Axtarış...

Paşinyandan hiyləgər gediş: Rusiyayönümlü generalın rütbələri GERİ QAYTARILDI



“Paşinyan Kremlə referans edən addımlar atır”.

Redaktor.az bildirir ki, hərbi icmalçı Nazim Bayramov bu günlərdə Paşinyanın təqdimatı ilə prezident Armen Sarkisyanın Vaqarşak Arutunyanın general-leytenant rütbəsini bərpa etməsinin səbəblərinə aydınlıq gətirib. N. Bayramov hesab edir ki, Paşinyan onu reabilitasiya etməklə, KTMT dönəm katibi Xaçaturovun həbsinin Rusiya ilə münasibətlərə təsirini yumşaltmağa çalışır:

“Vaqarşak Arutunyan 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olub. Daha sonralar Ermənistanın o zamankı prezidenti Köçəryana qarşı siyasi müxalifətə keçmişdi. 2002-ci ildə isə Köçəryan onu hərbi rütbələrdən məhrum etmişdi. Arutunyanın rütbəsinin bərpası ilə hazırki Baş Qərargah rəisi Artak Davtyanın yerinə gətirilməsi barədə şaiyələr yayılmağa başlayıb. Müdafiə Naziri Tonoyan və Davtyanın özü bu şaiyələri təkzib etsələr də, erməni politoloqları Paşinyanın qərarları təkbaşına verməsini və Tonoyanla Davtyanın münasibətlərində gərginliyi nəzərə alaraq, Arutunyanın Baş Qərargah rəisi təyyin edəcəyini istisna etmirlər. Onların fikrincə, döyüş görməyən, hərbi məmur Arutunyan Paşinyan tərəfindən ordu başına gətirilir ki, Qarabağ klanına mənsub loyal generaliteti ordudan “təmizləsin”.

N. Bayramov vurğulayıb ki, Paşinyan bu addımını Köçəryan üzərində qələbəsi kimi qələmə vermək istəyir:

“Bunun üçün Arutunyana rütbəsinin qaytarılması barədə Paşinyanın öz Feyzbuk hesabından yaydığı məlumatın məzmununa diqqət yetirmək kifayətdir. Bunu bəzi erməni təhlilçilər də deyir. Arutunyanın rütbəsinin bərpasında Köçəryanla qarşıdurmada uğursuzluqları fonunda Paşinyan şəxsi rolunu qabardır”.

N. Bayramov qeyd edib ki, Arutunyan 2016-cı il Aprel hadisələrini araşdıran deputat komissiyasının üzvüdür:

“Komissiyanın hansı qənaətə gələcəyini nəzərə alsaq, orduda geniş “kadr təmizlənmələrinə” əsas verəcəyinə şübhə qalmır. Bu missiyanı yerinə yetirmək üçün Arutunyan Baş Qərargah rəisi təyin oluna bilər. Odur ki, hər iki versiya bir-birini tamamlayır və eyni nöqtəyə gəlməsi məntiqli görünür. Eyni zamanda Arutunyan 1992-1994 illərdə KTMT(o zaman MDB Birləşmiş qoşunlar) qərargahının rəis müavini, 1994-1999 illərdə MDB ölkələri müdafiə nazirləri şurasında Ermənistanın nümayəndəsi olub. Rusiyayönümlü mövqeyi ilə tanınırdı”.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan Vaqarşak Arutunyanın hərbi rütbələrinin bərpası ilə bağlı Feyzbuk hesabında aşağıdakı sözləri yazıb:

“Vaqarşak Arutunyanın hərbi rütbələrinin ləğv edilməsi haqqında Robert Köçəryanın fərmanı mənim vəsatətimlə prezident tərəfindən qüvvədən salındı. Vaqarşak Arutunyan general-leytenantdır”.



Şərh yaz