Paşinyan doğru yolu bula bilmir, inqilabçı baş nazirin nüfuzu ölür... - TƏHLİL

Paşinyan doğru yolu bula bilmir, inqilabçı baş nazirin nüfuzu ölür... - TƏHLİL
Ermənistanın baş naziri Nikol Paşinyan işğalçı ölkənin yeni rəhbəri qismində ikinci dəfə BMT tribunasından çıxış edib. Bu, təşkilatın Baş Məclisinin toplantısı çərçivəsində reallaşıb. Xatırladaq ki, keçənilki çıxışında o, guya Azərbaycanın sülhdə maraqlı olmadığını bəyan etmişdi. “Yeni Müsavat”ın məlumatına görə, bu dəfə də möcüzə baş verməyib.

Ondan başlayaq ki, “inqilabçı” baş nazir budəfəki çıxışında Rusiyanı Ermənistanın əsas strateji tərəfdaşı və müttəfiqi adlandırıb. Sitat: “Rusiya bizim əsas strateji tərəfdaşımız və müttəfiqimizdir. Gürcüstan və İran strateji qonşularımızdır”.

Paşinyan Ermənistanın öz dostları və müttəfiqləri arasındakı fikir ayrılığını narahatlıqla izlədiyini bildirib və bunun nəticəsində “bəzi dostların Ermənistanı doğru anlamayacağından narahat olduğunu” deyib. Eyni zamanda Türkiyənin Ermənistan və erməni xalqı üçün ən böyük təhdid və təhlükə olduğunu söyləyib.

Qarabağ məsələsinə gəlincə, “Yeni Müsavat” xəbər verir ki, işğalçı ölkənin rəhbəri yenə həyasızcasına Azərbaycanı ədalətli sülhdə maraqlı olmamaqda ittiham edib, dünya birliyinin diqqətini işğal faktından və BMT TŞ-nin Dağlıq Qarabağa dair 4 məlum qətnaməsindən yayındırmağa çalışıb.

“Mən Azərbaycan prezidenti İlham Əliyevi təklif etdiyim formulu qəbul etməyə və Qarabağ probleminin nizamlanmasında tərəqqi üçün şərait yaratmağa çağırmışam. Bu məsələnin istənilən həlli Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır. Biz bu formulu həyata keçirmək üçün bir yerdə işləməliyik”, - deyə o qeyd edib.

Erməni baş nazir Qarabağ münaqişəsinin dinc həllinin regionda stabillik və təhlükəsizlik üçün həlledici əhəmiyyət daşıdığını vurğulayıb və ölkəsinin bu yöndə guya hansısa addımlar atdığını söyləyib. Ardınca gileylənərək deyib: “Azərbaycanın ali hakimiyyəti öz köhnə mövqeyində qalır və bu mövqe də odur ki, konfliktin həlli müstəsna olaraq Azərbaycan xalqı üçün məqbul olmalıdır. Bu, nə deməkdir? Bu, o deməkdir ki, Azərbaycan hakimiyyəti münaqişəni həll eləmək istəmir. Bunun əvəzində onlar Dağlıq Qarabağ ”xalqına" (dırnaqlar bizimdir - “YM”) qalib gəlmək istəyirlər. Onlar heç bir kompromisə getmək istəmirlər".

*****

Çıxışdakı ən absurd məqam da elə budur. Azərbaycan hansı kompromisə getməlidir ki, Dağlıq Qarabağ “xalqı” və Ermənistan xalqı məmnun qalsın? Öz torpaqlarını öz torpaqlarına dəyişməyə razılıqmı verməlidir? Ya bəlkə Dağlıq Qarabağda nəticəsi bəri başdan bəlli olan öz müqəddəratını təyinetmə üçün referenduma razı olmalıdır?

Nikol Paşinyanın, eləcə də digər erməni rəsmilərinin dediklərindən isə belə anlaşılır ki, onlar konfliktin həllini məhz ölkəmizin ərazi bütövlüyü çərçivəsində, ümumən beynəlxalq hüququn prinsipləri əsasında yox, sırf hələ bitməmiş Qarabağ müharibəsinin nəticələri əsasında görürlər. Bundan kənar bütün variantları Bakının qeyri-konstuktivliyi kimi təqdim edirlər.

Azərbaycan təbii ki, heç vaxt buna getməyəcək. Çünki öz əraziləri ilə siyasi alverə razı olmayacaq. Demək, Dağlıq Qarabağ “xalqı”nı da, Ermənistanı da konfliktin həlli Paşinyanın təsəvvür etdiyi şəkildə qane edə bilməz. Azərbaycan prezidenti Paşinyanla necə sülh üçün birgə işləyə bilər ki, əgər bu birgə fəaliyyəti düşmən tərəf sırf Dağlıq Qarabağı ya müstəqil olması, ya da Ermənistana birləşdirilməsi kimi təsəvvür edirsə?!

Beləcə, Ermənistan rəhbəri BMT-dəki çıxışı ilə bir daha böyük sülhdən nə qədər uzaq düşdüyünü və sələfləri kimi yanlış yolda olduğunu nümayiş etdirdi. Elədirsə, Nikol Paşinyanın bölgəyə arzuladığı sabitlik və təhlükəsizlik hələ bir müddət də əlçatmaz olacaq.

Yeri gəlmişkən, “Münaqişə Dağlıq Qarabağ üçün də məqbul olmalıdır” fikri separatçı rejimin konfliktdə guya üçüncü tərəf olduğunu və birbaşa danışıqlara qoşulmalı olduğunu, Ermənistanın isə guya Azərbaycana qarşı torpaq iddiasında olmadığı rəyini dünya birliyinə sırımaq, işğal faktını, BMT qətnamələrini arxa plana keçirmək üçün növbəti hiyləgər gedişdir.

*****

Beləliklə, Paşinyanın BMT tribunasından söylədiklərindən ən azı, 2 mühüm qənaət hasil olur: 1. İrəvan ABŞ-da və ABŞ-ın özünə aydın şəkildə işarə verir ki, Ermənistan Vaşinqtonun, Qərbin gözləntilərinə rəğmən, Rusiya orbitindən uzaqlaşmağa hazırlaşmır və Kremlin vassalı olaraq qalır; 2. Ondan Qarabağ məsələsinin həllində konstruktiv mövqe gözləmək əbəsdir. Başqa sözlə, müharibə variantı önə çıxır...

Paşinyanın Rusiyaya içdiyi növbəti sədaqət andına gəlincə, bu andın prezident Vladimir Putinin İrəvana gəlişinə sayılı günlər qalmış verilməsi xüsusi diqqət çəkir. Məsələ ondadır ki, səfər zamanı Rusiyanın öz satellitinə satdığı təbii qazın qiyməti də müzakirə olunacaq. Bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.

Nəşr az öncə Rusiya hökumətinin yaxın vaxtlarda Ermənistana xoşagəlməz sürpriz hazırlaya biləcəyini xəbər vermişdi. “Onlar qaz tariflərini qaldırmaq istəyirlər, bu dəfə həm də Ermənistan əhalisi üçün. Qiymətlər 30 faizə qədər qalxa bilər, artımın davam etməsi də istisna deyil”, - deyə “Joxovurd” qeyd edib.

Təbii qazın bahalaşması isə sövq-təbii zəruri ərzaq məhsullarının, gündəlik tələbat mallarının da bahalaşmasına gətirəcək. Bunun ardınca Paşinyana inamın kəskin enəcəyi şübhə doğurmur. Qış mövsümü ərəfəsində Nikolun Rusiyadan bərk yapışmasının bir nədəni də elə budur.

Söz düşmüşkən, baş nazirin nüfuzu son vaxtlar sürətlə enməyə başlayıb. Bunu digər erməni nəşri “Qraparak” qəzeti yazıb (Virtualaz.org ). Belə ki, sosial şəbəkələrdə hökumət başçısının vətəndaşlar arasında nüfuzunu müəyyən etmək üçün rəy sorğusu keçirilib. Sorğu nəticəsində məlum olub ki, Paşinyanın reytinqi 25%-ə düşüb. “Hakimiyyətdaxili istifadə məqsədilə keçirilən gizli sosioloji sorğuda bu rəqəm çoxluq təşkil edib. Bir ay əvvəl keçirilən sorğunun nəticələrinə əsasən, Paşinyanın reytinqi 45 faizədək düşüb. Sorğu onun ABŞ-a səfərindən və güc strukturları başçılarının istefasından əvvəl keçirilib”, - məlumatda bildirilir.

Əlavə edək ki, bu ilin aprelində ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Ermənistanda keçirdiyi rəy sorğusu Paşinyanın reytinqinin ilk dəfə prezident Armen Sərkisyanın populyarlığından aşağı düşdüyünü üzə çıxarmışdı - müvafiq surətdə 54% və 61%. Onu da əlavə edək ki, 2018-ci il dekabrın 9-da Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” bloku 70,43 faiz səs toplayıb...
“Yeni Müsavat”
Oxşar xəbərlər
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət