Axtarış...

Turizm cənnətini necə cəhənnəmə çeviririk? - FOTOFAKT

Turizm cənnətini necə cəhənnəmə çeviririk? - FOTOFAKT

Qax rayonunun İlisu kəndi tarixi abidələri və zəngin təbiəti ilə seçilir. Qafqazın cənub yamaclarının qoynunda yerləşən bu kənd hər il minlərlə turist qarşılayır. Di gəl ki, bu gözəlliyi qoruyub saxlamaq əvəzinə bərbad vəziyyətə salırlar. Ətrafa soyulmuş heyvan dərisi, plastik qablar, polietilen torbalar atılır. Nəticədə isə xoşagəlməz mənzərə ortaya çıxır.

Rayona istirahət üçün gələnlər bu barədə düşündüklərini Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə bölüşüblər.

Turist Eldar Əhmədov mövcud vəziyyətdən təəssüfləndiyini dilə gətirdi: "Rayonda tullantıların yığılması və utilizasiyası çox aşağı səviyyədədir. Sarıbaş və İlisu kəndinin tullantıları Kürmük vadisinə atılır. Kürmük çayı vadisini tullantılar (qoyun dəriləri və digər heyvan məhsulları) və onlardan qalxan üfunət bürüyüb. Yəqin ki, müvafiq qurumlar bunu görmür. Yaxud da görür, hansısa səbəblərə görə ölçü götürmür. Hər yer plastik qab və müxtəlif içkilərin şüşələri, sintetik torbalarla doludur. Hər şey təmizlikdən başlayır. Bu torpaq bizimdir. Buna ancaq biz sahib çıxmalıyıq".

Xatirə Xəlilova isə ətraf mühitin çirklənməsini zibil qutularının olmaması ilə əlaqələndirir: "Küçələrdə zibil qutularının olmaması, yaxud çox uzaq məsafədə olması zibilin çaya axıdılmasına səbəb olur. Buna bir əncam çəkilməlidir. Əks halda, təbiətimiz məhv olacaq".

Rayon sakini Ceyhun Əhmədov isə natəmizlikdə həmin bölgəyə gələn turistləri günahlandırır: "Qalaqlanmış qoyun dəriləri, içalatı və qanı xoşagəlməz mənzərə yaratmaqla yanaşı, həm də xəstəlik mənbəyidir. Gəlirlər, heyvanı kəsib kabab edirlər, amma sonra həmin ərazini təmizləmək istəmirlər. Bu cür gözəl mənzərəni bərbad vəziyyətə qoyurlar".

Şəmsəddin Quliyev də bu durumdan narahat olduğunu söylədi. Gənc aktyor sənət yoldaşları ilə birlikdə bu mövzu ilə bağlı sosial çarx hazırlayıb: "İlisudan Sarıbaşa gedən yolun kənarları üfunət iylənir. Hər ikisi bizim tarixi kəndlərimizdir. Xarici turistlər bizi bu halda görüb barbar hesab edirlər. Bu yaxınlarda sənət yoldaşlarımızla birlikdə sosial çarx çəkdik. İnanıram ki, bu çarx insanlara təsir edər. Biz bütün günahları ərəblərin üzərinə yıxırıq. Ədalət naminə deməliyik ki, özümüz də bu məsələlərdə laqeydik".

Dünyanın 70-dən çox ölkəsində olan səyyah Vüqar Quliyev isə çarəni yüksək miqdarda cərimələrin tətbiq olunmasında görür: "Səyahət etdiyim sivil ölkələrdə xeyli sayda zibil yeşikləri gördüm. Bizdə də bu olmalıdır.

Zibil yeşikləri olmadığı halda insanların bəhanəsi var ki, "bəs haraya ataq?" Amma yetərincə zibil yeşikləri olsa, insanlardan tələb etmək olar. Üstəlik, kameralar quraşdırılmalıdır və yüksək məbləğdə cərimələr tətbiq olunmalıdır. İnsanlara yüksək məbləğdə cərimələr tətbiq olunsa, onlar heç vaxt ətrafı zibilləməzlər.

Məsələn, Sinqapur, Tokio dünyanın ən böyük şəhərlərindəndir. Amma çox təmizdir. Bu ona görədir ki, çox sərt cəza sistemi var, zibil atsan, yüksək məbləğdə pul cəriməsi ödəməli olacaqsan. Bizdə də bunlar icra olunsa, problemlər aradan qalxar, ətraf mühitimiz də təmiz qalar".

Məsələ ilə bağlı İlisu kənd bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyədən bildirildi ki, əvvəllər həmin ərazidə zibil yeşikləri olub: "Bir müddət əvvəl onlar götürülüb. Yaxın günlərdə həmin əraziyə yeni zibil yeşikləri yerləşdiriləcək. Amma gəlin razılaşaq ki, bizdə hələ ki zibili zibil qabına atmaq mədəniyyəti də tam oturuşmayıb. Biz öz öhdəmizə düşən işi görməyə hazırıq. Yaxın zamanlarda zibil yeşikləri yeniləri ilə əvəz olunacaq".





Daha çox xəbər

Şərh yaz