Axtarış...

KTMT ilə bağlı yeni söhbətlər nə məsələdir? - TƏHLİL

KTMT ilə bağlı yeni söhbətlər nə məsələdir? - TƏHLİL

Əvvəlcə ondan başlayım ki, oktyabırn ilk günlərində İrəvana təkcə Rusiya prezidenti yox, İran prezidenti də səfər etməlidir –Vladimir Putin oktyabrın 1-də (əgər gəlsə!), Həsən Ruhani isə ayın 2-də bu ölkəyə gəlməlidir.

Rusiya prezidenti Ermənistana niyə gəlir və öz səfərini hansı tələblərlə şərtləndirir, bu, artıq hamıya bəlli məsələdir.
Ruhaninin səfərinə gəlincə, heç bu da az maraq kəsb edən məsələ deyil – ermənilər onu da Avrasiya İqtisadi Birliyinin tədbirinə qatmaq istəyirlər, belə ki, bunların hələ Serj Sarqsyanın dövründən sərsəm bir ideyaları var: Tehranı da Avrasiya Birliyinə cəlb etmək və bununla da regionun geoiqtisadi arxitekturasında “inqilabi dəyişiklik” etmək...

Bu sərsəm “plan”lar haqqında o qədər çox eşitmişik və oxumuşuq ki, əslində burada bu məsələyə heç toxunmazdıq da, sadəcə, ermənilərin dirijorluğu ilə təzədən bir məsələ yenə də gündəmə gəlib: guya bizim Azərbaycan da KTMT–də (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında) təmsil olunmağa, özü də “müşahidəçi dövlət” statusu ilə təmsil olunmağa hazırlaşır.

Təbii, bu xüsusda təkcə ermənilər açıqlamalarla çıxış etmirlər, ruslar özləri də mütəmadi olaraq buna bənzər bəyanatlar verirlər ki, bu da heç təəccüblü deyildir. Amma bizə elə gəlir ki, erməni xoruna elə də diqqət kəsilməyin bir mənası yoxdur, çünki bunların iştahı haqqında bir azacıq əvvəldə yazdıq –bunlar İran kimi qos-qoca bir dövləti də keçmiş sovet respublikalarından birinə çevirib öz məzarlıqlarına – Avrasiya İqtisadi Birliyinə qatmaq istəyirlər.

Düzdür, bu cür söhbətlər birinci dəfə səslənmir. Əslində daha dəqiq analiz üçün bu “müşahidəçi ölkə” statusunu bir yaxşıca araşdırmaq lazımdır, amma məsələni ciddi saymadığımızdan doğrusu, buna tənbəllik etdik.

Burada rusların məqsədi tamam aydındır: bunlar keçmiş sovet ərazisində öz hərbi - siyasi nüfuzlarını bərpa etmək niyyətlərindən əl çəkmirlər. Azərbaycanda da buna maraq göstərənlərin məqsədi bəllidir – bizim bəzi qardaşlarımız düşünürlər ki, əgər KTMT və Avrasiya Birliyinə qatılsaq, o halda Rusiya Dağlıq Qarabağı bizə qaytarar...

Vaxtilə bu məsələlərdən o qədər yazmışıq ki, bir daha təkrarlamaq istəmirik, sadəcə, bircə onu deyək ki, boş xəyallardır: biz də vaxtilə bu Müqavilənin iştirakçısı (Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilata çevrilənədək) olmuşuq, Gürcüstan isə bizdən də çox olub, amma o vaxt nə Dağlıq Qarabağ problemi həll olundu, nə də Abxaziya və Cənubi Osetiya problemləri! Odur ki, adam bu haqda ciddi bir şey yazmağa hətta ehtiyac belə duymur – eyni sözü nə qədər demək olar? Ən əsası və təəccüblüsü odur ki, biz hər şeyin dönməzliyindən danışırıq, amma yenə də “mövsümü külək”lərə öz həssaslığımız itirmirik, bəziləri isə ölkəni az qala, flüger kimi o tərəf –bu tərəfə fırlatmaq istəyir: belə olmur, əzizlərim, əgər “Bloklara qoşulamayan ölkə” statusunu qəbul etmişiksə, dünyanın 100 – dən artıq dövlətini buna inandırmışıqsa, gəlin vədimizə xilaf çıxmayaq və elə bloklara qoşulmayan bir ölkə kimi də qalaq...

O ki qaldı Ermənistanın çabalarına, bu, İrəvana ayrılan roldur: o, bizi daim Rusiyanın ağuşuna atmağa çalışacaq. Burada illər öncə bir adi insanın məzəli bənzətməsi yadıma düşür. Neçə illər bundan əvvəl bir nəfərlə metronun “Sahil” stansiyası yanındakı parkda oturub Dağlıq Qarabağ problemindən danışırdıq. Böyrümüzdə bir ahıl kişi də oturmuşdu. Biz ona məhəl qoymadan söhbətimizi edirdik. Birdən kişi qayıtdı: “Bala, bu Ermənistan bizi Rusiyaya “ərə verəndən” sonra özü Moskvadan boşanacaq, mükafatı da Dağlıq Qarabağ olacaq”...

İndi nədənsə o ahıl kişinin sözlərini xatırladım: əlbəttə, bunu daha çox dilxoşluğu, sizin kefinizi açmaq istədim. Amma adi insanların məsələlərə yanaşmaları orijinal olduğu qədər də maraqlı olur və burada həqiqətən də düşünüləsi məqamlar tapılır...

Səxavətli Rusiyanın Dağlıq Qarabağı bizə qaytarmasına gəlincə, bu yaxınlarda Kiyevlə Moskva arasında əsir və girovların dəyişdirilməsi prosesini izləyəndə bəzi detallar diqqətimi cəlb etdi. Hələlik, ortada bir “Ştaynmayer formulu” var və bunu Almaniyanın xarici işlər nazirinin şərəfinə belə adlandırıblar. O, hələ 2016-cı ildə açıqlanıb. Əlbəttə ki, söhbət tərəflərin qəbul etdiyi hansısa sənəddən getmir, amma ümid var ki, ən azı gələcəkdə bu, həqiqi razılaşma üçün bir bazis ola bilər.

Formula görə, birincisi, Ukraynanın Ali Radası Donbasda xüsusi qaydada seçkilərin keçirilməsi haqqında qərar qəbul edir. İkincisi, bu regionda ATƏT-in nəzarətilə seçiklər keçirilir. Seçkilər demokratik və düzgün sayılarsa, Ali Rada müvəqqəti müddət üçün “Donetsk və Luqansk rayonlarında yerli idarəetmənin xüsusi qaydaları haqqında” qanun qəbul edir. Üçüncüsü, Ali Rada Donbasa xüsusi status verərək bunu ölkə konstitusiyasına daxil edir...

Burada iki məqam var. Birincisi, Rusiya ilə Ukrayna arasındakı böhranı mərhələli yolla həll etmək istəyirlər, bizə isə neçə illərdir heç bir münaqişənin tarixində olmayan bir şeyi – münaqişənin paket yolla həlli variantını sırımağa çalışırlar. İkincisi, biz potensial həll planının ən əsas maddələrini qəsdən qeyd etdik. Neçə illərdir biz nə deyirik? Azərbaycan icması da Dağlıq Qarabağa qayıtsın, burada seçkilər keçirilsin, sonra bu bölgəyə xüsusi status verilsin və bu Konstitusiyada öz əksini tapsın!..
Di gəl, ermənilər neçə illərdir atılıb - düşürlər ki, ya Dağlıq Qarabağa lap əvvəldən Konstitusiyadan kənar bir status verin, yəni faktiki olaraq dərhal onu müstəqil bir vahid kimi tanıyın, ya da ki, biz heç nəyə boyun əyməyəcəyik. Rusiya isə illərdir ki, bu prosesi seyr edir, hətta ermənilərə başa salmır ki, axı heç bir yerdə oxşar münaqişələr “paket variantı” yolu ilə, bir mərhələyə həll olunmur. Odur ki, biz hətta KTMT-də müşahidəçi də ola bilərik, amma, Vallah, bu heç nəyi dəyişməyəcək
Hüseynbala Səlimov //musavat.com//


Daha çox xəbər

Şərh yaz