Axtarış...

"Bəs niyə həkimlər xəstədən rüşvət alır..." - İTTİHAM

"Bəs niyə həkimlər xəstədən rüşvət alır..." - İTTİHAM

«Semaşko» ictimaiyyətin diqqət mərkəzində olan xəstələrin belə göz yaşlarına inanmır.
Respublikanın səhiyyəsini həmişə avanqard kimi təmsil etmək ənənəsini qoruyan 1 saylı Kliniki Tibbi Mərkəz modernləşmə proseslərini sürətləndirmiş, yüksək texnologiyalarla, ultra-müasir müayinə cihazları ilə, innovativ dərman preparatları ilə təminat məsələləri önə çəkilmişdir. Bu gün 1 saylı Kliniki Tibbi Mərkəzdə təqribən 2000 nəfərə yaxın tibbi personaldan ibarət kollektiv tərəfindən 30 min nəfərə stasionar və 50-60 min nəfərə ambulator tibbi xidmətlər göstərilir. 1 saylı Kliniki Tibbi Mərkəz daim təkcə paytaxtın deyil, eləcə də, ölkənin bütün rayonlarından olan pasientlərin üz tutduğu güvənilən səhiyyə müəssisəsi olmuşdur. Lakin, sözügedən qabaqcıl tibb müəssisəsinin 1 nömrəli problemi burada tüğyan edən və nə vaxtsa səngiyəcəyinin heç üfüqləri belə görünməyən korrupsiya olub. Sadiq oxucularımız xatırlayarlar, Zeynalova Gülnarə Əlihüseyn qızının oğlunun redaksiyamıza müraciəti əsasında «Dəryaz» qəzeti və onun internet səhifəsi olan «Deryaz.az» saytı tənqidi məqalə hazırlamışdı. Vətəndaş bildirmişdi ki, qara ciyər serrozundan əziyyət çəkən anası aprel ayından bu yana artıq üçüncü dəfədir ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə yatır. Dövlət tərəfindən pulsuz verilən dərmanları onlara satırlar. Həmin şikayəti araşdırarkən, şöbə müdiri Ziyafət Tağıyeva əməkdaşımıza özündənrazı halda arxasında adamı olduğunu, ictimai qınaqdan qorxmadığını desə də, xəstəxana rəhbərliyi xəstə yiyəsinin ittihamını təkzib etmişdi. Bir neçə gün əvvəl isə bu sətirlərin müəllifi sözügedən səhiyyə müəssisəsində öz qohumlarının başına gələn xoşagəlməz hadisənin şahidi olub. Bakıdan Goranboya gedən «Sprinter»lə «Opel» markalı maşın Bakı — Qazax yolunun Kürdəmir nahiyəsində ötmə əməliyyatı yerinə yetirərkən toqquşmuşdu. Ümumilikdə 19 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı həmin yol-nəqliyyat hadisəsindən KİV yazdı, bütün ölkə xəbər tutdu. Bütün ictimaiyyətin diqqət mərkəzində olan həmin qəzada xəsarət alanlardan 2-si 1 saylı Kliniki Tibbi Mərkəzə, 6 nəfəri Travmatologiya xəstəxanasına, digərləri isə Neyrocərrahiyyə xəstəxanasına və başqa tibb müəssisələrinə yerləşdirilmişdilər. 1 saylı KTM-ə üz tutanlardan biri — «Opel» markalı avtomobildə qəzaya düşmüş qohumum Səxavət Qasımovun burnu sınmış, yanaq sümüyü zədələnmişdi. Onu üz-çənə cərrahı Rəşad həkim əməliyyata götürmüşdü. Mən, o qənaətdəydim ki, xəstəxana rəhbərliyi artıq məni bu müəssisə ilə bağlı bir neçə şikayəti araşdırmış jurnalist kimi tanıdığından, müraciətimə həssas yanaşar. Odur ki, qohumum üçün baş həkim Adil doktora və direktor Ədalət müəllimə zəng vurub xahiş etdim. Bildirdim ki, qohumum kasıb adamdır, başına iş gəlib, ona diqqət ayırsınlar. Bir növ işarə elədim ki, gücü nəyə çatır onu alsınlar. Mənə söz verildi ki, narahat olmağıma əsas yoxdur, hər şey qaydasında olacaq, xəstəyə keyfiyyətli tibbi xidmət göstəriləcək. Bir neçə gün sonra qohumumdan hal-əhval soruşanda nə eşitsəm yaxşıdır: Ondan əməliyyat üçün 1800 (bir min səkkiz yüz) manat pul tələb ediblər. O isə, Baş həkim Adil müəllimin yaxın qohumu olan Rəşad həkimə 1500 (bir min beş yüz) manat nağd, xəstəxana xərcləri, dərman və digər peraparatları üçün 300 manat pul ödəyib. İndi isə həkim «ayağını dirəyib» ki, bəs xaricə getməlidir, təcili borclu qaldığı 300 (üç yüz) manat pulu çatdırsın. Qohumum həmçinin bildirdi ki, həmin gün onunla bir yerdə KTM-ə yerləşdirilmiş qadın qılçasından əməliyyat edilməli olduğu halda, pulu yoxdu deyə müxtəlif bəhanələrlə əməliyyatdan boyun qaçırırlar. Sual olunur: Dövlət öz tibb müəssisələrində çalışan tibb işçilərinin maaşını verirsə, xəstəxanaları pulsuz verilməli olan vacib dərman preparatları ilə təmin edirsə, bəs niyə həkimlər xəstədən rüşvət alır, dərmanları onlara satırlar? Bu sual deyəsən «əzəli və əbədi» qalmaq statusu qazanıb və hələ deyəsən uzun müddət cavabsız qalacaq. İndi başa düşüləndir ki , bir il əvvəl 1 saylı Kliniki Tibbi Mərkəzin («Semaşko») baş həkimi Ədalət Dadaşov KİV-ə verdiyi müsahibədə rəhbərlik etdiyi tibb müəssisəsində rüşvətin olmadığını deyəndə sosial şəbəkə istifadəçiləri onu nəyə görə kəskin tənqid etmişdilər.
P.S. Bu günlərdə eşitdim ki, əməliyyatı həyata keçirən Fuad həkimin qəssab dəstəsi, pul dərdindən 10 gündür əməliyyat etmədikləri xəstə, Məleykə Eyvazovanın qohumlarindan 2500 (iki min beş yüz ) manat pul aldıqdan sonra onu əməliyyat ediblər.
Görəsən ölkənin başında duran məsul şəxslərdən biri cənab Oqtay Şirəliyevin qolundan tutub onu ayıldacaqlar ki, ay baba ayıl, ölkədə sağlam adam qalmadı! //xalqxeber.


Daha çox xəbər

Şərh yaz