Axtarış...

"Şəmsəddin Xanbabayev istəsə..." - GİLEY



Xaçmaz rayonunun İzmaylovka qəsəbəsinin sakinləri rayon rəhbərliyindən ciddi narazılıq edir. Buna səbəb qəsəbədəki problemlərin həll edilməməsi ilə bağlıdır. KONKRET.az-ın şimal bürsounun əməkdaşı ilə söhbətində sakinlər bildiriblər ki, əgər boğaza qədər yığılmış problemlər yaxın zamanlarda öz həllini tapmasa, onlar Xaçmaz RİH-in qarşısında oturaq aksiya keçirəcəklər.

“Şəmsəddin Xanbabayev istəsə, qəsəbəni gülüstana çevirər. Çünki biz Çənlibel parkının əvvəlki kol-koslu vəziyyətini görmüşük”, – deyə adının çəkilməsini istəməyən sakinlərdən biri vurğuladı.

Qeyd edək ki, qəsəbənin sahibsiz itlərlə dolmuş küçələri qorxulu filmlərdəki epizodları xatırladır. Sakinlər vurğuladılar ki, zülmət küçələrlə işdən evə sağ salamat çatmaq buralarda böyük qəhrəmanlıq sayılır. Qəsəbənin gecələri qədər gündüzlərinin də dərdi çoxdur.

Xaçmazın bu hissəsini yəqin ki, Xaçmazda yaşayanlardan başqa heç kəs tanımır. Çünki Xaçmaza gələn qonaq və ya turistlərin yolu ümumiyyətlə bu qəsəbədən keçmir.

15 minlik əhalinin yaşadığı massivdə bir dənə də olsa işıq dirəyi yoxdur. Pəncərələrdən közərən tək-tük ev işıqları olmasaydı, bu qaranlıq küçələrlə hərəkət etmək mümkün olmazdı.

Yaşayış massivinin mövcud vəziyyəti barədə hətta müəyyən lətifələr də formalaşıb. Bu qəsəbənin sakinləri qəsəbədə AA seriya nişanlı avtomobil görəndə təəccüblə bir-birilərinə belə deyirlər: “Bizim üçün gəlməzlər, ya şadlıq sarayındakı toya gəliblər, ya da torpaq satmağa”. Hətta belə bir kreativ satira da formalaşaraq dillərə düşüb ki, guya rayonda ən az şikayət məktubları məhz bu ərazidən gedir. Rayon rəhbərliyi ona görə də arxayındır ki, qəsəbədə hər şey qaydasındadır.

Qəsəbənin rəsmi adı olmasa da, bura İzmaylovka adlandırılır. Massivin kommunikasiya və yol infrastrukturu qaydasında olsa da, işıqlandırma qədər vacib olan digər kommunal problemləri də mövcuddur. Amma ən başlıca və zəruri problem gecə işıqlandırılması ilə bağlıdır.

Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev problemi qısa zaman ərzində həll edəcəyini söyləsə də, hələ bu günə qədər məsələ öz həllini tapmayıb.

Qeyd edək ki, bu qəsəbənin ən böyük problemlərindən biri də məişət tullantıları ilə bağlıdır. Belə ki, bir müddət bundan əvvəl bəzi ərazilərdə məişət tullantılarının toplanması üçün özüllü tikililər inşa edilmişdi. Buna baxmayaraq, bütün şəhərin tullantıları sonda yenə də bu massivdə yerləşən əraziyə tökülür.(KONKRET.az)



Daha çox xəbər

Şərh yaz