Axtarış...

SOCAR-ın timsalında dövlətə qarşı çirkin kampaniya - əslində nə baş verir - TƏHLİL

SOCAR-ın timsalında dövlətə qarşı çirkin kampaniya - əslində nə baş verir - TƏHLİL

Azərbaycanın yerləşdiyi coğrafiya və ərazisinin bir hissəsinin işğal altında olması milli birlik, vətəndaş həmrəyliyini zəruri edən haldır.

Təəssüf ki, bəzən baş verən xoşagəlməz hadisələrdən istifadə etmək istəyənlər cəmiyyətimizin birliyinə xələl vurmağa çalışır, hər fürsətdə buna cəhd edirlər.

Sentyabrın 28-də Binəqədi rayonunda baş verən hadisə də bu qəbildəndir. Belə ki, bir gün əvvəl SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən mühafizə edilən Neft Kəmərləri İdarəsinə məxsus Şirvan-Böyükşor neft kəməri ərazisinin və həmin kəmərə birləşən Binəqədi xəttinin mühafizə zolağının bir hissəsinin zəbt olunduğu, qanunsuz tikili üçün bünovrə işlərinin aparıldığı aşkarlanıb.

Qanunsuz tikinti işləri aparan şəxslərə mühafizəçilər tərəfindən xəbərdarlıq edilib və tikinti dayandırılıb. Qeyd edilib ki, sentyabrın 28-də Təhlükəsizlik İdarəsinin 35 saylı mühafizə komandasının əməkdaşları xidməti ərazini növbəti dəfə yoxlayarkən həmin sahədə qanunsuz inşaat işlərinin davam etdirildiyini aşkarlayaraq ərazini zəbt etməyə cəhd göstərən şəxsə bir daha tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq ediblər:

“Həmin vaxt qanunsuz tikinti aparan şəxsin çağırışı ilə əraziyə toplaşmış, özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən bir qrup şəxs mühafizə komandasının əməkdaşlarını təhqir edərək onlara hücum çəkiblər. SOCAR-ın mühafizəçiləri hücum edən şəxslərə qarşı heç bir zorakılıq tətbiq etmədən, özlərini müdafiə etməyə çalışıb, hadisə yerinə polis əməkdaşlarını çağırıblar”.

SOCAR-ın Qəbul şöbəsində ən həssas münasibət şəhid ailələri, Qarabağ əlilləri və qazilərinə göstərilir

Təəssüf ki, qarşıdurma nəticəsində xəsarət alanlar olub.

Məsələdə hədəf kimi göstərilən SOCAR-a gəlincə, Dövlət Neft Şirkətinin qapısı cəmiyyətin bütün üzvlərinin, o cümlədən Qarabağ əlillərinin, qazilərinin üzünə açıqdır. Hər gün Dövlət Şirkətinin Qəbul şöbəsində onlarla insanın müraciətləri qəbul olunur. Həmin şəxslərin içərisində ən həssas münasibət məhz şəhid ailələri, Qarabağ əlilləri və qazilərinə göstərilir.

Heç kimə sirr deyil ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda şəhid olmuşların ailə üzvlərinə və yaralanan şəxslərə qayğı, diqqət vacibdir. Necə ki, qayğı və diqqət göstərilir də! Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ölkədə 50 min 978 nəfər Qarabağ müharibəsi veteranı var.

Dövlət Sosial Müdafiə Fondu bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən hazırda 12 minə yaxın şəxs (Qarabağ müharibəsi iştirakçısı) əmək pensiyası alır.

Cari ildə də şəhid ailələrinə və Qarabağ müharibəsi qazilərinə mənzillər və avtomobillər verilib.

Şəhid ailəsinə və Qarabağ müharibəsi veteranın sosial qayğıları həssas məsələdir. Yaşayış şəraitlərinin yaxşılaşdırılması üçün addımlar atılır. Lakin ən xırda etiraz olarkən belə, Azərbaycanda təxribat törətmək istəyənlər və ya törətmək istəyən qüvvələr ilk növbədə onların ortaya çıxan kiçik problemlərindən sui-istifadə edirlər.

Şəhid ailələri və qazilər kənar qüvvələrin Azərbaycanı qarışdırmasına imkan verməzlər!

Qarabağ qazilərinin ictimai birlikləri var. Onların problemləri bir qayda olaraq həmin qurumlar tərəfindən qaldırılır və ya ictmailəşdirilir. Bu zaman heç bir qarşıdurma yaranmır. Bu zaman məsələnin həlli asanlaşır, nəticə isə cəmiyyətin möhkəmlənməsinə xidmət edir. Şəhid ailələri və veteranların problemlərinin həlli ilə bağlı yersiz qalmaqal isə cəmiyyətdə aqressivliyin artmasına səbəb olur. Nəticədə dəyərlər ucuzlaşır.

Bu insanlar öz canlarını Azərbaycan ərazisinə soxulan kənar qüvvələrdən təmizləmək uğurunda mübarizədə əsirgəməyib. Belə olan halda heç şübhəsiz şəhid ailələri və qazilər kənar qüvvələrin Azərbaycanı qarışdırmasına imkan verməzlər. Xarici qüvvələrin torpaqları zəbt etməsi və cəmiyyəti parçalaması hər ikisi təcavüzdür. Odur ki, cəmiyyətimizin bu şərəfli üzvləri uğurunda döyüşdükləri Azərbaycana istənilən şəraitdə müdaxilə etmək, ölkədə sabitliyi pozmaq istəyən kənar qüvvələrə həmişəki kimi yerlərini göstərəcəklər.

Müsbət tendensiya kimlərisə narahat edir...

Sosial müdafiə məsələləri üzrə ekspert Elman Babayev "Report"a açıqlamasında deyib ki, Azərbaycanda torpaq, Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksələnlər, bu yolda sağlamlıqlarını itirənlər ölkənin birinci şəxsi səviyyəsində həmişə dəstəklənib, onlara dövlət qayğısının göstərilməsi üçün müvafiq addımlar atılıb.

Onun sözlərinə görə, dövlətin həyata keçirdiyi sosial siyasətə diqqət edilsə, burada şəhid ailələrinə, Qarabağ müharibəsi iştirakçılarına qayğının xüsusi çəkiyə malik olduğunu görünər: "Vurğulamaq yerinə düşər ki, cari ildə Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 300 manata çatdırılıb, müharibə əlilləri üçün də sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. İndiyədək müharibə əlillərinə 6521 minik avtomobili verilib.

Bu vaxta qədər 6828 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunub. Qarabağ müharibəsi əlillərini təmsil edən təşkilatların dövlət quqrumları ilə səmərəli əməkdaşlığı qurulub. Qaldırılan məsələlər araşdırılır, həll olunur. Bunun özü olduqca müsbət bir tendensiyadır və görünür bu, kimlərisə narahat edir".

Ekspert vurğulayıb ki, son günlər SOCAR-ın timsalında dövlətə qarşı çirkin bir kampaniya aparılır: "Baş verənləri hakimiyyətə qarşı siyasi mübarizə alətinə çevirənlər bu kateqoriyadan olan şəxslərə real münasibəti qaralamaqla məşğuldurlar. Tükənmiş siyasi müxalifət vəziyyəti maksimum qabartmaq və hakimiyyəti bu metodla nüfuzdan salmaq xətti götürüb. SOCAR Azərbaycanın brendi və dünyada tanınan ən nöyük şirkətidir.

Bu gün sosial müavinətlərin, pensiya və maaşların artırılmasında neft sektorunun, o cümlədən də SOCAR-ın rolu danılmazdır. Şirkətin qazancı, əldə etdiyi gəlirlər həm də müharibə veteranlarının sosial təminatının yaxşılaşdırılmasına şərait yaradır. Son baş verən hadisələrə yanaşarkən unudulmamalıdır ki, bəzi şəxslərin öz statusundan sui-istifadə edib qanunları pozması yolverilməzdir".

E.Babayev qeyd edib ki, vaxtilə bəzi təşkilatlar veteran, əlil adı altında qanunsuz şəkildə dövlət mülkiyyətini zəbt edir, hakimiyyət orqanlarının, şirkətlərin, iş adamlarının fəaliyyətinə ciddi əngəl yaradırdılar: “Buna görə də həmin dövrdə dövlət bu məsələyə müdaxilə etdi, özbaşınalığa və sui-istifadə hallarına son qoyuldu, hamının qanun tələblərinə riayət etməli olduğu göstərildi.

Ən əsası o məsələyə diqqət edilməlidir ki, bəzi siyasi qruplar, fəalların bu məsələdən istifadə edərək dövlətə, SOCAR-a qarşı kampaniya təşkil etməsi, özlərini guya həssas təbəqədən olan bu şəxslərin haqlarının müdafiəçisi kimi təqdim etməsi, sırf onların siyasi maraqlarına xidmət edir. Əslində isə bu şəxsləri imtiyazlı təbəqənin ehtiyacları və s. bu kimi məsələlər maraqlandırmır. Dəbdəbəli həyat tərzinə malik müxalifət liderlərindən hansını Qarabağ müharibəsi əlilinin yanında olduğunu, onun qayğısına qaldığını görmüsünüz? Bu qayğını təmin edən dövləti, onun strukturların haqlı-haqsız ləkələmək isə heç kimə başucalığı gətirmir”.

Qanunsuz tikililər

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Report”a bildirib ki, qanunsuz tikililərin alqı-satqısının qarşısının alınması üçün çox ciddi islahatlar aparılmalıdır və qanunvericilikdə dəyişikliklər edilməlidir: “Bakı və Abşeron ərazisində, Respublikanın digər yerlərində mühafizə zolaqlarına və aktiv mədən ərazilərinə düşməyən tikililər sənədləşdirilməlidir. Rayon icra hakimiyyətlərinin qarşısına qanunsuz tikililərə icazə verilməməsi ilə bağlı tələb qoyulmalıdır”.

O vurğulayıb ki, dövlət torpaqlarının satın alınması və zəbt edilməsi qanunvericiliklə qadağan edilib: “Hətta burda cinayət tərkibi yaradan məsələlər də var. Hesab edirəm ki, qanunsuz tikililərlə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq cəza tədbirləri həyata keçirilərsə, vətəndaşlar da bu torpaqları almaqdan çəkinəcəklər. Eyni zamanda, rayon icra hakimiyyətlərinin bu cür torpaqlarda qeyri-rəsmi icazələrin verməsi məsələsi də daha aktualdır. Bu kimi halların qarşısı alınmalıdır. İcra hakimiyyətləri qəti şəkildə həmin torpaqlarda tikintilərin qarşısını alsalar, ciddi qadağa tətbiq etsələr vətəndaşlar həmin torpaqları almaqdan yayınacaqlar”.

Əmlak məsələləri üzrə ekspert vurğulayıb ki, vətəndaşlar çıxarışı olmayan torpaq sahələrini, ümumiyyətlə daşınmaz əmlak obyektlərini almaqdan çəkinməlidilər: “Evin çıxarışı yoxdursa, vətəndaşın həmin ev üzərində mülkiyyət hüququ tanınmır. Yəni, hüquqlarının tanınması üçün qeydiyyat sənədləri vacibdir. Bununla da vətəndaşın mülk üzərində səlahiyyəti olmur”.

R.Osmanlı qeyd edib ki, bəzən sənədli daşınmaz əmlakla sənədsiz daşınmaz əmlakın satış qiyməti arasında fərq olur: “İnsanlar isə sənədi olmayan daşınmaz əmlakının daha ucuz qiymətə olmasına görə, bu cür mülkləri satın alırlar. Ancaq sonradan xərclədiyi vəsait mülkü alarkən xərclədiyi vəsaitdən qat-qat çox olur. Yəni, itkiləri qazanclarından daha çox olur. Bu kimi hallara diqqət etmək lazımdır. Həmçinin, kənd təsərrüfatı təyinatlı torpaqları da almaqdan çəkinmək lazımdır”.


Daha çox xəbər

Şərh yaz