Axtarış...

Ceyhun Bayramova SUAL: - Tələbələrə təhsil kreditinin verilməsi niyə yubanır?



Dünyada tələbələrə təhsil kreditinin verilməsi ənənəsi geniş yayılsa da, Azərbaycanda tələbələrin təhsil krediti alması ciddi problemə çevrilib. Ölkəmizdə "Maarifçi" Tələbə Kredit Fondu tələbələrə belə bir imkan təklif edir, amma bu o qədər də geniş tələbə kütləsini əhatə etmir. Odur ki, bu gün ali məktəblərdə ödənişli əsaslarla təhsil alan tələbələrin bir hissəsi təhsil haqqını ödəməkdə çətinlik çəkir. Onların arasında məhz bu səbəbdən universiteti yarımçıq buraxanlar da var.

Bu günlərdə Azərbaycan Dillər Universitetinin ispan filologiyası ixtisası fakültəsinin II kurs tələbəsi Əsədulla Cəfərovun evdən qaçmasının səbəbi də məhz təhsil haqqını ödəməkdə çətinlik çəkməsi ilə bağlı idi. Tələbənin ailəsinin maddi durumu ağır olduğundan iş adamlarından biri Əsədullanın üç illik təhsil haqqını öz üzərinə götürüb.

Qeyd edək ki, hazırda Əsədulla Cəfərovun yaşadığı problemlə üzləşən tələbələrin sayı az deyil. Onlar universitetlərin müəyyən etdiyi müddətə qədər təhsil haqlarının ən azı yarısını ödəməsələr, imtahanlara buraxılmırlar.

Sputnik Azərbaycan tələbələrin qarşılaşdığı bu problemi araşdırmaq məqsədilə onların özləri və ailə üzvləri ilə həmsöhbət olub. Əsədulla Cəfərovun atası Əfqan Cəfərov bildirib ki, kiçik oğlu Dövlət İqtisad Universitetində ali təhsil alır. Ə.Cəfərovun sözlərinə görə, Saatlı rayonundan Bakıya məhz övladlarına ali təhsil almaqda dəstək olmaq üçün gəlib. Paytaxtda kirayədə yaşayan ailə övladlarının təhsili üçün əllərindən gələni etməyə çalışsa da, oğlunun təhsil haqqını ödəməkdə çətinlik çəkdiyini gizlətmir.

Bakı Dövlət Universitetində təhsil alan tələbələr arasında da təhsil haqqını ödəməkdə çətinlik çəkdiklərini söyləyənlər oldu. Adlarının çəkilməsini istəməyən tələbələr kirayədə yaşayaraq təhsil haqqını ödəməyin valideynləri üçün çətin olduğunu gizlətmədilər. Tələbələrlə söhbət zamanı öyrəndik ki, "Maarifçi" Tələbə Kredit Fondundan onlara bu ayın sonundan tələbə kreditlərinin veriləcəyi bildirilib.

Sputnik Azərbaycan "Maarifçi" Tələbə Kredit Fondu tərəfindən təhsil kreditlərinin verilməsində yaranmış ləngimənin səbəbini araşdırıb. Fonddan Sputnik Azərbaycan-a bildiriblər ki, tələbələrə təhsil kreditlərinin verilməsində gecikmə universitetlərdən cavabın gecikməsi ilə əlaqədardır:

"Bizim Fond Azərbaycanda 14 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Tələbələrə təhsil kreditlərinin ayrılması üçün əməkdaşlıq etdiyimiz universitetlərdən razılıqla bağlı bizə təsdiq gəlməlidir. Tələbə kreditlərinin verilməsinə nə vaxtdan başlanılacağını dəqiq demək olmaz. Bu, çox həssas məsələdir. Biz desək ki, gələn aydan başlayacağıq, universitetlərdən o vaxta kimi təsdiq gəlməsə, tələbələr Fonda üz tutacaqlar. Ona görə də biz bu tədris ilində tələbə kreditlərini verməyə nə vaxt başlayacağımızı ancaq təsdiq gəldikdən sonra açıqlaya bilərik".

"Maarifçi" Tələbə Kredit Fondundan onu da bildirdilər ki, hazırda Fonddan kredit ancaq Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universitetində təhsil alan tələbələrə verilir.

Amma bu o demək deyil ki, sadalanan universitetlərdə təhsil alan tələbələr təhsil kreditindən faydalana bilərlər.

Fondun təqdim etdiyi kreditlər üzrə müraciət edən tələbələr müəyyən tələblərə cavab verməlidirlər: "Tələblər ondan ibarətdir ki, tələbə Azərbaycan vətəndaşı olmalı, hazırda Fondun təsisçisi və ya tərəfdaşı olan ali təhsil müəssisələrinin birində təhsil almalı, təhsilini davam etdirməsi üçün maliyyə yardımına həqiqi ehtiyacı olmalı, valideynlərinin və özünün daha əvvəl aldığı kreditlər üzrə defolt hadisəsi baş verməməlidir.
Bu tələblərdən savayı, hər bir elan sessiyası üzrə ayrıca xüsusi tələblər müəyyən olunur. Buraya valideynlərinin illik gəlir həddi, tələbənin yaşı, təhsil dərəcəsi, təhsil növü, kursu, ixtisası, Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG), Akademik borcun mövcudluğu da daxildir. Bu tələblər seçim meyarı rolunu oynayır və Fond tərəfindən təqdim olunan kredit növləri və elan sessiyaları üzrə fərqlənə bilər. Bütün hallarda tələbənin müraciət zamanı yuxarıda qeyd olunan meyarlara cavab verdiyini təsdiq edən müvafiq sənədi təqdim etməsi şərtdir.

Güzəştli kreditlərdən ailə başçısını itirmiş, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, sağlamlıq imkanları məhdud şəxslər yararlana bilərlər. Həmçinin tələbə müraciət zamanı yuxarıda qeyd olunan meyarlara cavab verdiyini təsdiq edən müvafiq sənədi təqdim etməlidir".

Fonddan onu da bildirdilər ki, tələbənin ümumi orta müvəffəqiyyət göstəricisinin 71 və ya daha yuxarı olması da şərtdir. Akademik borcu olanlar isə təhsil krediti üçün Fonda müraciət edə bilməzlər. Bununla yanaşı, tələbənin yaşı maksimum 25 olmalıdır.

O ki qaldı bu kateqoriyalara uyğun gələn tələbələrə kreditlərin verilməsinə, Sputnik Azərbaycan Fondun əməkdaşlıq etdiyi universitetlərlə əlaqə saxlayıb. Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Fonddan onlara məktub gəlib, ancaq hələ ki daxil olan məktuba baxılmayıb. Digər universitetlərdən də buna bənzər cavab verildi. Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyeva Sputnik Azərbaycan-a açıqlamasında dedi ki, məktub universitetə həftəsonu daxil olub: "Məktuba rektor hələ baxmayıb. Yəqin ki, müsbət dəyərləndiriləcək".


Daha çox xəbər

Şərh yaz