Axtarış...

Lizinq müqaviləsi bağlanarkən DİQQƏTLİ OLUN! - Maddi ZİYAN dəyə bilər

Dünya ölkələrində lizinq kreditdən daha üstün hesab olunur. Ölkəmizdə lizinqə maraq aşağı səviyyədə olsa da, istifadə edənlərin sayı heç də az deyil.

Sadəcə olaraq, lizinqdən istifadə edərkən zərərlə üzləşməməmək üçün bir sıra amillərə diqqət etmək vacibdir.

Redaktor.az xəbər verir ki, bu məsələ ilə bağlı Vəkillər kollegiyasının üzvü, vəkil Roman Qaraşov öz fikirlərini bölüşüb.

Vəkil lizinq yolu ilə təkcə avtomobil deyil, istənilən növ daşınar və ya daşınmaz əmlak əldə etməyin mümkünlüyünü vurğulayıb:

“Lizinq hər hansı bir avadanlığın və ya əmlakın lizinq şirkəti tərəfindən satın alınaraq lizinqalana razılaşdırılmış müddətə istifadəyə (icarəyə) verilməsidir. Yəni, lizinqlə siz hər hansı əmlak əldə etdiyiniz zaman həmin əmlakdan yalnız istifadə hüququ, icarə hüququ əldə edirsiniz. Lizinq müqaviləsinin tərəfləri mütləq sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olmalıdır. Lizinq şirkətləri əmlak əldə edir, mülkiyyətinə keçirir və daha sonra müəyyən müddət üçün (adətən bu müddət 3 ildən artıq olur) lizinq alana istifadəyə verir. Müəyyən edilmiş müddət ərzində ödənişlər vaxtı vaxtında edilərsə, həmin əmlaka müddətin sonunda mülkiyyət hüququ əldə edilir”.



R. Qaraşov onu da qeyd edib ki, kredit müqaviləsindən fərqli olaraq, lizinq zamanı kredit tarixçəsi, gəlirlər barədə ətraflı məlumata ehtiyac yaranmır:

“Lizinqdə daha asan rəsmləşdirmə qaydaları tətbiq edilir.

1. Lizinqlə aldığınız avadanlıq, avtomobil və digər istənilən əmlak sizin deyil. Siz həmin əmlakın müvəqqəti istifadəçisisiniz;

2. Ödəmələri vaxtında etməsəniz, həmin əmlaka dair bütün hüquqlardan məhrum oluna bilərsiniz;

3. Hər bir lizinq müqaviləsində müqaviləyə xitam verilməsi üçün müddət müəyyən edilir. Məsələn, ardıcıl 2 ay ödəmələr həyata keçirilməsə, müqaviləyə xitam verilir. Göründüyü kimi, ödəmələrin davamlı olmasına ciddi şəkildə riayət etməlisiniz, əks təqdirdə ödədiyiniz bütün vəsaiti itirə bilərsiniz;

4. Lizinqlə əldə etdiyiniz əmlakdan doğru-düzgün, təyinatına uyğun istifadə etməlisiniz. Əldə etdiyiniz əmlaka laqeyd münasibət bəsləsəniz, onun qəsdən sıradan çıxmasına şərait yaratsanız, həmin əmlakı geri qaytarmağa və ödədiyiniz məbləğin itirilməsinə səbəb olacaqsınız;

5. Lizinq verənin razılığı olmadan əmlakın dəyərini artıracaq heç bir iş görməyin, əlavə vəsait xərcləməyin. Çünki siz ödəmələri vaxtında etməsəniz, əlavə xərclədiyiniz vəsait də əlinizdən çıxmış olacaq. Lakin qarşılıqlı razılıqla həmin əmlakın dəyərini artıracaq hərəkətlər etsəniz, çəkdiyiniz razılaşdırılmış xərcləri tələb edə biləcəksiniz;



6. Lizinq müqaviləsi kredit müqaviləsi deyil. Lizinqi kreditdən fərqləndirən üstün cəhətlərindən biri də bir çox sənədlərin və girovun tələb olunmamasıdır. Məsələn, siz hər hansı bir avadanlığı almaq üçün bankdan nağd olaraq pul götürməlisiniz. Bu zaman isə sizdən bir çox sənədlər və girov tələb olunacaq. İllik faizlər və yüksək komissiya haqqı ilə birlikdə siz əldə etdiyiniz krediti banka ödəməli olacaqsınız;

7. Bu misal sizə lizinqin mahiyyətini anlamaqda kömək edəcək. Əslində “rent a car” da lizinqin bir növüdür. Daha doğrusu, lizinqin qısamüddətli növüdür, rentinq adlanır. Bu zaman siz nəqliyyat vasitəsini qısa müddətə istifadəyə götürürsünüz, bunun üçün haqq ödəyirsiniz, daha sonra istismara yararlı vəziyyətdə geri qaytarırsınız. Lizinqdə ödənişlər müddətin sonunadək davam etdirilməsə, əmlak heç bir haqq tələb edilmədən geri təslim edilir;

8. Hər bir halda ümumi ödəniləcək yekun məbləğə, ödəniş qrafikinə, əmlakın saxlanma xərclərinə, sığortaya dair bütün müddəalara lizinq müqaviləsi bağlanarkən diqqət yetirməlisiniz. Əks təqdirdə arzuolunmaz nəticələrlə qarşılaşa, xeyli miqdarda vəsait itirə, maddi və mənəvi ziyanla üzləşə bilər”.


Daha çox xəbər

Şərh yaz