Qanun olsa da, Nazirlər Kabinetinin qərarı yubanır - Məktəbləri dövlət qoruyacaq?

Qanun olsa da, Nazirlər Kabinetinin qərarı yubanır - Məktəbləri dövlət qoruyacaq?

Orta və ali məktəblərdə təhlükəsizlik problemi aktuallığını qoruyur.

Son illər istər orta, istərsə də ali təhsil müəssisələrində təhlükəsizlik məsələlərinə bir müddət xüsusi diqqət ayrıldı. Bir çox məktəblərdə özəl mühafizə xidmətləri ilə müqavilə əsasında təhlükəsizlik təmin edilir. Ancaq hələ də yaşlı xadimələrin, texniki işçilərin ümidinə qalan məktəblər var ki, bu da valideynlərdə narahatlığı artırır. Eyni zamanda, bir çox hallarda təhlükəsizlik əməkdaşlarına maaş verilməsi üçün valideynlərdən ödəniş tələb olunması narazılıqla qarşılanır.

Maraqlıdır, yeni tədris ilində məktəblərin təhlükəsizliyi necə təşkil olunacaq?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən təhsil eksperti Elşən Qafarov təhlükəsizliyin əksər məktəblərdə iki gözətçi tərəfindən təmin olunduğunu, internat məktəblərində isə bunu mühafizə polislərinin həyata keçirdiyini bildirib:

“Ötən ilin mühafizə xidməti ilə builki mühafizədə fərq ondan ibarətdir ki, 29 mart 2019-cu ildə “Ümumi təhsil haqqında” Qanun qəbul edilib və bu qanunda məktəblərdəki təhlükəsizliyi dövlət öz üzərinə götürüb. Lakin bunun işləmə mexanizmi ilə bağlı hər hansı bir qərar verilməyib. Hazırda respublika üzrə bütün ümumorta və tam orta məktəblərdə 2 gözəlçi ştatı var. Bu gözətçilərin əmək hüququ pozulur, hər gün 12 saat işləyirlər. Nəticədə məktəblərdə təhlükəsizliyi qoruyan , əsasən, gözətçilərdir. Bu isə çox aşağı səviyyədədir. Şəhər məktəblərinin bir çoxunda isə Valideyn-Müəllim Assosiasiyasının köməyi ilə valideynlərdən yığılmış vəsait hesabına təhlükəsizlik şirkətləri ilə müqavilə bağlanır və mühafizə bu şəkildə təmin olunur. İnternat tipli müəssisələrdə mühafizə polisi təhlükəsizliyi qoruyur. Ümumilikdə isə bizim dövlət məktəblərinin qorunması hazırda lazımi səviyyədə deyil”.

Ekspert qeyd edib ki, Nazirlər Kabineti təhlükəsizliklə bağlı üzərinə düşən öhtəliyi, yəni qərarın icra mexanizmini təqdim etməlidir, çünki təkcə qərar qəbulu ilə təhlükəsizliyi təmin etmək mümkün deyil:

“Qanun artıq qəbul olunub və addım atılması gözlənilir. Hər hansı qanunun qəbul edilməsi ayrı məsələdir, amma qanunun həyata keçirilməsi üçün mexanizm olmalıdır. Dövlətin məktəblərin mühafizəsini öz üzərinə götürdüyü qanunun işləmə mexanizmi yoxdur. Amma yaxın gələcəkdə məsələnin öz həllini tapması gözlənilir. Nazirlər Kabineti işləmə mexanizmi ilə bağlı qərar qəbul etməlidir. Həmin qərarda açıq şəkildə göstərilməlidir ki, şəhər, qəsəbə, kənd məktəblərində təhlükəsizliyin qorunması hansı səviyyədə və hansı maliyyələşmə mənbələri hesabına təmin olunacaq”.

Elşən Qafarov eyni zamanda mühafizə ilə bağlı valideynlərin göstərə biləcəyi dəstəkdən də söz açıb:

“Ümumtəhsil məktəbinə icazə verilir ki, öz fəaliyyəti istiqamətində büdcədənkənar vəsait əldə etsin və yaxud da sahibkarlıqla məşğul olsun. Məktəblərdə fəaliyyətin həmin gəlirlərin hesabına formalaşması mümkündür. Eyni zamanda, Valideyn-Müəllim Assosiasiyaları şəbəkəsinin genişlənməsi ilə valideynlərin də bu sahədə rolu artır. Bu kimi məsələlərdə valideynlərin dəstəyi ola bilər, amma bu , qanunvericilik çərçivəsində olmalıdır. Hansısa kütləvi pul yığımı ilə yox, valideynlərin könüllü yardımı ilə müəyyən büdcə formalaşmalıdır, bununla lazım olan tədbirləri görmək olar. Ümumilikdə isə mühafizə Nazirlər Kabinetinin səlahiyyətində olan bir məsələdir. Təhsil müəssisələrinin qorunması ilə bağlı ilk olaraq Nazirlər Kabineti xüsusi qaydalar tətbiq etməli, Təhsil Nazirliyi isə dövlətin təhsil siyasətini həyata keçirməlidir”.

Bildirək ki,“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli Qanunun 12.16-cı maddəsində ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili qaydasını müəyyən edilməli olduğu qeyd edilib.
Oxşar xəbərlər
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət