Axtarış...

Bu təhsil ocağında təhsildən başqa hər şey var... - İDDİA



Bir neçə gün bundan əvvəl aktualxeber.az saytında ”Məktəb direktorunun “moyka biznesi”” və “Biznesmen məktəb direktoru” başlıqlı məqalələr dərc olunmuşdu. Məqalələrdə qeyd etmişdik ki, 244 saylı orta məktəbdə müəllimlər günü münasibətilə, fond pulu və Yəhya Abbasovun icad etdiyi müxtəlif üsullarla valideynlərdən pullar yığılır. Direktor Yəhya Abbasov ona tapşırılan işlərin öhdəsindən lazımi səviyyədə gələ bilmir, üstəlik nazirlikdə rəhbər vəzifə tutan şəxslərdən bir neçəsinin arxasınca danışır. Deyir ki, qohumum Məmməd Bayramov təhsil sistemində vəzifə başında olanda mənə bir söz deyən olmurdu. O, vəzifədən çıxandan məni sıxışdırmağa başlayıblar.
1782 şagirdi olan 244 saylı orta məktəbdə təhsilin keyfiyyəti istənilən səviyyədə deyil, daha doğrusu, günün tələblərinə cavab vermir. Müəllimlərin və şagirdlərin tədris prosesinə göstərdikləri münasibət fərqlidir. Yəni yuxarı sinif şagirdlərinin yetərli hissəsi dərsə davamiyyətli şəkildə gəlmir. Çünki onların əksəriyyəti ali məktəblərə repititor yanında hazırlaşırlar. Qəribədir ki, direktor Y.Abbasov vəziyyətin düzəlməsindən ötrü heç bir tədbir görmür. Əksinə məktəb rəhbəri yuxarı sinif şagirdlərinin dərsdən yayınmasına özünəməxsus formada şərait yaradır. Dərsə gəlmək istəməyən 10 və 11-ci sinif şagirdləri sinif rəhbərlərinin vasitəsilə direktora “şirinlik” verib istəklərini həyata keçirirlər.
Yəhya Abbasov dərs saatlarını müəllimlər arasında düzgün bölüşdürmür. Direktorla yaxın münasibətlərə malik olan müəllimlərin dərs saatı sarıdan problemi yoxdur. Şagirdlərin bilik və bacarıqlarının daha da artırılması məqsədilə orta təhsil ocaqlarında fakultativ dərslər təşkil olunur. 244 saylı orta məktəbdə isə fakultativ dərslər düzgün qaydada təşkil edilmir. Belə ki, direktor həmin dərsləri ya öz, ya da bəzi müəllimlərin adına yazaraq həmin vəsaitləri özünə götürür. Bütün bu işləri müavini Sevinc Süleymanovanın əli ilə edir.
İnanırıq ki, Təhsil Nazirliyinin rəsmiləri 244 saylı orta məktəbdə yaşanan problemləri yerində araşdırıb direktorun barəsində lazımi ölçü götürəcəklər.

Aktualxeber.az


Daha çox xəbər

Şərh yaz