Axtarış...

Fuad Qəhrəmanlı həbs edilə bilər - ailəsi şikayətçi olsa...

Fuad Qəhrəmanlı həbs edilə bilər - ailəsi şikayətçi olsa...

Meydan TV-nin sabiq rəhbəri Emin Milli AXCP sədrinin keçmiş müavini, ailə üzvlərinə fiziki təzyiqə görə bugünlərdə müzakirə obyektinə çevrilən Fuad Qəhrəmanlının həbs olunmasını tələb edib.

“Yeni Müsavat” xəbər verir ki, E.Milli bu adamlarla demokratiya qurmağın mümkünsüzlüyünü qeyd edib.

Sitat: “Həyat yoldaşını və öz qızını illərlə döyən, sümüklərini sındıran siyasətçi həbs olunmalıdır. Bunu bilib və belə siyasətçini müavin kimi saxlayan ”demokrat" siyasətçi istefa verməlidir, əgər aparılan mübarizə demokratiya və azadlıq dəyərləri uğrundadırsa.

Yalnız Fuad bəyin istefası ilə kifayətlənənləri isə anlaya bilmirəm. Nə uğrunda mübarizə aparırsınız? Siz AXCP üzvlərinin, Əli Kərimlinin, onun müavinlərinin bu hadisəyə reaksiyalarını oxuyursunuz?
Onlar Fuad Qəhrəmanlını bu gün də müdafiə edirlər, döyülənləri təhqir edirlər, haqq sözünü deyənləri təhqir edirlər və hədələyirlər".

E.Milli daha sonra “Bunlarla birlikdə demokratiya quraq deyirsiniz?” deyə sual verib: “Bunlarla yalnız totalitar rejim qurmaq olar, hamınız da güllələnərsiniz, asılarsınız o rejimə qarşı çıxsanız.

Selcanı müdafiə etdiyim statusu 1700 nəfər bəyənib, amma 800 şərh sırf AXCP trollarının söyüşləridir, təhqirləridir, hədələridir.

Sonra Erkin deyəndə ki, “demokratiyaya hazır deyilik” inciyirsiz ondan, elə Altay bəy kimi.

Amma AXCP-nin YAP-dan daha yaxşı olduğunu düşünürsünüz və özünüzə rahatlıqla liberal da, demokrat da deyə bilirsiniz.

Sadəcə, istəyirəm ki, özümüzə sual verək ki, biz nə uğrunda mübarizə aparırıq, bu mübarizəni kimlərlə, hansı resurslarla aparırıq və strategiyamız və planımız nədir".

E.Millinin F.Qəhrəmanlının həbsini tələb etməsi reallaşa bilərmi? Onun ailəsinə şiddət göstərməsinə görə mühakimə edilməsi, məsuliyyətə cəlb olunması mümkündürmü? Qanunlar nə deyir?

Bununla bağlı “Yeni Müsavat”a danışan, adının çəkilməsini istəməyən hüquqşünas bildirdi ki, əgər şikayət olsa həmin şəxs barəsində araşdırma başlana bilər. Hüquqşünasın sözlərinə görə, zərərçəkən tərəfin şikayəti olmadığı halda hansısa yayılan foto və video əsasında araşdırma aparılmır: “İşgəncəni qiymətləndirmək üçün onun növü tanınmalıdır. Cinayət Məcəlləsində işgəncə ilə bağlı maddə var. Bu maddə üç müddəadan ibarətdir və 2 ildən 11 ilə qədər həbsi nəzərdə tutur. Amma işgəncənin hansı dərəcəli olduğuna istintaq qiymət verməlidir”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə qəzetimizə dedi ki, son hadisələr ölkədə ailədaxili məsələlərin dəhşətli vəziyyətdə olduğunu göstərdi.

M.Zeynalovanın fkrincə, qadın hüquqlarına ictimai rəy müsbət deyil: “Biz gördük ki, qadın hüquqlarının vəziyyətinə ağlamaq lazımdır. Belə çıxır ki, təzədən mübarizəyə başlamalıyıq? Kişilər qadın hüquqlarını tanımaq istəmirlər, aqressivdirlər. Hətta qadınlardan da bu hadisələrdə onları dəstəkləyənlər oldu. Kişilər tərəfindən feminizm pis formada təqdim olunur. Feminizm kişi qadın bərabərliyidir. Bu, Azərbaycan konstitutsiyasında var, amma kişilər qanuna qarşı çıxırlar.

Bütün bu müzakirələr göstərdi ki, narahatlıq doğuran mənzərədir. Çünki qadına münasibət pisləşib".

Hüquq müdafiəçisi qeyd etdi ki, indi psixoloji zorakılıq halları daha çoxdur: “Bunu da polis qeydiyyata ala bilmir, çünki xəsarət yoxdur.

Ancaq bir müsbət dəyişiklik var ki, əvvəl mental məsələyə görə polis ailədə zorakılıq varsa, müdaxilə edə bilmirdi, daxili işlərinə qarışmaq kimi qiymətləndirilirdi. İndi polis nəzarətə alır, təhlükəsizliyini təmin edir, sığınacaqlara göndərir. Ötənlərlə müqayisədə xeyli irəliləyiş var.

Eyni zamanda məhkəmələrin tərəflərə 3 ay müddət verməsi təhlükəlidir. Qanunvericiliyə dəyişiklik, əlavələr daxil edilməlidir. Çünki 3 ay uzatmaq yeni təhlükə yaranmasına gətirib çıxarır. Kiməsə 1 il müddət verilməsi normal ola bilər, lakin əksəriyyət üçün 3 ay yeni təhlükə dövrüdür".

Azərbaycanda 2010-cu ildən qüvvədə olan “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun var.

Bu qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərərçəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.

Qanunun 10-cu maddəsi zərərçəkmiş şəxslərə mühafizə orderinin verilməsini nəzərdə tutur. Zərərçəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər.

“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun 2010-cu ildə qüvvəyə minsə də, zərərçəkmiş şəxsə mühafizə orderinin verilməsi ilə bağlı müddəa 2 il işləmədi. Çünki “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”nı Nazirlər Kabineti yalnız 2012-ci ilin fevralında qəbul etdi.

Qaydaya əsasən uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizəyə məhkəməyə təqdim olunduqdan 3 gün müddətində baxılmalıdır.

2018-ci ildə 915 qadın, 306 kişi məişət zorakılığından zərər çəkib. Ötən il məişət zorakılığı cinayətləri nəticəsində 56 nəfər qəsdən öldürülüb.

Həmin şəxslərin 42-si qadın olub. Bununla yanaşı, belə cinayətlər zamanı 26-sı qadın olmaqla, 30 nəfəri öldürməyə cəhd göstərilib.

2018-ci ildə məişət zorakılığı cinayəti nəticəsində 2 nəfər özünü öldürmə həddinə çatdırılıb ki, onların ikisi də qadın olub.

Məişət zorakılığı cinayətləri nəticəsində zərərçəkənlərin çoxunun - 947-nin (729-u qadın olub) sağlamlığına qəsdən yüngül zərər vurulub.

Zərərçəkənlərin 80-i qadın olmaqla isə 119 nəfərin sağlamlığına qəsdən az ağır, 22-si qadın olmaqla, 45 nəfərin sağlamlığına qəsdən ağır zərər vurulub.

Ümumilikdə 2018-ci ildə törədilmiş cinayətlər nəticəsində 7 304 nəfər xəsarət alıb. Onların 2 339-u qadın olub. Xəsarət alanların 234-ü (166 oğlan, 68 qız) uşaqlardır.
“Yeni Müsavat”



Şərh yaz