Axtarış...

"Dedilər komissiyadan keçməlidir" - GİLEY

"Dedilər komissiyadan keçməlidir" - GİLEY

Azərbaycan vətəndaşı iki ədəd suveniri poçt vasitəsi ilə xarici ölkəyə göndərmək istəsə də, bu mümkün olmayıb.

"Report"un xəbərinə görə, bu barədə vətəndaş özünün "facebook" profilində yazıb.

Belə ki, ona bunun mümkün olmadığını və Milli İncəsənət Muzeyindən müvafiq sənəd alınmalı olduğu deyilib.

Vətəndaş deyilən qaydada muzeyə yaxınlaşıb. Muzeydəki müvafiq Komissiya ondan iki ədəd suvenir üçün 30 manat rüsum istəyib. “3 manatlıq suviner üçün bu boyda həngamə nəyə lazımdır? Hələ bununla da bitmir. Bütün bu proseslərdən keçən bu suvenirin göndərilməsi üçün Azərpoçta da dövlət rüsumu ödənməlidir. Belə çıxır ki, 6 manatlıq suveniri ölkədən göndərmək üçün 50 manat pul ödəməlisən”, - deyə şikayətçi əlavə edib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov “Report”a bildirib ki, tarixi əhəmiyyət kəsb edən bir şey xaricə özbaşına aparıla bilməz: “Nazirlər Kabinetinin qəbul etdiyi normativ hüquqi aktlar əsasında hansısa mədəniyyət nümunəsinin icazəsiz çıxarılmamasına nəzarət edilir. Azərbacanın tarixi, mədəniyyəti ilə bağlı hansısa nümunənin ölkədən xaricə çıxarılmasını istəmirik. Bu bizim ölkənin tarixi üçün vacib məsələdir. Bütün dünyada antikvariat kəsb edən əsərin ölkədən çıxarılıb-çıxarılmamsına həmin ölkənin müvafiq qurumları rəy verir”.

Milli İncəsənət Muzeyindən bildirilib ki, hər həftənin 3-cü günü muzeydə ekspertlər tərəfindən Komissiya təşkil edilir: “Tarixi əsər, şəkil, qab, suvenir, dekorotiv əşyaları xaricə aparmaq istəyənlər gəlir, ekspertlər baxır və komissiyadan sertifikat alırlar. Təcili olarsa, bir əsərə görə 30 manat digər hallarda isə 15 manat dövlət rüsumu tətbiq edilir. Bu qaydalar Mədəniyyət Nazirliyi tərəfindən təyin olunub. Təqdim edilən əsərin, əşyanın dəyərinin neçə olmasından asılı olmayaraq rüsumlar dəyişməzdir. Rəssamın çəkdiyi rəsm belə xaricə aparılmaq üçün mütləq Komissiyadan keçirilməlidir. Xalçalar barədə məsələlərə Xalça muzeyi, kitablar haqqında isə Milli kitabxanada təşkil olunan Komissiya tərəfindən baxılır”.

Qeyd edək ki, “Azərpoçt” MMC-nin poçt xidmətlərində Azərbaycandan göndərilməsinə qadağa qoyulan malların siyahısı var. Siyahıda suvenirlərin adı yer almayıb.



Şərh yaz