“Agrarco” şirkəti vətəndaşın 1.22 hektar torpaq sahəsini MƏNİMSƏYİB - GİLEY


Ölkədə kiməsə məxsus mülkün və yaxud torpağ sahəsinin başqasının adına saxta yollarla sənədləşdirilməsi halları kifayət qədərdir. Xırdalan şəhəri, Tofiq İsmayılov küçəsi, döngə 5, ev 17-də yaşayan Bəylər Albert oğlu Kürəbəyov tərəfindən “Hürriyyət”ə göndərilən şikayət məktubu bunu bir daha təsdiq edir.

"2017-ci ilə qədər dövlət tərəfindən "Kapital bank" vasitəsilə subsidiya alırdıq"

B.Kürəbəyovun sözlərinə görə, 14 iyul 2000-ci il tarixli 08/03 saylı qərar ilə cərgədə göstərilən sərhəd daxilində 5,64 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları üçün ona və ailə üzvlərinə - Kürəbəyov Albert Mirzəbəy oğlu, Kürbəyova Şərifə İsbat qızı, Kürəbəyova Zülfiyyə Albert qızı, Kürəbəyov Mirzəbəy Albert oğlu və Kürəbəyova Günay Albert qızına pay torpağı verilib: “Biz bu pay torpağımıza görə 2017-ci ilə qədər dövlət tərəfindən “Kapital bank” vasitəsilə subsidiya alırdıq. Bununla bağlı əlimizdə qəbzlər də var. Lakin 2017-ci ildə bizə məlum olub ki, mənə və ailə üzvlərimə dövlət tərəfindən verilən 5,64 hektar pay pay torpağının 1,22 hektarlıq torpaq sahəsi Qusar Rayon Məhkəməsinin və Qusar Notarial Kontorunun müvafiq sənədlərdə qeyd olunan qərarları ilə “Agrarco” şirkətinə satılıb. Ancaq nə mən, nə də ailə üzvlərim pay torpağımızı heç kimə, o cümlədən sözügedən şirkətə satmışıq. Buradan belə çıxır ki, məhkəmə və notarial kontoru, o cümlədən bu prosesdə iştirak edən digər müvafiq qurumlar mənim və ailə üzvlərimin hüquqi savadsızlığından istifadə edərək bizə kələk gəliblər və pay torpağımızın bir hissəsini “Agrarco” şirkətinə satıblar”. “Sizdən xahiş edirəm, şikayət ərizəm və təqdim etdiyim sənədlər əsasında üzləşdiyimiz problemi işıqlandırasınız, hüquqlarımızın bərpası üçün qanunamüvafiq tədbirlər görülməsində yardımçı olasınız”-,deyə şikayətçi yazır.

Maraqlıdır ki, B.Kürəbəyov tərəfindən “Hürriyyət”ə təqdim edilən sənədlərdə ona və ailə üzvlərinə məxsus 5,64 hektar pay torpağının mülkiyyət hüququna dair 298 nömrəli, 3011208 kodlu Dövlət Aktının 6 dekabr 2000-ci ildə verildiyi barədə sənəd ortada ikən “Agrarco” MMC-yə 13.04.2017-ci ildə 1040797 nömrəli çıxarış verilib. Çıxarışda Qusar rayonu, Düztahir kəndində 23,5 torpaq sahəsinin sözügedən MMC-nin xüsusi mülkiyyəti olduğu qeyd olunur. Halbuki, B.Kürəbəyov və ailə üzvlərinə məxsus 5,64 hektar pay torpağının mülkiyyət hüququna dair 298 nömrəli Dövlət Aktının ikinci nüsxəsinin Qusar Rayon Torpaq Şöbəsində saxlanılması aktda qeyd olunur.

Sənədləri araşdırdıqda diqqət çəkən məqamlar ortaya çıxır. Məlum olur ki, B.Kürəbəyov və ailə üzvlərinə məxsus torpağın əllərindən alınan 1,22 hektar hissəsi Hacıyev Tofiq İslamxan oğluna aiddir və torpağı o, “Agrarco” MMC-yə satıb. 26 may 2006-cı il 510 nömrəli dövlət aktına əsasən ərazi adıkeçən şəxsə məxsusdur. Aktda cizgidə göstərilən sərhəd daxilində həmin şəxs və ailə üzvlərinə məxsus Qusar rayonu, Düztahir kəndi ərazisində 100.60 hektar torpaq sahəsinin olduğu qeyd olunur. Sənədlərdən o da aydın olur ki, B.Kürəbəyov və ailə üzvlərinə məxsus torpaq Hacıyev Tofiq İslamxan oğlunun adı ilə “Agrarco” MMC-yə satılıb. B.Kürəbəyov və ailə üzvlərinə məxsus həmin torpaqla bağlı araşdırma aparan Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi 02.07.2019-cu il tarixli 193420007383 nömrəli qərar verib. Qərarda bildirilir ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərində Kürəbəyov Albert Mirzəbəy oğlunun adına verilmiş Qusar rayonu Düztahir kəndində JN-298 KOD 30112018 nömrəli “Torpağın mülkiyyət hüququna dair dövlər aktının” 298 K hissəsinə 30101300840 reyestr nömrəli çıxarış verilmişdi. Çıxarışın verilməsinə əsas DTXK tərəfindən verilmiş 26 may 2006-cı il tarixli JN-510 KOD 30112018 saylı “Torpağın mülkiyyət hüququna dair dövlət aktı” olmuşdur.

Belə görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsi Hacıyev Tofiq İslamxan oğlunun adına olan Dövlət Aktını əsas sayır. Halbuki, Kürəbəyov və ailə üzvlərinə məxsus 5,64 hektar pay torpağının mülkiyyət hüququna dair 298 nömrəli, 3011208 kodlu Dövlət Aktı əsas sayılmalıydı. Yəni 6 dekabr 2000-ci ildə Dövlət Aktı ilə bu adamlara verilmiş 5,64 hektar pay torpağına çıxarış verilməliydi. Buna baxmayaraq, ailənin 1,22 hektar torpaq sahəsi əlindən alınıb.

“2-291/2006 saylı mülki iş digər şəxslər arasında nigahın pozulmasına dairdir”

Diqqəti çəkən digər məqam Qusar Rayon Məhkəməsinin qərarıdır. Qərara görə, Kürəbəyov Albet Mirzəbəy oğlunun ərizəsi araşdırılıb və müəyyən olunub ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin və həmçinn kartoçkalarının qeydiyyatında onun tərəf olduğu 2-291 saylı mülki iş mövcud deyil və bu səbəbdən hər hansı bir sənədin təqdim edilməsi qeyri-mümkündür. Qusar Rayon Məhkəsməsinin araşdırması zamanı o da müəyyən olunub ki, 2-291/2006 saylı mülki iş digər şəxslər arasında nigahın pozulmasına dairdir.

B.Kürəbyovun sözlərinə görə, guya, onlara məxsus torpaq məhkəmə qərarı ilə satılıbmış: “Biz də ona görə məhkəməyə müraciət etdik ki, hansı qərarla bizim torpaq satılıb? Məhkəmə isə araşdıranda məlum oldu ki, həmin qərarla mülki iş yox, həmin şəxslər arasında nigah pozulub. Yəni torpağın məhkəmə qərarı ilə satılması tamamilə yalan söhbətdir. Artıq bizim əlimizdən alınan 1.22 hektar torpaq sahəsinə “Agrarco” şirkəti kupça da alıb. Onların kupçasında torpaq sahəsi çox ola bilər. Ancaq bizdən alınan sahə 1.22 hektardır”.

B.Kürəbəyovun vəkili Şahlar Xıdırovun məktubuna isə Dövlət Notariat Arxivi cavab yazıb ki, Kürəbəyov Albert Mirzəbəy oğlu və onun ailə üzvlərinə məxsus torpaq sahələrinin satılmasına dair Qusar Rayon Dövlət Notariat Kontorunda 30.12.2006-cı il tarixdə 4Ə4-780-798, 26.01 2006-cı ildə 4Ə-1-80-83, 14.02.2006-cı il tarixdə 4Ə-2-208-230, 29.04.2006-cı ul tarixdə 4Ə-3-483-485, 06.05.2006-cı il tarixdə 4Ə-535-570 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələrin olub-olmaması və surətinin istənilməsi ilə əlaqədar olaraq Dövlət Notariat Arxivinə müraciətinizə baxılıb və bildirilib ki, Qusar Rayon Dövlət Notariat Kontoru tərəfindən arxivə təhvil verilmiş qeyd olunan müqavillərin arxiv nüsxəsinə baxış keçirilərkən sözügedən müqavilələrin Kürəbəyov Albert Mirzəbəy oğlu və onun ailə üzvlərinə deyil, digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilib. Nəzərə çatdırılıb ki, müraciətdə qeyd edilən 4Ə-530 və 4Ə-535 reyest nömrələri ilə təsdiq edilmiş müqavilələr arxivə təhvil verilməyib.

Göründüyü kimi, B.Kürəbəyov və onun ailəsinə məxsus 5,64 hektar torpağın 1,22 hektar sahəsinin satılması ilə bağlı müqavilələr Hacıyev Tofiq İslamxan oğluna aid olduğu ortaya çıxıb. Ancaq məhkəmə araşdırması zamanı bu barədə mülki işin olmaması onu deməyə imkan verir ki, bu məsələdə saxtakarlıq ehtimalı var. Görəsən niyə, qarşı tərəfin 2006-cı ildə təqdim etdiyi müqavilələr Dövlət Notariat arxində qeydə alınıb, ancaq Kürəbəyov ailəsinin təqdim etdiyi müqavilələr arxivə təhvil verilməyib?

Bu arada, onu qeyd edək ki, “Agrarco” MMC ixracyönümlü kənd təsərrüfatı şirkətidir. 2017-ci ilin mart ayında üç kənd təsərrüfatı şirkətinin birləşdirilməsi nəticəsində təsis olunub. Hazırda Azərbaycanın təzə meyvə və gərzəkli meyvələr sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. Məlumata görə, şirkət tərəfindən illik 5000 tona yaxın təzə alma istehsal olunur. Şirkətin alma bağlarının hamısı Azərbaycanın şimal regionunda, xüsusilə də Qusar rayonu ərazisində yerləşir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Oxşar xəbərlər
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət