, xəstəmin xətrinə 10 manatı da verdim.
Xəstələrlə, onların yaxınları, rəhmətə gedənlərin qohumları ilə söhbət əsnasında məlum oldu ki, burada həkimlər çox dəhşətli şəkildə tamahkar, acgözdürlər. Onların rüşvət şəkilində aldığı pullar Türkiyənin, İranın, Gürcüstanın həkimlərinin əməkhaqqı kimi aldığı zəhmət haqqından çoxdur. Ən ağrılı hal odur ki, xəstələrin pulu qurtaran kimi müalicə də dayanır, xəstələr yaşadıqları ərazi üzrə həkimlərin sərəncamına göndərilir.
Hətta mən xəstəmin yanında qalarkən onunla bir palatada yatan, əslən Qərbi Azərbaycandan olan bir xəstə ilə söhbət etdim. Bildirdi ki, 40 (qırx) min manat xərci çıxıb, amma müalicəmi düzgün aparmayıblar, deyəsən, oğlumun toyunu görməyəcəyəm. (Ehtiyac olarsa, bu xəstənin adını, telefonunu deyə bilərəm).
Başqa bir epizod. Onkoloji xəstəlikdən rəhmətə gedən yaxın qohumum — AzTV-nin sabiq rejissoru, əmim oğlu Zakir Hacıbabayevin hüzr mərasimində onun oğlundan soruşdum ki, həkimlər heç sizə qiymətdə güzəşt edirdilər. Qohumumun əsəbdən rəngi qızardı, az qala dili tutuldu.

– Kimyaterapiya üçün 300 manat verirdim. Bir dəfə həkimə dedim:

– Axı imkanım yoxdur.

– Eybi yoxdur, bu dəfə 280 manat verərsən – dedi.
300 manat çıxarıb çırpdım təpəsinə. Özü də hiss etdi ki, həmin pulu küçə tulasının qabağına yal atan kimi tulladım. Amma pulu götürdü.
Bax, həkimlərin fikri pulun yanında qalduğından, baza təhsilləri zəif olduğından, iş yelərrinə yalnız qazanc mənbəyi kimi baxdıqlarından bir həkim də öz üzərində işləmir, bu səbəbdən onların müalicəsi də effektsiz olur, xəstə üçün ürəkləri yanmır, ya da qəsdən xəstələri yarımçıq müalicə edirlər.
Fikrimi əyani göstərmək üçün bir misal çəkim. Mənim xəstəm əməliyyat olunmuşdu. Cərrahın qeyri-professional, ya da qəsdən məsləhətinə əsasən iki seans kimyaterapiya qəbul etməli idi. O zaman həkimə inanıb elə düşünürdüm ki, doğrudan da müalicə üçün iki seans kimyaterapiya bəs edər. Xəstənin sənədlərini aparmaq üçün qonşu kimyaterapiya şöbəsindən “mütəxəssis” dəvət etdilər. Şəhla adlı “həkim” idi. Doğrusu, cərrahların bu Şəhla ilə söhbətlərindən heç xoşum gəlmədi. Şəhla “xanım” sənədlərə baxa-baxa sual verməyə başladı:

– Xəstənin ailəsi var?

– Xeyr dedim.

– Bəs bu vaxta kimi heç evlənməyib.

– Evlənib. Amma Rusiyada.

– Uşaqları yoxdur?

– Bir oğlu var.

– Haradadır?

– O da Rusiyada…
O, sual verdikcə, xəstənin ailəsi ilə maraqlandıqca fikrim başqa aləmə gedirdi. Elə bilirdim indicə deyəcək – bu xəstəyə evlənmək olmaz! Amma Şəhla “xanım” üzünü xəstəyə tutub həyasızcasına dedi:

– Necə yanı, xəstənin heç kimi yoxdur! Bəs bunun maliyyə tərəfini kim həll edəcək!!!
Sonra üzünü mənə tərəf çevirdi:

– Siz həll edəcəksiniz?
İki seans kimyaterapiyanın rüşvətini “həll” etmək üçün imkanım vardı. Mən əvvəlcədən həkim sözünü bitirdikdən sonra – həkim, bəs zəhmətinizin haqqı nə olacaq? – deməyə hazırlaşmışdım. Amma yerimdə quruyub qalmışdım. Hiss edirdim ki, mənim önümdə həkim deyil, nəfsinə uymuş bir məxluqdur. Ağlı, qəlbi ilə deyil, nəfsi ilə idarə olunan qadından isə nə desən gözləmək olardı. Gözümün önündə Əbdürrəhim bəy Haqverdiyevin “Pəri-cadu” pyesinin qəhrəmanları olan əcinnələr canlanırdı.
Ona görə “həkim”in sualını sükutla qarşıladım. Heç bir söz deməyib, kimya-terapiya şöbəsinin müdiri Rasim Zeynalovun qəbuluna getdim. Xəstənin əməliyyat olunduğunu, ona kimyaterapiya lazım olduğunu, maddi cəhətdən problem olmayacağını dedim.

Lap yaxşı deyib – məni yola saldı.
Amma üstündən iki gün keçmiş R.Zeynalovun qəbuluna gələrkən mənimlə başqa cür danışdı. Bildirdi ki, sizin xəstə xərçənglə yanaşı, “Hepatit C” xəstəsidir. Əgər mən onu kimya-terapiya etsəm, onda onun ciyəri partlayacaq. (Sonradan bildim ki, bütün bunlar Şəhlanın işidir). Bakıda çalışan bir neçə xarici həkimlə görüşdüm. Rasim Zeynalovun mənə dediyi sözləri onlara dedim. Hamısı onun sözlərini ironiya ilə qarşıladı. Hətta onun həkimliyinə şübhə ilə yanaşdılar. Əgər xəstədə “Hepatit C” varsa onun üçün xüsusi dərmanların olduğunu bildirdilər.
Çarəsiz qalıb yenidən Milli Onkologiya Mərkəzinin qəbul şöbəsinə gəldim. Özü də mənimlə Yazıçılar Birliyində çalışan mərhum dostum Abbas Abdullanın qohumu Ömər Acalovun yanına. Bildirdim ki, xəstəyə əməliyyatdan sonra müalicə lazımdır. Mən əvvəl də Ömər müəllimin yanında olmuşdum. Amma bu dəfə o mənimlə əvvəlkitək danışmadı. Məni arzuolunmaz bir müştəri kimi qarşıladı. Mənim — kimyaterapiya olmaz, onda qoy xəstəyə şüa tətbiq etsinlər – müraciətimə Ömər müəllim gülünc cavab verdi:

– Biz sizin xəstəyə şüa versək onda prostat yığılacaq.

– Onda bəs xəstəliklə mübarizə aparılmasın – deyə mən ondan soruşdum.
Onun cavabı bu dəfə lap heyrətamiz idi.
Üç aydan sonra gələrsiz. Xəstəlik inkişaf edərsə, biz onun sidik kisəsini kəsib götürərik.
Necə yanı xəstəlik inkişaf edərsə. İstənilən xəstəliyi özbaşına qoysan inkişaf edəcək. O ki ola xərçəng. Bunu bilmək üçün həkim olmağa nə hacət. Ömər müəllimin dediyindən belə aydın olurdu ki, sidik kisəsində xərçəng olanlar şüa ilə müalicə olunmamalıdırlar.
Bu cavab artıq nəinki müalicədən imtina, hətta insana qarşı cinayət idi. Hər gün xəstəliklə mübarizə etməyə borclu olan həkimlər xəstəliyin inkişafına şərait yaradırdılar. Məşədi İbad demişkən, “Tarxi-Nadir” kitabını yarıyacan oxusam da, bu insanların sözündən ağlım bir şey kəsmədi. Xəstəlik yayılandan sonra onun qarşısını nə necə almaq olar?!
Yenə də Bakıda çalışan xarici ölkə həkimləri ilə məsləhətləşməli oldum. Bu cavabları cəfəngiyat adlandırdılar, müalicəni bir gün də yubatmamağı tövsiyə etdilər və İrana yola düşdük. (Görünür, Ömər müəllim artıq mənim Rasim Zeynalovla dialoqumdan xəbərdar idi. Bu xəstəxanada məni arzuolunmaz müştəri siyahısına salmışdılar).
Rasim Zeynalovun iki sens kimyaterapiyanı çox gördüyü xəstəyə Təbrizdə həftədə bir gün olmaqla yeddi seans kimya-terapeya yazdılar və həyata keçirdilər. Ömər həkimin bir şüanı belə çox gördüyü xəstə həftədə beş dəfə olmaqla otuz səkkiz seans şüa qəbul etdi. Şübhəsiz ki, onun hepatiti də, prostat vəzisi də nəzərə alındı, paralel olaraq onlara qarşı xüsusi dərmanlar yeridildi və xəstənin sağlamlığı bərpa olundu.
Mən İran həkimlərinə təşəkkür edəndə, onları tərifləyib bir neçə xoş söz demək istəyəndə cavabları belə oldu:

– Biz nə etdik ki… Bu, dünya təcrübəsidir. Protokoldur. Siz Türkiyəyə də, Amerikaya da getsəydiniz xəstəliyin bu mərhələsində xəstəyə yeddi kimya-terapiya, otuz səkkiz şüa yazacaqdılar.

– Axı, bizim həkimlər…
Sözüm ağzında yarımçıq qaldı:

– Ehtiyac yoxdur. Sizlərin bura müalicəyə gəlməyiniz həkimləriniz haqqında hər şeyi deyir.
Bəli, iki aylıq müalicədən sonra xəstə sağaldı. Axı, dünyada insanın həyatını xilas etməkdən böyük sevinc nə ola bilər ki… O ki ola o insan sənin atan-anan, bacın-qardaşın, övladın ola… Bu sevinci mənə İran həkimləri ilə yanaşı, başda Rasim Zeynalov olmaqla ağıl dəryası olan həkimlərimiz “bəxş” etmişdilər. Burada deyiblər: Hər pisliyin içində bir yaxşılıq var.
Xəstənin iki ay İranda qalmasına, müalicəsinə, dəva-dərmanına on dörd min manat xərcim çıxdı. Hamı dedi ki, Bakıda daha çox xərcin çıxacaqdı. Deyilən bu sözlərin səmimiyyətinə inanıram. Çünki Milli Onkologiya Mərkəzində ala-yarımçıq müalicədən sonra xəstələrin səhhəti getdikcə pisləşir. Xəstənin doğmaları çarəsizlikdən həkimlərdən asılı vəziyyətə düşürlər. Doğmasını ölümün ağuşuna atmaq istəməyən doğmaları ev-eşiklərini belə satıb, pulunu onun yolunda xərcləmək məcburiyyətində qalırlar.
Bunları düşünəndə bu qənaətə gəlirəm ki, bütün hallarda mən uddum.
Bəs ölkəm, Azərbaycan səhiyyəsi necə, uddumu?!
Əlbəttə, yox! Məhz bu səpkili üzdəniraq həkimlərin səhlənkarlığı, qeyri-peşəkarlığı ucbatından, dediyim kimi, on minlərlə xəstə qonşu ölkələrə üz tutur. Amma faciə orasındadır ki, mənim kimi Milli Onkologiya Mərkəzində xeyli xərcə düşəndən sonra.
Əlbəttə ki, xaricdə həkimlər “bizimkilərin” “müalicə” üsullarından da, dərmanların keyfiyyətindən xəbərdardırlar. Amma bütün bunlara baxmayaraq ilk sualları bu olur.

– Niyə öz ölkənizdə müalicə olunmursunuz? Deyilənə görə, sizdəki şərait, texniki təhcizat bizdən daha yaxşıdır.
Bax, onda xəstələr, onların yaxınları bu sahədə Azərbaycandakı vəziyyətləri dilə gətirirlər. Bu söhbətlər heç də ürəkaçan olmayır. Başqa nə deməlidirlər ki… Mən nə iqtisadçıyam, nə də siyasətçi. Ölkəmi, xalqımı sevən bir Azərbaycan vətəndaşıyam. Elə bir vətəndaş kimi də deyirəm, Milli Onkologiya Mərkəzində yaranmış bu vəziyyət ucbatından hər il milyonlarla valyuta xaricə axır. Ölkənin siyasi nüfuzuna böyük xələl gəlir. Səhiyyədəki korrupsiyanın isbata ehtiyacı qalmayır. Atalar demişkən: Kor kor, gör gör.
Ən başlıcası isə insanlar xaricə getmək qənaətinə gələnədək müalicə gecikdiyindən, həmin dövrə kimi müalicə səmərəsiz aparıldığından bir çox insanlar vaxtından əvvəl dünyasını dəyişir. Bu isə ağır, bağışlanmaz cinayətdir.
Xaricdə bizim xəstələrimizi heç də gül-çiçəklə qarşılamırlar. Əvvəla oralarda Azərbaycan vətəndaşlarının müalicəsi öz vətəndaşları ilə müqayisədə 2-3 dəfə bahadır. Oralarda sosial sığortası olanlar pulsuz, digərləri isə cüzi pulla müalicə edilirlər.
Nəzərə alın ki, onkoloji xəstəliyə görə insan bəzən 2 ay, bəzən isə daha çox xaricdə qalmalıdır, onda onun mehmanxana, yemək-içmək, nəqliyyat xərcini göz önünə gətirin. Bugünkü Azərbaycan reallığında hər xəstə bunu ödəyə bilirmi?! Yaxud müalicə bitəndən sonra həkim bir, yaxud bir neçə aydan sonra xəstəyə yenidən müayinəyə gəlməyi bildirir. Əvvəl Milli Onkologiya Mərkəzində, sonra xaricdə soyulan xəstə yenidən pul düzəldənə qədər yubanır, bu isə xəstəliyi şiddətləndirir, ölüm riskini artırır. Belə xəstələrdən biri ilə mən İranda rastlaşdım. Şiş artıq sifətinə vurmuşdu. (Adı, soyadı məndə var) Yeganə təsəlli odur ki, bütünlükdə xərc Milli Onkoloji Xəstəxanada çəkilən xərcdən az olur, ən başlıcası isə müalicənin səmərəsi özünü göstərir.

Doğrusu, Azərbaycanda və xaricdə mən onkoloji xəstəliyə dücar olan Azərbaycan vətəndaşlarını belə gördükdə ürəyim ağrıyırdı. Avtobusda gedərkən, mehmanxanada olarkən həmvətənlərimlə söhbət edirdim. Təbrizə gedənlərin 90 faizi, bəlkə də daha çoxu müalicə üçün gedənlər idi. Təbriz Beynəlmiləl Xəstəxanasının onkoloji şöbəsində divara üç saat vurulub. Biri dünya , biri Tehran, biri də Bakı vaxtı ilə işləyir. Bu isə bura gələn Azərbaycan xəstələrinin sayına dəlalət edir. Hansı xəstəxanada valyuta dəyişmə məntəqəsi varsa, orada bizim manatın da məzənnəsi öz əksini tapıb.
Vəziyyəti belə görüb bir neçə yazıçı dostumla söhbət etdim. Belə düşündük ki, onkoloji xəstələrə hüquqi yardım cəmiyyəti yaradaq. Axı, maddi cəhətdən Azərbaycan dövləti, ölkə prezidenti onlar üçün hər şərait yaradıb. Düşdüyümüz bu vəziyyət isə həkimlərin qeyri-peşəkarlığının, tamahkarlığının və xəstələrin öz hüquqlarını, qanunları bilməməsinin təzahürüdür. Ona görə ilk olaraq mən, sonra isə başqa yazıçı dostlarımız Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng etdik. Xahiş etdik ki, Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Onkoloji yardım haqqında Azərbaycan Respublikasının Qanunu”nu Milli Onkologiya Mərkəzinin həm girişində, həm qəbul otağında, həm də şöbələrində divardan assınlar. Bütün xəstələr Prezident cənab İlham Əliyevin və Azərbaycan Dövlətinin qayğısını hiss etsinlər, “həkimlər” onları aldadıb dərilərini soymasınlar.
Dəstəyi qaldıran kişi səsləri bizi xoş qarşılasa da, orada işləyən “xanım” qıza, nədənsə, bu təklifimiz xoş gəlmədi. Hər dəfə də bizi acılamağa çalışırdı. Belə olduqda belə qərara gəldik ki, adıçəkilən qanunu biz kompüterdə çıxaraq, özümüz skoçla xəstəxananın divarlarına yapışdıraq, yaxud xəstələrə paylayaq. “Xanım” qıza bu təklif də xoş gəlmədi. “Olmaz”— dedi.
Ayların keçməsinə baxmayaraq aldadıldığımızı görüb, yenidən qaynar xəttə zəng etdim. Yenə dəstəyi xanım qız götürdü. Mən bizim təklifimizlə kimin məşğul olduğunu, ona necə zəng etməyi soruşdum. “Xanım” qız yenə coşdu:

– Biz heç kimin telefon nömrəsini vermirik – deyə cavab verdi. Özü də bu sözləri bizim təklifimizdən təxminən dörd ay keçmiş dedi. Hətta “xanım” qız onu da dedi ki, prokurorluğa şikayət edin. Bu sözün açıqlaması isə o idi ki, biz heç kimdən qorxmuruq.
Artıq mənə hər şey aydın idi. Edilən şikayəti yerindəcə həll etməli olan qaynar xətt dörd-beş ay ərzində məsələni həll etmirsə, deməli, Səhiyyə Nazirliyinin rəhbərliyi bu işdən xəbərdardır. Çıxardığım nəticə belə oldu ki, onlar ya səlahiyyətlərini bilmir, ya da onların da bu məsələdə maraqları var. Bir halda ki, Səhiyyə Nazirliyi Onkoloji xəstəxanada olan vəziyyətlə tədbir görmək istəmir, onda biz öz təkliflərimizi veririk.

Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya qarşı Baş İdarəsi yaxşı olar ki, ölkə Prezidentinin imzaladığı qanuna məhəl qoymayan Milli Onkologiya Mərkəzinin işiylə maraqlansın. Bunun üçün xaricdə müalicə alan xəstələrlə, onların qohumları, yaxınları ilə görüşsünlər, onlardan müalicə üçün niyə xaricə üz tutduqlarını soruşsunlar.
Son bir neçə ildə burada müalicə alan xəstələrlə görüşüb, onlara dəyən ziyanın məbləğini dəqiqləşdirsinlər. Xüsusən yarıtmaz müalicə bəs deyilmiş deyə, rüşvət verməyə vadar olan, bunun nəticəsində evləri, mənzilləri əllərindən çıxan insanların əmlakın dəyəri qanuni yollarla həkimlərdən tutulub həmin insanlara qaytarılsın.
Milli Onkologiya Mərkəzində çalışan rəhbər işçilərin, həkimlərin əmlakı ilə gəlirləri müqayisə olunsun.
Xəstəxanada işlər nizama salınana qədər xaricdən həkimlər dəvət olunsun. Mənəviyyatlı, əli rüşvətə batmayan gənclər təcrübə üçün təcili xaricə göndərilsin.
Onkoloji xəstəliyin qorxulu olmamasını təlqin edən, xəstələrə ruh yüksəkliyi verən yaddaş kitabı hazırlansın. Onun ilk səhifəsində ölkə Prezidenti İlham Əliyevin imzaladığı “Onkoloji yardım haqqında Azərbaycan Respublikasının Qanunu” dərc olunsun. Digər səhifələrində onkoloji xəstəlik haqqında tanınmış mütəxəssislərin və bu xəstəliyə düçar olub, sonradan sağlamlığını bərpa edən insanların yazıları dərc edilsin. Onkoloji xəstələrə sağlamlıqlarını qorumaq üçün tövsiyyələr verilsin.
Azərbaycan hökuməti qarşısında onkoloji xəstələr üçün ixtisaslaşmış sanatoriya, yəni müalicə-istirahət ocağının tikilməsi məsələsi qaldırılsın. (Bilgəhdəki kordioloji sanatoriya kimi).
Bu gün cəsarətlə demək olar ki, onkoloji xəstəlik qorxulu deyil. Bakıda yerləşən Milli Onkologiya Mərkəzinin həkimləri qorxuludur. O həkimlər ki, mənim doğmalarımdan birini ölümə düçar etmək istəyirdilər. Faktiki olaraq onun müalicəsindən imtina etmişdilər.
İndi ortaya belə bir sual çıxır. Əgər biz öz xəstələrimizi xaricə aparıb sağaldacağıqsa, onda Milli Onkologiya Mərkəzi üşün büdcədən ayrılan pullar hara xərclənir. Olmaz ki, həmin onkoloji xəstələrə Onkoloji mərkəz üçün nəzərdə tutulmuş puldan yardım ayrılsın. Mən inana bilmirəm ki, onkoloji xəstələrə ayrılmış bütün vəsait xəstələrə sərf edilir. Hətta bu pullar xəstələrə xərclənirsə, onda müalicə adı ilə alınan pullar hara gedir?!! Nə üçün dünya ölkələri ilə müqayisədə bizim ölkəmizdə onkoloji xəstəlikdən müalicə alan xəstələr arasında ölüm halları çoxdur?
Mən 55 ildir ki, jurnalist kimi fəaliyyət göstərirəm. Faşist zindanlarında da, erməni əsirliyində də təmənnasız müalicə olunan insanlara rast gəlmişəm. Amma altı ay müddətində apardığım araşdırma zamanı Bakı şəhərində yerləşən Milli Onkologiya Mərkəzində pulsuz müalicə olunan bir nəfərə də rast gəlmədim. Belə bir insan varsa buyurub əlini qaldırsın. Həmin adamın Ginnesin Rekordlar Kitabına düşmək şansına şübhə etmirəm.
Atababa İsmayıloğlu,
Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü //teref.az//
Oxşar xəbərlər
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət