Axtarış...

Aqrar sektora “ikinci nəfəs”?



Prezident İlham Əliyev avqustun 19-da Azərbaycanda «Aqrar Sığorta haqqında» qanunun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə fərman imzalayıb.

Qeyd edək ki, Aqrar Sığorta Fondu Azərbaycanda aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edəcək və onun fəaliyyətinə nəzarəti həyata keçirəcək.

Fərmana əsasən, Nazirlər Kabineti Fondun nizamnaməsini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Fondun nizamnamə kapitalı ilkin olaraq 1 milyon manat olacaq, 2020 və 2021-ci illərdə isə fondun kapitalı müvafiq olaraq 5 milyon manat və 3 milyon manat artırılacaq.

Qeyd edək ki, Aqrar Sığorta Fondu Himayəçilər Şurası tərəfindən idarə olunacaq. Şura 5 üzvdən ibarətdir. Onlar Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), Maliyyə Nazirliyinin (1 nəfər), Maliyyə Bazarlarına Nəzarət Palatasının (1 nəfər) və Fermerlər Asosiasiyasının (1 nəfər) nümayəndələridir. Fondun Himayəçilik Şurasının sədri Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi olacaq.

Maraqlıdır, görəsən, Aqrar Sığorta Fondunun yaradılmasının fermerlərə nə kimi faydası olacaq?

Məsələ ilə bağlı “Cümhuriyət”ə açıqlama verən “Altay” Araşdırma Mərkəzinin sədri, tanınmış jurnalist Elçin Bayramlı ilk növbədə, aqrar sahədə indiyə qədər olan sığorta problemindən söz açıb:



“Mən aqrar sahəyə çox diqqət göstərirəm. Orada həmişə problem onunla bağlıdır ki, şirkətlər təsərrüfatları sığortalamaqda maraqlı deyillər. Ona görə də fermerlər risk eləmirlər. Məsələn, bir fermer bankdan 20-30 min kredit götürür və bir növ bu pulları torpağa basdırır. Bir təbii fəlakət baş verdikdə isə fermer müflis olur. Ömrünün axırına kimi borc ödəyir. Ona görə də riskə getmək istəmir. Çünki təminatı yoxdur”.

Ekspert Aqrar Sığorta Fondunun yaradılması ilə yaxın 1-2 il ərzində ölkədə təsərrüfatda ciddi irəliləyiş olacağını diqqətə çatdırıb:

“Dünyada nümunəvi aqrar ölkələrdə mövcuddur. Məsələn, Belarusiya, Ukrayna, Hollandiya, Rusiya bu ölkələr sırasındadır. Ona görə də orada bütün fermerlər, aqrar təsərrüfat yaradan biznesmenlər çox rahatlıqla işləyirlər. Çünki bilirlər ki, dövlət buna qarant durur.

Aqrar sığortaya bizdə də dövlət diqqət ayırır. Bir aqrar sığortanın olmaması bütün görülən işlərin effektivliyini azaldırdı. Ona görə də biz uzun illər bundan yazdıq. Hətta şirkətləri də sığorta etmədikləri üçün tənqid edirdik.

Artıq bu yeni fondun yaranması tezliklə əsaslı və fundamental dəyişiklik yaradacaq. 1-2 il ərzində bütün istifadəsiz torpaqlardan istifadə olunacaq, heyvandarlıq, balıqçılıq, arıçılıq artacaq. Yəni aqrar sənaye sahələrində böyük irəliləyiş olacaq. Bütün fermalarda artım olacaq, ölkədə məhsul bolluğu yaranacaq. Həm iş yerləri yaranacaq, həm ixrac imkanları genişlənəcək. Məsələn, fermerlərin imkanları artanda pomidoru dəyər-dəyməzinə satmayacaqlar. Balaca bir sexdə tomat düzəldib xaricə beş qat baha satacaqlar. Artıq sığorta olduğu üçün fermer hər işə əl qoyacaq. Çünki arxalarında dövlət dayanır. Hansı ölkələrdə ki, aqrar sahə inkişaf edir, deməli, dövlət ona dayaq durur. Hətta dövlət yardımı olmasa, ərzaq baxımından Amerika belə, batar və məcbur qalıb xaricdən idxal edər. Hətta bəzən dövlət zərər edir. Sahibkar 5 manatlıq məhsul istehsal edir, lakin dövlət 10 manatlıq xərc çəkir ki, ölkə ərzaq baxımından xaricdən asılı olmasın. Bizdə də bu məsələlər həmin qanunda yəqin ki, tənzimlənəcək və xeyli maliyyə vəsaiti ayrılacaq. Bu fonda bir milyard manat ayırsalar, bir ilə çox böyük irəliləyiş olacaq”.

Elçin Bayramlı hesab edir ki, bu fond Kənd Təsərrüfatı Nazirliyi tərəfindən daha əvvəl yaradılmalı idi:

“Bu fond vəsaitlər verəcək və həm dövlət sığorta şirkəti, həm özəl sığorta şirkətləri ondan bəhrələnəcək. Dövlət Aqrar Sığorta Şirkəti təkdir. Digər 25-ə yaxın şirkət isə özəldir. Onlar da deyir ki, özümüz bilərik. Sığortalamaq bizdən asılıdır. Amma qanun yəqin ki, məcburi öhdəlik qoyacaq.

Mən həmişə aqrar sektorda problemləri sərt şəkildə dilə gətirirəm. Amma bu gün onu deyə bilməyəcəm, çünki bu addım aqrar sığortanın inkişafında ən vacib addımlardan biri idi. Yeni qanunda problemli məsələlər tənzimlənəcək. Dövlət aqrar sektorun inkişafı üçün bunu çoxdan etməli idi”.



Şərh yaz