Axtarış...

NOTARİUS MÜBAHİSƏLİ EV ÜÇÜN "TƏMİZLİK ARAYIŞI" VERİB?





Bildiyimiz kimi, Bakı şəhərində, habelə "ASAN xidmət" mərkəzlərinin yerləşdiyi Azərbaycanın digər inzibati ərazi vahidlərində notariat fəaliyyəti yalnız "ASAN Xidmət" mərkəzlərində həyata keçirilir. Bu məsələ Prezident İlham Əliyevin ötən il yanvarın 17-də imzaladığı "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərmanda əksini tapıb.Amma notariat xidmətinin "ASAN Xidmət" mərkəzlərinə verilməsi fəaliyyətini dayandırmış notariat kontorlarının notariuslarının keçmişdə qol qoyduqları qanunsuzluqların daha araşdırılmayacağı anlamına gəlmir. Quba rayonunun Vladimirovka kənd sakinləri olan qohumlar - Əliyeva İradə Cavanşir qızı, bir ailənin üzvləri olan Əliyeva Günel Sərdar qızı, Əliyev Vəliyulla Sərdar oğlu, Zamanova Sevinc Sərdar qızı Mediatv.az saytının redaksiyasına müraciət edərək bildirmişlər ki, üç il əvvəl həmin kənddə yerləşən və onların ümumi mülkiyyətlərində olan daşınmaz əmlakı - ümumi yaşayış sahəsi 81.1 kv/m, o cümlədən, yaşayış sahəsi 32.3 kv/m, yardımçı sahəsi 48.8 kv/m olan 2 otaqlı fərdi yaşaış evini həmkəndliləri İsrafilova Ülviyyə Əmirbaba qızına 18000 (on səkkiz min) manata satmışlar. Satıcılar və alıcı arasında bağlanmış AN - 1 N: 05647816 nömrəli alqı-satqı müqaviləsi 02.08. 2016-cı il tarixdə Quba rayonu notariat kontorunun xüsusi notariusu Dəmirov Zaur Nizami oğlu tərəfindən təsdiqlənərək Reyestr kitabında 4Ə-1042 nömrəsi ilə qeydə alınıb, satıcılardan 608,25 AZN vergi tutulub. Müqavilənin şərtlərinə görə, alıcı satıcılara 5000 (beş min) manat nağd ödəmiş, qalan 13000 (on üç min) manat məbləği isə 31.12.2016-cı il tarixədək ödəməyi öhdəsinə götürmüşdür.Lakin, alıcı borclu qaldığı pulun 3 (üç) min manatını hələ də ödəməyib. Buna baxmayaraq, notarius müəmmalı şəkildə Ülviyyə İsrafilovaya satın aldığı evə kupça alması üçün tələb olunan vacib sənədi - yüklülüyün olmaması barəsində arayışı ("Forma 1") vermişdir. Bundan sonra Ü.İsrafilova həm evi özəlləşdirmiş, həm də satıcıların xəbəri olmadan onların adlarını evdən qeydiyyatdan da çıxarmağa müvəffəq olmuşdur. Şikayətçilər bildirirlər ki, Quba rayonunun notariat kontoru ləğv edilib, xüsusi notarius Z.Dəmirov deyilənə görə indi paytaxtda işləyir. O üzdən Dəmirovun İsrafilovaya verdiyi "forma-1"-in surətini əldə edə bilməyiblər.İradə Əliyevanın Mediatv.az-a verdiyi məlumata görə o Bakı şəhərində yaşayır və bununla bağlı dəfələrlə Quba rayonuna gedib.Şikayətçi bildirir ki o sənədlərlə tanış olub,heç cürə sənədlərin surətini çıxarmağa müvəffəq ola bilmir. Rayonda notariat xidmətini region üzrə ASAN Xidmət filialı həyata keçirir. Filialdan isə bildiriblər ki, Z.Dəmirovun üç il əvvəl işlədiyi kontorun arxivi onlarda deyil. Məlum alqı-satqı müqaviləsinin şərtlərindən biri də budur ki, tərəflərin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Qohumların məhkəməyə müraciət etmələri üçünsə bir sıra sənədlərlə tanış olmalıdırlar, o cümlədən, həmin arayışın surəti əllərində olmalıdır."Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 7-ci bəndinə görə, xüsusi notarius qanunvericiliyin tələblərini kobudcasına pozmaqla notariat hərəkətləri apardıqda, onun şəhadətnaməsi ləğv edilməklə fəaliyyətinə xitam verilir. Z.Dəmirov dəmir zireh də geysə, bu qanunun təsir dairəsindən kənara çıxa bilməz.

Mediatv.az



Şərh yaz