Xətai RİH-də hakimi-mütləq kimdir? - İDDİA

Xətai RİH-də hakimi-mütləq kimdir? - İDDİA

Cənab Razim Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən gedəndən sonra idarəçiliyi dövründə rəvac verdiyi qanunsuzluqlar və hüquqpozmalar barədə əvvəllər dövlət qurumlarına örtülü zərflərdə edilən şikayətnamələr sonradan artıq kütləvi informasiya vasitələrinə ayaq açdı. R.Məmmədov Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunandan sonra da həmin tənqidi yazılar səngimədi.

Sabiq başçı əsasən rayon ərazisində yaşıllıqların qırılaraq obyektaltı istifadə üçün imkanlı şəxslərə satılmasına rəvac verdiyinə görə ictimai qınağa tuş gəlirdi. Belə görünürdü ki, rayonun sabiq başçısından miras qalmış problemlərin həlli vəzifəsi xələfinin üzərinə düşəcəkdir. R.Məmmədovun xələfi isə hələlik RİH başçısının birinci müavini vəzifəsində işləyən, hazırda başçının səlahiyyətlərini icra edən Rafiq Quluyevdir. Söhbət məhz o R.Quluyevdən gedir ki, R.Məmmədovun «yaşıl soyqırım»ını həyata keçirənlərə birbaşa nəzarət etməklə, o müstəvidə işləri yönləndirməklə vəzifələndirilmişdi. İndi R.Quluyev mətbuatda özü barədə təqdiredici materialların dərcini stimullaşdırmaqla ictimai rəyə belə bir fikir sırışdırmağa çalışır ki, tezliklə de-fakto icra etdiyi başçı vəzifəsinə de-yure özü təyin olunacaq. Digər tərəfdən də, KİV-ə ötürülən həmin yazılarda rayonda aparılan, bir çox vətəndaşların hüquqlarının pozulması ilə müşayiət olunan «təxirəsalınmaz abadlıq-quruculuq işləri»nə qanunilik donu geyindirilir. Rayon rəhbərliyi vətəndaş məmnunluğunu əldə rəhbər tutduğunu bəyan etsə də, sakinlərin çoxu bu tədbirlərdən məmnun deyillər. Məsələn, bir çox kasıb sakinin sovet istehsalı olan avtomobillərinin qarajları «yöndəmsiz yerdə» olduğu səbəb göstərilərək söküldüyü halda, imkanı olan bəzilərinin bahalı inomarka maşınlarının qarajlarına toxunulmur.

Xətai rayon İcra Hakimiyyətində rayon rəhbərliyinin, rayon və qəsəbə bələdiyyələrinin məsul şəxslərinin, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə abadlaşdırma işlərinin aparıldığı küçələrdə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilir. Belə görüşlərdə Bakı Şəhər İcra Hakimiyyətinin də nümayəndələri də olur. Ticarət və xidmət obyektlərinin sahibləri ilə «küçənin ümumi estetik görünüşünü təmin etmək və müasir standartlara uyğunlaşdırmaq» məqsədi ilə təklif olunan layihələrin guya müzakirələri aparılır. Əslində isə onlara net bir şəkildə bildirilir ki, təklif olunan dəyişiklikləri öz ciblərinin pulu ilə həyata keçirməsələr, işləmələrinə imkan verilməyəcək. Yolboyu yerləşən məişət obyektlərinin fasadlarının rənglənməsi və abadlaşdırılması işlərinə xeyli vəsait silinsə də, həmin işləri görmək öhdəliyi məhz sahibkarların öz üzərinə qoyulur.

Vaxtaşırı sovetlər dönəmi üçün xas olan ümumrayon iməciliklərləri keçirilir. Ətraf mühitin təhlükəsizliyi və insanların sağlamlığının qorunmasına xidmət etdiyi deyilən belə aksiyalar zamanı küçələr məişət tullantılarından təmizlənir, yay mövsümünə xas olan yanğın təhlükəsi yaradan quru otlar yığılaraq ərazidən daşınır, ağaclara qulluq göstərilir. Bu aksiyalarda rayonun idarə və təşkilatlarından əmək kollektivlərinin üzvləri məcburi cəlb olunur. İnsanlar iş yerlərini itirməmək üçün haqqı ödənilməyən artıq zəhmət çəkməyə məcbur olurlar. Həmin işlər isə Xətai MKTB-nin və digər yerli təsərrüfat müəssisələrinin aktivinə yazılır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş «Bizim həyət» layihəsi rayon rəhbərliyinin dilində bir növ bəhanə olub. Layihəyə düşməyən həyətlərdə də nə edirlərsə, İDEA İB-nin adı ilə başlayırlar. Müşahidəli göz isə asanlıqla görə bilər ki, rayon ərazisində əslində bir yandan çoxillik ağacların məhv edilərək yerinin satılması, digər yandan dekorativ güllərin və kolların əkilməsi prosesi gedir.

Xətai rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini R.Quluyevin Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq «Açıq mikrofon» layihəsi çərçivəsində vətəndaşlarla görüşdüyü deyilir. Bu görüşlərdə mikrofon yalnız qabaqcadan müəyyənləşdirilmiş və təlimatlandırılmış sakinlərə verilir, ciddi problemi olan vətəndaşlar isə tribunaya yaxın buraxılmır. Söz verilənlər instruktaj üzrə məhz elə təkliflər irəli sürürlər ki, rayon rəhbərliyinin korruptiv tədbirlər planına uyğun gəlsin \\deryaz.az\\
Oxşar xəbərlər
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət