Axtarış...

Bakıda “Qədim Avropaya səyahət” adlı konsert proqramı təqdim olunub



Sentyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında “Qədim Avropaya səyahət” adlı konsert təşkil edilib.

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan konsertdə “D`accordo” barokko musiqi ansamblı çıxış edib.

Konsertdən əvvəl AZƏRTAC-a müsahibə verən ansamblın təsisçisi və bədii rəhbəri İlahə Sadıqzadə deyib ki, “D`accordo” barokko musiqi ansamblı 2016-cı ildə yaradılıb. Ötən müddət ərzində ansambl geniş repertuarı mənimsəməyə nail olub. Bu repertuara 40-dan çox Qərbi Avropa barokko və renessans dövrünün bəstəkarlarının əsərləri daxildir. Bununla yanaşı, ansamblın repertuarında ölkəmizdə az tanınan və heç bir zaman ifa edilməyən əsərlər də yer alıb.

Onun sözlərinə görə, “D`accordo” barokko musiqi ansamblı Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən təşkil edilən “Gənclərə dəstək” layihəsində iştirak edib. Eyni zamanda, ölkənin müxtəlif festivallarında uğurlu çıxışları ilə yadda qalıb. 2018-ci ildə ansambl Sankt-Peterburq şəhərində keçirilən “Silver Lure” Beynəlxalq Kamera Musiqi Festivalında uğurla çıxış edib.

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında artıq ikinci ildir ki, iştirak etdiklərini söyləyən İlahə Sadıqzadə bildirib ki, ansamblın heyətində gənc və peşəkar musiqiçilər yer alıb. Onun sözlərinə görə, yaxın zamanlarda tamaşaçılar “D`accordo” musiqi ansamblının heyətində Azərbaycanın klassik musiqi alətlərini də görə biləcəklər. Artıq bu istiqamətdə iş aparılır.

Ansamblın təsisçisi və bədii rəhbəri bildirib ki, “D`accordo”nun təqdimatında səslənən XVI-XVII əsrlərə aid Avropa bəstəkarlarının əsərləri dünyada çox yüksək səviyyədə dinlənilir. Çalışırıq ki, Azərbaycanda da bu əsərlər tanınsın və sevilsin. Yaxın gələcəkdə ansamblın repertuarında Azərbaycan bəstəkarlarının əsərlərinə də xüsusi yer ayrılacaq.

Sonra “D`accordo” barokko musiqi ansamblının ifasında Bokkerini, Sammartini, Ramo, Teleman və başqa bəstəkarların əsərləri səsləndirilib.

Qeyd edək ki, sentyabrın 30-dək davam edəcək Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalında Azərbaycan, ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri çıxış edir. Festival günlərində paytaxtın bir sıra konsert salonlarında 40-a yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.


Daha çox xəbər

Şərh yaz