Axtarış...

Ermənilər Qubadlıda yeni qəsəbə salır - Niyə MN Azərkosmosun verdiyi informasiyalardan istifadə etmir?



Müdafiə Nazirliyi Azərkosmosun verdiyi informasiyalardan effektiv istifadə etməlidir.

Redaktor.az bildirir ki, Azərbaycan İnternet Forumunun prezidenti, texnologiya üzrə ekspert Osman Gündüz “Azersky” peykin verdiyi informasiyaların MN-nin cavab tədbirləri hazırlaması üçün yetərli olub-olmamasına aydınlıq gətirib.



O. Gündüz hesab edir ki, Azərkosmosun verdiyi informasiyaların üzərindən sakitcə keçilməməlidir:

“Ötən gün Azərkosmos “Azersky” peyki vasitəsilə əldə olunan təsvirlərə əsaslanaraq təcavüzkar Ermənistan tərəfindən Qubadlı rayonunun Xanlıq kəndində yeni qəsəbənin salındığını bildirdi. Bundan sonra hökumət tərəfindən daha ciddi tədbirlərin həyata keçirilməsi gözlənilirdi. Amma nədənsə belə olmadı. Eyni zamanda cari ilin əvvəlində də Azərkosmos işğal olunmuş ərazilərimzin Azersky vasitəsilə əldə olunan təsvirlərini paylaşmışdı. Orada bildirilirdi ki, işğal edilmiş ərazilərdə ermənilərin qanunsuz apardığı məskunlaşdırma işinin nəticələri görüntülənib. İşğalçılar rayon mərkəzlərində yeni infrastruktur tikililəri, istehkamlar inşa ediblər”.

O. Gündüz vurğulayıb ki, bu informasiyanı bizə yüz milyonlarla vəsait xərcləyib orbitə qaldırdığımız öz milli peykimiz verib:

“Peykimizin verə biləcəyi ən qiymətli məhsul elə bundan ibarət olacaq. Kifayət qədər etibarlı və dəqiq infromasiyadır. Eyni zamanda fərqində olmalıyıq ki, işğalçı ölkə işğal altında olan ərazilərdə beynəlxalq normalara zidd fəaliyyətini davam etdirir. Bununla bağlı real faktlar da ortadadır. Hökumət “Azərkosmos”un verdiyi bu tip informasiyalardan effektiv istifadə etməli, beynəlxalq ictimaiyyətin, beynəlxalq qurumların diqqətini cəlb etmək üçün sistemli mexanizmlər hazırlamalıdır”.

O. Gündüz qeyd edib ki, MN nə vaxtsa bizim kəşfiyyat yönümlü peykimizin olacağını gözləməli deyil:

“Azersky-ın indiki anda verdiyi informasiyalar və təsvirlər MN-nin daha ciddi cavab tədbirləri üçün yetərlidir”.

Xatırladaq ki, ötən gün Azərkosmos çox vacib bir xəbər yaydı. Azərkosmos “Azersky” peyki vasitəsilə əldə olunan təsvirlərə əsaslanaraq təcavüzkar Ermənistan tərəfindən Qubadlı rayonunun Xanlıq kəndində yeni qəsəbənin salındığını bildirdi.



Şərh yaz