Axtarış...

Ermənistanla Azərbaycan arasında hansı rabitə işləyir…



“Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan son açıqlamasında Azərbaycanla Ermənistan arasında mövcud olan operativ əlaqənin işlək vəziyyətdə olduğunu söyləyib. Onun fikirlərindən belə nəticəyə gəlinir ki, lazımi hallarda müharibə vəziyyətində olan tərəflər bir-biri ilə əlaqə saxlayıb, hansısa məsələni yoluna qoymağa çalışırlar”.


Modern.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu erməni nazirin müzakirəyə səbəb olan fikirlərini şərh edərkən berlə deyib. Politoloq qeyd edib ki, iki tərəf arasında rabitənin qurulması haqqında razılıq ölkə rəhbərlərinin ötən ilin sentyabr ayında keçirilmiş qısa görüşündə əldə olunub:


“Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının Düşənbədəki sammiti çərçivəsində görüşmüşdülər. Liderlər əsas olaraq, təmas xəttindəki gərgin vəziyyəti müzakirə etmişdilər. Bu, İlham Əliyevlə Nikol Paşinyan arasında ikinci qeyri-formal görüş idi. Paşinyan görüşdən sonra demişdi ki, Azərbaycan prezidenti ilə sərhəddə hər iki tərəfdən gərginliyə və insidentlərə yol verməmək məqsədilə konkret tədbirlər görmək üçün müdafiə nazirlərinə tapşırıq veriblər. Paşinyanın sözlərinə görə, o, İlham Əliyevlə görüşdən sonra əldə olunan razılaşma haqqında separatçıların lideri Bako Saakyanı məlumatlandırıb, Ermənistan silahlı qüvvələrinin rəhbərliyinə isə müvafiq sərəncamlar verib.

Bu müzakirədən bir il keçib. Göründüyü kimi, Düşənbədəki razılaşmalar işləmir. Paşinyan hakimiyyətdə olduğu ilk 4 ayda cəbhə xəttində sakitlik idi. Rəsmi Bakı bununla Paşinyana zaman tanımışdı. Erməni baş nazir də bu vəziyyətdən məmnun idi. Ancaq Paşinyan Düşənbə görüşündən sonra heç bir addım atmadı və getdikcə ritorikası sərtləşdi və hətta “Qarabağ Ermənistandır” deyəcək duruma gəldi. Aydındır ki, belə vəziyyətdə heç bir razılaşma işləyə bilməzdi”.

E.Şahinoğlu mövcud vəziyyətdə Ermənistan xarici işlər nazirinin nəzərdə tutduğu Azərbaycanla rabitə kommunikasiyasının işləkliyini mümkün hesab etmir:


“Azərbaycan ordusu və sərhəd qoşunları tez-tez yerdəyişmələr edirlər, taktiki döyüşlər qeydə alınır, atəşkəs də tez-tez pozulur. Və ya Ermənistan hərbçisi təmas xəttini keçərək bölmələrimizə təslim olur. Bu vəziyyətdə erməni nazirin dediyi kimi hansısa rabitə vasitəsi varsa belə, bu heç nəyə yaramır. Mümkündür ki, Zöhrab Mnatsakanyan erməni cəmiyyətini sakitləşdirmək üçün Azərbaycanla hansısa rabitə kommunikasiyasının işlədiyini bildirib. Bütün hallarda Azərbaycan Müdafiə Nazirliyinin və ya XİN-nin erməni nazirin "kommunikasiya" dedikdə nəyi nəzərdə tutduğunu açıqlamasına ehtiyac var”.


Daha çox xəbər

Şərh yaz