Axtarış...

Anarın yerini bu gənc tuta bilər - FOTO

Anarın yerini bu gənc tuta bilər - FOTO

Bu il Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayının keçiriləcəyi gözlənilir.

AYB-nə sədri postuna daha bir gənc şair namizədliyini irəli sürüb. Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, şair Tural Turan Cebhe.info-ya bildirib ki, XIII qurultayda namizədliyini irəli sürəcək:

“Hazırkı sədr və onun komandası gənc yazarların beynəlxalq aləmdə, dünyada tanıdılması üçün heç nə etməyib. Xaricdə hər hansı tədbir olarsa, üç-beş eyni simalar adamlar gedir. Azərbaycanın həmin adamlardan başqa istedadlı yazarları yoxdur? Var, amma kölgədə qalırlar. Prezident təqaüdü istisna olmaqla gənclər üçün heç nə edilməyib. Xarici ölkələrdə kitabları çap olunmayıb. Halbuki president bir dəfə 800 min manat, daha sonra da 3 milyon manat vəsait ayırıb. Bəs bu pullar hara xərclənib? Hesabatı da verilməyib. Bütün bunları nəzərə alaraq AYB-də yeni idarəetməyə ehtiyacın olduğunu görürəm. Düşünürəm ki, bütün problemlərin öhdəsindən gələrəm. Ona görə də XIII qurultayda namizədliyimi irəli sürəcəyəm”.

AYB Gənclər Şurasının üzvü bildirib ki, qurultay öncəsi namizədlik platformasını açıqlayacaq:

“İndidən platformamı açıqlamaq istəmirəm. Əsas məsələ namizədliyimizi təsdiqlətməkdir. Xalq yazıçısı Çingiz Abdullayevin, Xalq şairi Fikrət Qocanın açıqlamalarından belə gördüm ki, onlar bu dəfə də gəncləri namizəd kimi görmək istəmirlər. Çünki çəkinirlər. Axırıncı qurultaydan bəri gənclərin dünyada tanıdılması üçün heç nə edilməyib, kitabları xarici dillərə tərcümə olunmayıb. Halbuki üzvü olduğum qurumun buna maddi imkanları çatır. Ən yaxşı halda Çingiz Abdullayevin, Anarın, nisbətən gənc sayıla biləcək Səlim Babullaoğlunun kitabları xarici dillərdə yayımlanıb, imzaları tanıdılıb. Təbii ki, bunlar Azərbaycan poeziyası adına sevindirici məqamlardır. Amma əksər istedadlı gənclər bu kimi uğurlardan kənarda qaldı. İndi Azərbaycanın ən gənc yazarları heç qonşu Gürcüstanda, Türkiyədə də tanıdılmır. Halbuki AYB-nin bu ölkələrin yazıçılar birlikləri ilə çox yaxşı əlaqələri var. Maliyyə məsələsi də bəhanə edilə bilməz. Çünki ölkə başçısı AYB-yə vaxtaşırı olaraq külli miqdarda pul ayırır. Ən azından 800 min manata 10 yazıçının kitabını müxtəlif xarici dillərdə çap etmək olardı”.


Daha çox xəbər

Şərh yaz