Axtarış...

Türkiyə Daxili İşlər Nazirliyi Sahil Mühafizəsinin komandanı Bakıya gəlib

Türkiyə Daxili İşlər Nazirliyi Sahil Mühafizəsinin komandanı Bakıya gəlib

Birgə əməkdaşlıq fəaliyyətləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyevin dəvəti ilə sentyabrın 2-də Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Sahil Mühafizəsinin komandanı kontr-admiral Ahmet Kendirin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Dövlət Sərhəd Xidmətindən (DSX) APA-ya verilən məlumata görə, sentyabrın 3-də DSX rəisi general-polkovnik Elçin Quliyev Türkiyə nümayəndə heyətini qəbul edib. Görüşdə ikitərəfli əlaqələrin vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, sərhəd təhlükəsizliyinin təmin edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri ilə mübarizə üzrə sahil mühafizəsi sahəsində həyata keçirilən tədbirlər müzakirə olunub, birgə əməkdaşlıq və qarşılıqlı əlaqələndirmənin, təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyi qeyd edilib.

Səfər çərçivəsində qonaqlar DSX Sahil Mühafizəsində dəniz sərhədlərinin mühafizəsinin təşkili vəziyyəti və xüsusiyyətləri ilə tanış olmuş, aidiyyəti bölmələrin xidməti-döyüş fəaliyyətinin müasir tələblərə uyğun aparılması məqsədilə istifadə olunan qabaqcıl sistem və texniki vasitələri nəzərdən keçirib.

Azərbaycan və Türkiyə nümayəndələri müsbət təcrübə mübadiləsini aparmış, gələcək əlaqələrin perspektivlərini müzakirə etmiş və sahil mühafizəsi bölmələri arasında praktiki əməkdaşlıq tədbirlərinin davam etdirilməsinə dair razılıq əldə ediblər. Görüşün nəticələrinə dair nümayəndə heyərtlərinin İşçi Protokol imzalanıb.

Qonaqlar səfər çərçivəsində Şəhidlər xiyabanını və şəhid türk əsgərlərinin şərəfinə ucaldılmış abidəni ziyarət etmiş, həmçinin “Heydər Əliyev Mərkəzi”, Bakı şəhərinin mədəni-tarixi abidələri və Dövlət Sərhəd Xidmətinin Aparatında yerləşən “Siyasi repressiya qurbanları” muzeyi” ilə tanış olublar.


Daha çox xəbər

Şərh yaz