“Düşünürlər ki, kimsə yıxılıb öləndə, 5-10 min manat verərik, bitər” - İnsan həyatı necə ucuzlaşır

Tikinti sektorunda ardıcıl baş verən ölüm hadisələri istehsalatda təhlükəsizlik məsələlərini aktuallaşdırıb.

Regionlarda işsizliyin hökm sürməsi vətəndaşları paytaxt Bakıya üz tutmağa vadar edir, burada heç bir təhlükəsizlik qaydalarına əməl edilməyən yüksəkmərtəbəli tikililərdə işləmək məcburiyyətində qalırlar. Bu isə bəzilərinə həyatı bahasına başa gəlir, digər bir qisim isə sağlamlığını itirir. Təsadüfi deyil ki, istehsalat qəzalarının böyük bir qismi tikinti sektorunda baş verir.

Məlumata görə, son 7 ay ərzində istehsalatda 131 bədbəxt hadisə baş verib. Bu hadisələr nəticəsində 156 nəfərə zərər dəyib. Onlardan 30 nəfər həyatını itirib, 126 nəfər isə xəsarət alıb.

İstehsalat qəzaları əsasən iş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılmaması, texniki təhlükəsizlik, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi qaydalarına və digər təhlükəsizlik normalarına riayət edilməməsi səbəbindən baş verir. Qeydə alınan statistik göstəricilərə görə, hər il ərzində ölkəmizdə 200-dən çox istehsalat qəzası baş verir ki, bunun nəticəsində 70 nəfərdən çox vətəndaş həyatını itirir. Qeyd etdiyimiz kimi ən çox istehsalat qəzaları tikinti sektorunda baş verir. Təhlillərə görə, ikinci yeri emal sənayesi, üçüncü yerdə nəqliyyat sektoru tutur. Mədənçıxarma sektoru və energetika sahəsi istehsalat qəzaları üzrə siyahılarda öncül yerlərdədir.

Beynəlxalq əmək təşkilatının məlumatına görə, hər il dünyada istehsalatda 313 milyondan çox ölümlə nəticələnən bədbəxt hadisə baş verir. Bunun nəticəsində isə ölənlərin sayı 2.3 milyondan daha artıq olur.

Ölkəmizdə istehsalat qəzalarının artmasının səbəbi nədir?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, yerli mətbuatda verilən statistika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsaslanır:

“Bu, nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidmətində qeydə alınmış bədbəxt hadisələrin siyahısıdır. Halbuki, baş verən hadisələr, o cümlədən də orta, ağır xəsarətlərin sayı qeyd olunandan ən azı 4-5 dəfə çoxdur. Peşə xəstəlikləri ilə bağlı isə, ümumiyyətlə məlumat yoxdur”.

Sahib Məmmədov deyib ki, istehsalatda qəzaların baş verməsinə rəvac verən əsas səbəblərindən biri əməyin mühafizəsi qaydalarına əməl edilməməsidir:

“Əməyin mühafizəsi qaydalarına əməl olunması əlavə xərc tələb edir, xüsusi geyimlər alınmalı, mühafizə tədbirləri görülməli, işçilərin təlimatlandırılması üçün xüsusi ştat - mühəndis ştatı ayrılmalıdır. Bunlar yoxdur, bu xərcləri çəkmək istəmirlər, düşünürlər ki, kimsə yıxılıb öləndə 5-10 min manat verərik, bitər”.

Qeyd edək ki, ölkəmizdə işəgötürənlərlə işçilərin arasında əmək müqaviləsinin bağlanılmaması, eləcə də işçilərin həyatının sığorta olunmaması istehsalat qəzalarınınn nəticəsində zərərçəkənlərə və ya onların ailələrinə təzminatın ödənilməsi məsələsini də çətinləşdirir. Qanunvericilikdə bu məsələ nəzərdə tutulsa da, müqavilənin mövcud olmaması səbəbindən təzminatın ödənilib-ödənilməməsi işəgötürənin vicdanına qalır.
Oxşar xəbərlər
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Mədəniyyət