Axtarış...

Uğurlu siyasətin mütərəqqi nümunəsi: mürəkkəb geosiyasi regionda səmərəli inkişaf kursu


Millitv.Az newtimes.az-ın yazısını təqdim edir:

Hazırda dünyanın əksər ölkələrində böhrandan xilas olmağın yolları aranır. Azərbaycan isə sürətli və dayanıqlı inkişafında davam etməkdədir. Müxtəlif beynəlxalq reytinq təşkilatlarının göstəricilərinə əsasən ölkəmiz son 4 ildə daha ciddi uğurlar əldə edib. Həmin göstəricilər müstəqil olaraq Azərbaycanın bütün sferalarda inamla yüksəlişdə olduğunu təsdiqləyir. Dövlət quruculuğunun siyasi, ideoloji, sosial, mədəni, iqtisadi, enerji və digər sferaları üzrə reallaşdırılan proqramlar Azərbaycanın qarşıya qoyduğu məqsədlərə doğru inamla irəlilədiyini nümayiş etdirir. Bu bağlılıqda müxtəlif sahələrə aid olan göstəricilərin müqayisəsi gələcəkdə bu prosesin davam edəcəyini təsdiqləyir. Həmin kontekstdə Azərbaycanın bu il əldə etdiyi nailiyyətlər və gələn il üçün proqnozlaşdırılan göstəricilərin müqayisəsi maraqlı bir dinamikanı ortaya qoyur. Həmin prizmadan Azərbaycanda müşahidə edilən inkişafın müxtəlif aspektlərinin təhlili üzərində geniş dayanmağa ehtiyac gördük.

Sürətli irəliləyiş: Azərbaycanın yüksəliş tempi

Azərbaycan dünyanın sabit və dayanıqlı inkişaf edən ölkələri sırasındadır. Bu proses artıq bir neçə ildir ki, davamlı xarakter alıb. Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, sabit inkişaf tempinə malikdir. Beynəlxalq reytinq təşkilatlarının göstəricilərində həmin proses aydın şəkildə özünü təsdiq edir. Qısaca onlara nəzər salaq.

2017-ci ildə Azərbaycan Dünya Bankının nüfuzlu "Doing Business" hesabatında 65-ci pillədə qərarlaşmışdı. Bir il sonrakı hesabatda 8 pillə yüksələrək 57-ci yerə qalxdı. Bu hesabatda 190 ölkənin biznes mühiti qiymətləndirilmişdi. Əhəmiyyətli idi ki, həmin hesabatda Azərbaycan Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi təqdim edilib. Bir il sonra, "Doing Business 2019" hesabatında isə ölkəmiz 190 dövlət arasında 25-ci yeri tutub. "Doing Business 2020" hesabatında isə Azərbaycan daha 5 pillə irəliləyərək ən islahatçı 20 ölkə sırasına daxil edilib.

Bu hesabatlarda 4 il müddətində Azərbaycanın biznes mühitinin yaxşılaşdırılması, sərmayə qoyuluşu, islahatların aparılması istiqamətləri üzrə inkişaf tempi aydın ifadə edilib. Əgər 2017-ci ildən 2018-ci ilə irəliləyiş 8 pillə olubsa, 2018-ci ildən 2019-cu ilə 32 pillə təşkil edib! 2019-cu ildən 2020-ci ilə isə daha 5 pillə irəliləyiş gözlənilir! Nəzərə almaq lazımdır ki, Azərbaycan dünya iqtisadiyyatı üçün ən mürəkkəb bir mərhələdə bu uğuru əldə edə bilib. Bu məqam Azərbaycan iqtisadiyyatının xarici təsirlərə dayanıqlığını və müstəqil inkişaf tempini saxlamaq iqtidarında olduğunu göstərir.

İqtisadi dayanıqlıq ümumilikdə müasir mərhələdə iqtisadi sistemin perspektivini müəyyənləşdirən faktordur. Çünki ekspertlərin proqnozlarına görə, dünya iqtisadiyyatı yaxın illərdə ciddi resessiyalara məruz qala bilər. Bu cür dayanıqsız və qeyri-müəyyən vəziyyətdə yalnız o iqtisadi sistemlər rəqabətə davam gətirə bilər ki, xarici təsirlərə və riskli situasiyalara qarşı müqaviməti olsun.

Onu deyək ki, dünyanın inkişaf edən ölkələrində artıq proqnozlaşdırılan tənəzzülə qarşı hazırlıq işləri aparılır. Məsələn, Rusiya, Çin və Türkiyə iqtisadiyyatında bu prosesin daha qabarıq getdiyindən yazırlar. Təxmin edilir ki, həmin ölkələrin iqtisadi sistemi gözlənilən risklərdən daha yaxşı sığortalanıb. Şübhəsiz ki, Azərbaycan da bu kateqoriya dövlətlər sırasına daxildir. Bu bağlılıqda maraqlı faktlardan biri də ondan ibarətdir ki, son 16 ildə Azərbaycan iqtisadiyyatına yatırılan 263 milyard dollarlıq investisiyanın 50 faizi xarici sərmayəçilərin payına düşür. Deməli, Azərbaycan iqtisadiyyatı ən etibarlı sistemlər sırasına daxildir. Yəni, burada xarici investorlar üçün əlverişli biznes mühiti yaradılıb.

Bütün bunların fonunda Azərbaycanın 77 Qrupunun (G77) üzvü olması əlamətdardır. Ölkəmiz iqtisadi əməkdaşlığı təşviq etmək yolu ilə bu qurumun dayanıqlı inkişafı təmin etmək istiqamətində fəaliyyətinə geniş şəkildə töhfə verəcək. Bunun üçün Azərbaycan davamlı iqtisadi artımını qoruyub saxlayır. İnsanların həyat standartlarının yaxşılaşdırılması istiqamətində sistemli və davamlı addımlar atılır.

Bu fonda son 15 ildə Azərbaycan iqtisadiyyatında Ümumi Daxili Məhsulun (ÜDM) 3,3, sənaye istehsalının 2,6 dəfə, ixracın 4,7 dəfə, valyuta ehtiyatlarının 24 dəfə artması xüsusi əhəmiyyət kəsb edir. Etiraf etmək gərəkdir ki, bu, mürəkkəb bir geosiyasi regionda yerləşən gənc müstəqil dövlət üçün yüksək göstəricilərdir. Regionda bu templərlə inkişaf edən ikinci bir dövlət yoxdur. Kifayət qədər yüksək inkişaf dinamikası digər ölkələr üçün də nümunə ola biləcək qədər mükəmməldir. Bunu siyasi liderlər də ifadə edirlər.

Azərbaycan rəhbərliyi sosial sahənin inkişafına xüsusi diqqət yetirir. 2019-cu ildə hökumət 4 milyondan çox insanı əhatə edən sosial paket qəbul edib. Azərbaycanın ümumi əhalisinin sayı 10 milyondursa, bu, 40 faiz təşkil edir və yüksək göstəricidir. Bu, son 15 ildə yoxsulluq səviyyəsinin 2004-cü ildəki 49 faizdən 2019-cu ildə 5 faizə endirilməsi fonunda daha aydın dərk edilir. Həmin müddətdə işsizlik səviyyəsi 10,6 faizdən 5 faizə düşüb. Sosial sahədə həyata keçirilən islahatlar proqramları öz bəhrəsini verməkdədir. Bu proses sürətlə davam edir.

İnamla gələcəyə doğru: real nəticələr və nikbin proqnozlar

Azərbaycanda bu il əmək haqları və pensiyaların da əhəmiyyətli dərəcədə artması həmin aspektdə aparılan sistemli işlərin məntiqi nəticəsidir. Gələn ilin büdcə xərclərinin 40,7 faizinin sosial məsələlərə yönəlməsi yuxarıda vurğulanan məqamların işığında son dərəcə sevindirici görünür. Bu, ümumi səviyyədə dövlətin iqtisadi konstitusiyasının sosialyönümlülüyünü bir daha təsdiqləyir.

Azərbaycan hakimiyyəti gələcək nəsillərə keyfiyyətli təhsil və layiqli iş imkanları təklif edir. Bu, gənclərin öz potensialını tam reallaşdırması üçün dövlətin ciddi addımlar atmaqda olduğunu göstərir. Nəzərə alsaq ki, Azərbaycan Avropa ölkələri arasında ən gənc yaş bölgüsünə sahibdir, onda vurğulanan məqamın strateji məzmunu aydın olar. Bu baxımdan Azərbaycan Respublikasının 2019-2030-cu illər üçün yeni məşğulluq strategiyasında 2030-cu il üçün 13 hədəf müəyyənləşdirilməsi ekspertlərin diqqətini çəkib. Onlar real imkanlara əsaslanır.

Məsələn, gənclər arasında işsizliyin azaldılması konkret hədəflərdəndir. Bu sıraya peşə təhsili və təlimlərin yaxşılaşdırılması da daxildir. Sosial-iqtisadi sferada kiçik və orta müəssisələrdə məşğulluğun artırılması məqsədi qarşıya qoyulub. Azərbaycan artıq bütün dünya üçün aktual olan qadınlar, sülh və təhlükəsizlik mövzusunda milli fəaliyyət planını hazırlayıb.

Azərbaycanın 2030-cu il üçün hazırladığı strateji planların işığında Nikol Paşinyanın Ermənistan üçün dediyi 2050-ci il hədəfləri absurd və cəfəngiyatdır. Ermənistanın baş nazirinin vəd etdiklərinin heç bir əsası olmadığından gülünc obyektinə çevrildi. Azərbaycanın hədəfləri isə konkret proqramlar və sənədlərdə ifadə edilib.

Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlər sırasında daxili həmrəylik xüsusi yer tutur. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev bu istiqamətdə çox əhəmiyyətli proqramlar həyata keçiriblər və bu proses indi də davam edir. Nəticədə, Azərbaycanda bütün etnik və dini qruplar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Ölkə rəhbərliyi son illər dialoqun və qarşılıqlı anlaşmanın təşviqinə yönəlmiş bir sıra təşəbbüslər irəli sürüb. Bu təşəbbüslər arasında mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumu çox əhəmiyyətli yer tutur.

Ölkə rəhbərliyi müxtəlif dövlətlərə humanitar və inkişaf yardımları göstərir. Bu, Heydər Əliyev Fondu və Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AIDA) vasitəsilə həyata keçirilir. Onu deyək ki, Cənubi Qafqazın digər ölkələrində analoji funksiyanı yerinə yetirən qurumlar yoxdur.

Bütün bunlarla yanaşı, gələn il üçün nəzərdə tutulan proqramların məzmunu göstərir ki, inkişaf tempi saxlanılacaq. Növbəti il üçün gəlirlər 24,4 milyard manat həcmində proqnozlaşdırılır. Bu, 2019-cu il büdcəsinin gəlirlərindən 1 milyard 316 milyon manat çoxdur. 2020-ci ildə büdcə xərcləri isə 25,6 milyard manat proqnozlaşdırılır. Bu da 2019-cu ildə olan xərclərdən 427,7 milyon manat çoxdur. Deməli, gələn il üçün büdcə gəlirləri xərclərdən təxminən 4 dəfə çox olmalıdır. Yəni Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası makroiqtisadi sabitliyi və maliyyə dayanıqlığını daha da möhkəmləndirəcək.

Proqnoza əsasən, gələn il üçün ÜDM-in real iqtisadi artımı 82,7 milyard manat olacaq. O cümlədən qeyri-neft ÜDM-in artımı 54,2 milyard manat təşkil edəcək. Bu ilin ilk yarısında Azərbaycanın xarici ticarət dövriyyəsi 16,9 milyard dollar olub. Bunun 7 milyard dolları idxal əməliyyatları, 9,9 milyard dolları isə ixracın payına düşüb ki, nəticədə, xarici ticarət hesabında 2,9 milyard dollarlıq müsbət saldo yaranıb.

Gələn il üçün büdcənin sosialyönümlü xərcləri cəmi xərclərin 40,7 faizini təşkil etməlidir. 2019-cu ildə bu rəqəm 33,4 faiz təşkil edib. Konkret olaraq, Azərbaycanda sosialyönümlü siyasət daha da inkişaf etdiriləcək.

Vurğulanan məqamlar onu təsdiq edir ki, Azərbaycan müstəqil dövlət quruculuğu kursunu inamla inkişaf etdirir və bütün sferalarda uğurlar qazanır. Dinamik və dayanıqlı inkişafa nail olan ölkə əminliklə bu yolda yüksəlişinə davam edəcək. Ölkə rəhbərliyinin uzaqgörən demokratik və səmərəli fəaliyyəti sayəsində Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasına daxil olacaq.


Daha çox xəbər

Şərh yaz