Axtarış...

Azərbaycanda iki şirkət «Lukoyl»un əlindən QURTARA BİLİB – MƏBLƏĞ

«Lukoyl-Azərbaycan» şirkəti ölkədə yanacaq satışı ilə məşğul olan və öz ad-dizaynlarını «Lukoyl» brendinə bənzədən şirkətlərə qarşı «cəza» tədbirlərini davam etdirir.
FED.az xəbər verir ki, «Lukoyl» bir neçə ildən başlayaraq belə şirkətlərə qarşı məhkəmələrdə iddialar qaldıraraq həm dizaynın dəyişdirilməsini həm də dəyən zərərə görə, ödəniş verilməsini tələb edib. İlk belə şirkət – Gəncədəki «Likoyl» YDM məhkəmədə uduzub və hazırda dizaynınıə dəyişməli və qarşı tərəfə 1000 dollar ödəməlidir (iddiada 15 min dollar tələb olunurdu).
Amma «Lukoyl»un iddia qaldırdığı digər iki şirkət - Hacıqabuldakı «LUXOYL» və Sumqayıtdakı «Linkoyl» yanacaqdoldurma məntəqələrinin sahibləri bu mübahisədən zərərsiz çıxa biliblər. Qeyd olunan səbəbəi görə, «Lukoyl» bu YDM-lərinin hər ikisinin sahiblərini məhkəməyə verib.
Sumqayıtdıkı YDM-ə görə, məntəqənin sahibi olan «Linkoyl» MMC məhkəməyə verilib. İddia 2016-cı il iyulun 20-də qaldırılıb. «Lukoyl» bu şirkətdən onun adına oxşar addan istifadənin qadağan edilməsini, eləcə də 50000 manat kompensasiya və 8500 dollar nümayəndə xərcləri tələb edib.
Amma bu mübahisədə Rusiya şirkəti gözlənilməz halla rastlaşıb. Məlum olub ki, iddiadan cəmi 23 gün əvvəl - iyunun 29-da «Linkoil» MMC öz adına beynəlxalq əmtəə nişanını dövlət reyestrində qeydiyyata alınıb və bu hüquq 4 may 2026-cı il tarixədək qüvvədədir. Bundan başqa, 2017-ci ilin mayında aparılan ekspertiza göstərib ki, «Link Oil» əmtəə nişanını və yanacaqdoldurma məntəqəsinin dizaynını dəyişib və onun indiki dizaynı, quruluşu və görünüşü «LUKOİL»la qarışdırılacaq qədər oxşar deyil.
Bu yanaşma «Lukoyl»u narazı salıb. Öz apellyasiya şikayətində şirkət bildirib ki: «Məhkəmə iddiaçının əmtəə nişanları ilə oxşarlıq meyarlarını bütöv araşdırmamışdır: qrafik oxşarlıq natamam öyrənilib, məna oxşarlığı isə Azərbaycanda kütləvi istifadə edilməyən ingilis dilindən tərcümə əsasında aparmışdır. Məhkəmənin “LİNK OİL” sözləri ilə “LUKOİL” sözünün səslənməsində olan fərqlər, eləcə də həmin sözlərdəki samit və saitlərin sayının fərqli olması məntiqi ümumiyyətlə başa düşülən deyil. Hər iki əmtəə nişanından yanacaqdoldurma məntəqəsində onun xarici hissəsində yazılı reklam formasında göstərilməklə istifadə olunur, yanacaqdoldurma məntəqələri istehlakçıları səslə ora dəvət edib həmin xidməti həyata keçirmirlər ki, hər iki sözün fərqli səslənməsi əsas arqument kimi götürülsün. Məhkəmə LİNK OİL və LUKOİL əmtəə nişanları ilə satılan malları eynicinsliyini qeyd edir. Məhkəmə daha sonra yanacağın geniş istehlaklı əmtəələrə aid edərək, yanacaqlara aid əmtəə nişanlarının oxşarlıq dərəcəsi qiymətləndirilərkən, daha ciddi yanaşmanın tətbiq edildiyini göstərir. Məhkəmənin öz qətnaməsində malların geniş istehlaklı olub-olmaması və bu səbəbdən təqdim edilən əmtəə məhsulunu qarışdırmaq ehtimalının az və ya çox olmasına istinad etməsi əsassızdır və heç bir qanunvericilik aktına söykənmir».
Bu arqumentlərə baxmayaraq «Lukoyl» son nəticədə həm Sumqayıt məhkəməsində, həm də Sumqayıt Apellyasiya məhkəməsində işi uduzub. Mübahisə Ali Məhkəməyə qədər gedib çıxıb, Ali Məhkəmə qərar verib ki, hər iki tərəf öz brendinə malikdir, bu brendlərdən istifadə edə bilər, onların ad oxşarlığı isə ayrı mübahisənin mövzusudur.
Digər mübahisədə isə «Lukoyl» Hacıyabulda yerləşən və adı «Lukoyl»u xatırladan iki «LUXOİL» YDM-in sahibini olan fiziki şəxsi məhkəməyə verib. YDM-lərdən biri Hacıqabul şəhəri, digəri isə Hacıqabul rayonunun Qarasu kəndində yerləşir. «Lukoyl» bu məntəqələrin sahiblərindən də dizaynını dəyişməyi, eləcə də 50 000 manat məbləğində kompensasiya və 8 500 dollar nümayəndə xərcləri tələb edib.
Şirvan inzibati-iqtisadi məhkəməsi və apellyasiya məhkəməsi bu iddianı təmin etməyib.
Ən maraqlısı odur ki, iddianı Ali Məhkəməyə daşımaq mümkün olmayıb, sənədləşdirmədəki nöqsanlar, o cümlədən iddia tərəfinin sənədlərinin hüququ olmayan şəxslər tərəfindən imzalanması onunla nəticələnib ki, iddia qəbul edilməyib və iddia müddəti də başa çatıb.


Daha çox xəbər

Şərh yaz