Axtarış...

"300 manata danışdıq, dedilər, problem olmayacaq" - vəzifəli şəxslərin rüşvət işi

"300 manata danışdıq, dedilər, problem olmayacaq" - vəzifəli şəxslərin rüşvət işiRüşvət almaqda ittiham edilən vəzifəli şəxslər hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rüşvət almaqda təqsirləndirilən sektor müdiri Elvin Nağıyev və sektorun məsləhətçisi Araz Qazıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Proses hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutub.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, iclasda şahidlər ifadə verib.

Qida Təhlükəsizlik Agentliyinin əməkdaşı, agentliyin Daxili Nəzarət Şöbəsinin rəisi Sənan Əsgərli ifadə verib.

S.Əsgərli deyib ki, bir vətəndaş onlara müraciət edərək Elvin Nağıyevin ondan rüşvət tələb etdiyini deyib: "Həmin şəxs qəssab idi. O bildirdi ki, Elvin Nağıyev onun işlədiyi obyektdə qanunsuz yoxlama apararaq ondan pul tələb edib və deyib ki, nə yolla olursa-olsun, pulunu alacaq. Vətəndaş dedi ki, Elvin ondan evinin kirayə pulunu alıb. Daha sonra vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edib".

Elvin Nağıyevin vəkilinin suallarından məlum olub ki, rüşvət alındığı deyilən şəxslər 6 ay sonra şikayət ediblər.

Vəkillər Sənan Əsgərliyə sual verib: "Siz şikayət edən vətəndaşlardan maraqlandınızmı ki, niyə 6 aydan sonra şikayət ediblər?".

Sənan Əsgərli bununla maraqlanmadığını deyib.

Sərbəst ifadəsində Sənan Əsgərli bir məsələyə də toxunub. O deyib ki, Elvin Nağıyevin başqa şəxslərdən də rüşvət aldığı deyilib.

Nağıyevin vəkilləri həmin şəxslərlə bağlı araşdırma aparıb-aparmadıqlarını soruşub.

Suala cavabında Nağıyev bunları deyib: "Bizə müraciət edən vətəndaş bildirdi ki, Nağıyev ayrı sex sahiblərindən də pul tələb edib. Ancaq biz araşdırma aparanda sexlərin bağlı olduğunu müəyyən etdik".

Məhkəmənin davamında Nağıyevin rüşvət aldığı deyilən Taleh Bəbirov da dindirilib.

Taleh Bəbirov söyləyib ki, quş kəsimi sexi olub: "Bir gün gecə sexdə işləyəndə iki nəfər gəldi. Qida Təhlükəsizlik Agentliyinin əməkdaşları olduqlarını dedilər. Sonradan onların Elvin və Araz olduqlarını bildik. Sexin işinin dayandırılacağını bildirdilər. Onlar dedilər ki, bu şəkildə fəaliyyət göstərmək olmaz. Mən və qardaşım nə qədər xahiş etsək də razılaşmadılar. Bu istiqamətdə bir xeyli söhbət apardıq. Sonra Araz məni kənara çəkib, dedi ki, bu işi yoluna qoymaq olar. O bildirdi ki, bu işə onlar nəzarət edir, Elvin də müdiridir. Araz dedi ki, buna görə müəyyən məbləğdə pul ödəsəm, onlar mənim işimə problem yaratmayacaqlar. Araz danışıqdan sonra 300 manat ödənilməli olduğunu dedi. Mən də razılaşdım. Onunla bir neçə dəfə bu məsələni dəqiqləşdirdim. Araz dedi ki, narahat olma, özləri sexə nəzarət edəcəklər. Onlar bildirdilər ki, kimsə gəlsə, özləri yoluna qoyacaqlar. Mən səhər də Araza zəng edib danışdım. Dəqiqləşdirdim ki, problem olmaz ki. Araz dedi ki, narahat olma".

Taleh Bəbirov əlavə edib ki, bu danışıqdan bir neçə gün sonra daha iki nəfər də onların sexinə gəlib:

"Onlar da özünü agentliyin işçisi kimi təqdim etdilər. Biri Sənan, digəri də Elməddin idi. Onların agentliyin vəzifəli şəxsləri olduğunu öyrəndim. Məndən sexlə bağlı sorğu-sual etdilər, sexə kimin gəldiyini soruşdular, bildirdilər ki, sex bu şəkildə fəaliyyət göstərə bilməz. Mən də onlara Elvin və Araza danışığımız, razılığımız bardə bildirdim. Araza zəng etdim. Amma zəng çatmadı. Onlar da dedilər ki, bu qanunsuzdur və mən şikayət etməliyəm. Bildirdilər ki, bu barədə prokurorluğa məlumat verim".

Elvin Nağıyev şahidə sual vermək üçün məhkəmədən icazə istəyib.

O, əvvəlcə deyib ki, Taleh Bəbirova hədə-qorxu gələrək izahat alıblar: "Ona deyiblər ki, bizdən rüşvət aldığını deməsə, sexini bağlayacaqlar. Bu təzyiqdən sonra o şikayət edib. Onu agentliyə məcburi gətirib hədələyiblər. Amma indi deyir ki, agentliyə getməyib".

Taleh Bəkirov heç bir hədə-qorxu ilə üzləşmədiyini, agentliyə özü getdiyini deyib.

Hakim elan edib ki, şahidlərin dindirilmə mərhələsi başa çatıb və sənədlərin tədqiqinə başlanılmalıdır.

Elvin Nağıyevin vəkili növbəti prosesdə məhkəməyə vəsatət təqdim edəcəklərini, bu səbəbdən də prosesin təxirə salınmasını xahiş edib.

Xatırladaq ki, təqsirləndirilən şəxslərin əməlləri barədə Baş Prokurorluq və Qida Təhlükəsizliyi Agentliyi rüşvət almaqda ittiham olunan iki vəzifəli şəxslə bağlı açıqlama yayıb.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmalarla Agentliyin Bakı regional bölməsinin heyvan sağlamlığı və baytarlıq nəzarəti bölməsinin sektor müdiri Elvin Nağıyevin həmin sektorun məsləhətçisi Araz Qazıyev ilə cinayət əlaqəsinə girərək paytaxtın Binəqədi rayonu ərazisində qanunsuz heyvan kəsimi ilə məşğul olan Röyal Əliyevin istifadəsində olan ət mağazasının fəaliyyətinin məhdudlaşdırılmamasından ötrü 150 manat və eyni məqsədlə Sabunçu rayonu ərazisində yerləşən zeytun emalı zavodunun ərazisində antisanitar şəraitdə quş kəsimi ilə məşğul olan Taleh Bəbirovdan 300 manat məbləğində rüşvət almаları müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Həmin vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddələri ilə ittiham elan olunmaqla E.Nağıyev barəsində məhkəmənin qərarı ilə həbs, A.Qazıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Musavat.com


Daha çox xəbər

Şərh yaz