Axtarış...

Süni dollar ajiotajı: Kimlər yaradır? - GƏLİŞMƏ

Süni dollar ajiotajı: Kimlər yaradır? - GƏLİŞMƏ



Son günlər dolların bahalaşacağı ilə bağlı cəmiyyətdə süni ajiotaj yaranıb

Maraqlıdır ki, hazırda ölkədə manatın yenidən ucuzlaşmasını şərtləndirən heç bir amil yoxdur. İstər rəsmi şəxslərin, istərsə də müstəqil ekspertlərin dollar-manat münasibətləri ilə açıqlamalarına nəzər yetirsək, hələlik məzənnə dəyişikliyinin baş verməsi ehtimalı istisna edilir. Hazırkı mənzərə istinad etsək, dollar, nəinki bahalaşmalı, əksinə, manat qarşısında dəyər itirməli idi. Amma manat ötən ilin may ayından etibarən heç bir prosesə reaksiya vermir və 1.70 dəyərində, sabit olaraq qalıb.

Məlumdur ki, manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Azərbaycan Mərkəzi Bankının (AMB) manatın üzən məzənnə rejimində olduğunu deməsinə baxmayaraq, milli valyutamız dünya birjalarında baş verən heç dəyişikliyə reaksiya vermir. Bununla yanaşı, manatın neft qiymətlərindən asılı olduğunu istisna etmək doğru hesab olunmur. Çünki ölkədə qeyri-neft sektoru inkişaf etmədiyindən, ölkə iqtisadiyyatı neftdən asılıdır və bununla da manatın arxalandığı yeganə güc neftdir. Dünya bazarında isə neft qiymətləri 60 dollar civarındadır. Neftin kəskin ucuzlaşması isə gözlənilmir. Belə olan halda isə, manat üçün mənfi təsir olmayacaq.

Dolların cüzi olaraq, daha dəqiq desək, 100 dollarda 0.20 manat bahalaşmasını isə bir sıra bankların valyuta mübadiləsi tablosunda görmək mümkündür. Bir sıra banklar dolların alış-satış qiymətlərində cüzi artıma gedib. Bunun səbəbi isə mövsümlə əlaqələndirilir və ölkədən turist səfərləri edənlərin artması ilə izah olunur. Dollar-manat münasibətlərində beynəlxalq reytinq şirkətlərinin də mövqeyi birmənalı deyil. Məsələn, Dünyanın nəhəng investisiya fondu "PIMCO da mərkəzi bankların, o cümlədən Federal Ehtiyatlar Sisteminin bilərəkdən milli valyutaları zəiflətdiyini bəyan edib.

Lakin qeyd edək ki, bir çox analitik milli valyutaların zəiflədilməsinin doğru qərar olmadığını düşünür. Məsələn "Bank of America" ekspertlərinin fikrincə, Trampın zəif dollar siyasəti iqtisadi artımı sarsıda bilər, belə ki, bu strategiya uzunmüddətli perspektivdə ölkə borclarının dəyərini artıracaq. Dolların ucuzlaşacağı proqnozu isə dünya üzrə ticarətin zəifləməsi və yavaşlaması fonunda qlobal valyuta müharibəsinin başlaması ilə izah olunur. Dolların manatla münasibətlərinə gəlincə isə beynəlxalq reytinq agentlikləri fərqli fikirdədir. Belə ki, “Standard&Poor’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqi ilə bağlı yaydığı məlumatda qeyd edir ki, Azərbaycanda USD/AZN məzənnəsinin 1,97 səviyyəsinə qədər artacaq. Reytinq agentliyi növbəti illərdə də dolların 1,70 manatdan aşağı düşməyəcəyi, əksinə, 2021-ci ilə qədər bahalaşacağı qənaətindədir. Belə ki, “S&P” bildirir ki, cari il ərzində dollar/manat cütlüyünün 1,70-də sabit qalacağı, sonrakı 3 il ərzində tədricən bahalaşaraq 1,97 səviyyəsində qərarlaşacaq. Agentliyin analitikləri onu da qeyd edir ki, Azərbaycan Mərkəzi Bankının ölkədə iqtisadi inkişafa təsir etmək qabiliyyəti olduqca məhduddur. Hesabatda həmçinin qeyd olnub ki, ölkədə depozitlərin dollarlaşma səviyyəsi 60 faizdən yüksəkdir, bu isə Mərkəzi Bankın daxili monetar şəraitə təsir etmək cəhdlərini kəskin şəkildə məhdudlaşdırır. Bundan başqa, ölkənin yerli valyutada borc kapital bazarı kiçikdir və inkişaf etməyib.

Mərkəzi Bankın əməliyyat müstəqilliyi də məhdud olaraq qalır.

Maraqlıdır, cəmiyyətdə dollar bahalaşacaq ajiotajı nədən yaranıb? Bunun səbəbi iqtisadi, yoxsa psixolojidir?

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında dolların bahalaşması ilə bağlı yaranan ajiotajın səbəbinin psixoloji olduğunu deyib: “Hazırda manatın məzənnəsinin dəyişməsi ilə bağlı heç bir təhlükə yoxdur. Ancaq bir məsələni nəzərə almaq lazımdır ki, bankların valyuta mübadilə məntəqələrində Mərkəzi Bank tərəfindən verilən ümumi məzənnədən sonra “sprint”də (alış və satış arasındakı fərq-müəl) bankların ixtiyarında olan müəyyən bir dəhliz var. Həmin dəhlizin imkan verdiyi çərçivədə banklar istədikləri qiymət siyasətini apara bilərlər.

Banklar həmin dəhliz çərçivəsində öz xeyirlərini 1 qəpik səviyyəsində məhdudlaşdıra, eyni zamanda maksimum artıra bilərlər ki, mənfəətləri çox olsun. Hazırkı vəziyyətdə bəzi banklar müasir dövrün tələblərinə uyğun olaraq sifarişlə də valyuta satışı həyata keçirir. Məsələn, müştəri sifariş verə bilər ki, 30-40 min dollar lazımdır. Belə olduğu halda, sadə alətlə-qiyməti 1 qəpik qaldırmaqla bazarda cazibədarlıq yaradılır. Bunun da məqsədi ətrafda valyuta dəyişmək istəyən vətəndaşlar məhz həmin banka müraciət etsin. İndiki dövrdə isə məlumat həm elektron daşıyıcılar, həm də sosial şəbəkələr vasitəsilə tez yayılır. Yəni bu, bir mexanizmdir”.



Şərh yaz