Axtarış...

“Bu, biznesmen məmurlar üçün başağrısıdır” - Oliqarxların gücü

“Bu, biznesmen məmurlar üçün başağrısıdır” - Oliqarxların gücü

“Rəqabət Məcəlləsinin hələ də qəbul edilməməsi faktı göstərir ki, hökumətdə və Milli Məclisdə müxtəlif lobbi qruplar buna mane olur”.
Bunu “Yeni Sabah”a iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Məlumat üçün deyək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə Milli Məclisə təqdim edilib. Bu qanun layihəsi iki oxunuşdan keçsə də, 3-cü oxunuşa çıxarılmayıb.

Natiq Cəfərli bildirib ki, Rəqabət Məcəlləsinin qəbulu ilə bütün problemlər həllini tapmasa da, ən azı məmurlara bağlı iri şirkətlərin ifşası üçün hüquqi baza yaranacaq:

“Əslində Məcəllənin qəbulu bu baxımdan ləngiyir. Məlumdur ki, Azərbaycanda iri şirkətlərin arxasında məmurlar dayanıb. Məhz bu səbəbdən həmin şirkətlər bazarda qeyri-qanuni hegemonluq edir, digər şirkətlərin fəaliyyətinə əngəl törədirlər.

Rəqabət Məcəlləsi qəbul olunacağı təqdirdə isə onların fəaliyyətini təftiş etmək üçün hüquqi baza yaranacaq. Bu, belə demək mümkünsə, biznesmen məmurlar üçün başağrısıdır. Lakin Məcəllənin qəbulu ilə iş bitmir. Məhkəmə sistemində və rəqabətli mühitə mane olan digər qanunverici aktlarda da dəyişiklik edilməlidir.

Məsələn, götürək Gömrük Məcəlləsini. Mövcud qanunvericiliyə görə, gömrük rüsumu 0-15 faiz civarındadır. Bu o deməkdir ki, rüsum gömrük məmurunun fərdi yanaşması ilə müəyyən edilə bilər. Bu da arxasında iri məmurların dayandığı şirkətlərin aşağı rüsum ödəməklə, xırda və orta sahibkarların isə daha çox ödəniş etməklə mallarını ölkəyə keçirməsinə zəmin yaradır.

Ona görə də bu məsələlər də yenidən nəzərdə keçirilməlidir.

Yeri gəlmişkən, Rəqabət Məcəlləsinin həm də Azərbaycanın Ümümdünya Ticarət Təşkilatına üzvlüyü üçün əsas şərtlərdən biridir”.


Daha çox xəbər

Şərh yaz