Sponsorsuz qalan AZƏRBAYCAN PREMYER LİQASI - Hansısa mərc şirkəti gələ bilər?



Azərbaycan futbolunda arzuolunmaz hal yaşanır. Çempionat 3 turdur başlayıb, amma sponsor yoxdur. 2012-2019-cü illərdə Premyer Liqaya himayədarlıq edən "Topaz" bundan imtina edib. Peşəkar Futbol Liqası tender elan edib və qalibin sentyabrın axırlarında bəlli olacağı bildirilib.

8 komandalı, azarkeş sayı ortalama 2-3 mindən çox olmayan bir çempionat üçün titul sponsoru lazımdırmı? Bu halda xarici və yerli şirkətlər Premyer Liqaya himəyadarlığa maraq göstərə bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli tenderə qoşulan şirkətlərin sadəcə markalarını reklam etdirmək məqsədi ilə ölkə çempionatına sponsorluq edə biləcəyini bildirib:



"Hər kəsə bəllidir ki, Azərbaycan Premyer Liqasına azarkeş marağı çox azdır. Bura sponsorluq edən hər hansısa şirkət xeyir qazanmaq haqda düşünməyəcək. Çünki çempionat oyunlarına ümumilikdə 3-4 min adam gələ, ya gəlməyə. Ajiotaj doğuran hər hansısa bir oyun, derbi də yoxdur ki, Premyer Liqaya maraq yaransın. Xarici və yerli şirkətin kommersiya məqsədi ilə titul sponsoru olmaq barədə düşünəcəyinə inanmıram. Bu cür turnirdən ancaq idman və futbol xarakterli şirkətlər gəlir əldə edə bilər ki, "Topaz" da bunlardan biri idi. Yəqin ki, onlara da sərf etmədiyindən bu fikirlərindən daşınıblar. İndi hansısa başqa şirkətin Premyer Liqaya maraq göstərəcəyi, buradan xeyir götürəcəyi inandırıcı deyil".

Ekspert yayım hüququna görə verilən pulun, sponsorluq titulunkundan daha çox olacağını bildirib:

"Dünya ölkələri ilə müqayisədə Azərbaycan Premyer Liqası çox geri qalır. Digər çempionatlar üçün milyonlar, hətta milyardlar xərclənilir. Bəzən bunu ölkəmizin ərazisinin az olması ilə əlaqələndirirlər, lakin Hollandiya ilə Belçikaya baxanda məsələnin fərqli olduğu anlaşılır. Həmin ölkələrin çempionatına həm azarkeş, həm də izləyici marağı var. Bu da onların liqalarının dəyərini çoxaldır. Azərbaycanda isə şirkət ancaq yayımdan pul qazana bilər ki, reklamlara görə, gəlir əldə etsin. Ümumi götürsək, titul sponsorluğu müqaviləsinin yarım milyon manata yaxın olması gözlənilən deyil".

Natiq Cəfərli xarici mərc şirkətinin Azərbaycan Premyer Liqasının sponsoru ola bilib-bilməyəcəyi haqda da danışıb:

"Ölkənin özünəxas qanunları var. "Topaz" qanuni mərc şirkətidir və ondan başqa kontor şirkəti Azərbaycanda fəaliyyət göstərə bilməz. Ola bilər ki, idmana qayğı və dəstək tezislərindən istifadə olunsun və başqa bir xarici mərc şirkətinə şərait yaradılsın. Lakin bunun üçün Nazirlər Kabineti qərar verməlidir və Prezident sərəncam imzalamalıdır. Bu da çox çətin və uzun prosesdir. Hansısa mərc şirkətinin Premyer Liqada sponsor olması qəliz olsa da, mümkünsüz deyil".
Oxşar xəbərlər
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət