Azərbaycanda sosial-iqtisadi islahatların tempi sürətlənir - RƏY


"Azərbaycan üçün iqtisadi islahatların sürətlənməsi alternativsizdir. Etiraf etmək lazımdır ki, 2014-cü ildən sonra biz Azərbaycanda islahatların genişlənməsi və sürətlənməsini müşahidə edirik. 2018-ci ilin ikinci yarısından etibarən isə islahatlar fərqli bir mərhələyə qədəm qoyub. Bu daha çox praktiki olaraq kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi, eyni zamanda sosial islahatların fonunda sosial təminatın gücləndirilməsini özündə ehtiva edir".

Bunu "Report"a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov Azərbaycanda sosial-iqtisadi islahatların tempinin sürətlənməsini və hökumətin dəyişiklərə hazır olduğunu nümayiş etdirməkdən çəkinməməsini şərh edərkən deyib.

İqtisadçı ekspert Vüqar Bayramov

“Dünya bankının sonuncu hesabatına əsasən, Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biridir”.

Onun sözlərinə görə, islahatların genişləndirilməsi sosial paketin maliyyələşdirilməsi üçün əlavə maliyyə mənbələri formalaşdırır: "Prezident İlham Əliyevin keçirdiyi son müşavirədə də verdiyi əsas tapşırığı və göstərişi elə birbaşa islahatların genişləndirilməsi ilə bağlı idi. Eyni zamanda islahatların genişləndirilməsi həm də biznes mühitinin yaxşılaşması fonunda özünü göstərməkdədir. Nəticə etibarı ilə bu da sosial təminatın gücləndirilməsi baxımından vacibdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Dünya Bankı Qrupunun "Doing Business 2019" hesabatında 32 pillə irəliləyərək 57-ci yerdən 25-ci pilləyə qalxıb. Həmin hesabatda Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biridir. Bütün bunlar da təbii ki, islahatların sürətlənməsi üçün bir zəmin formalaşdırır. Ötən həftələr ərzində Azərbaycanın kredit reytinqindəki yerində də yaxşılaşma müşahidə olundu. “Moodys” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın kredit reytinqinin artırılması ilə bağlı qərar qəbul etdi. Xüsusən də, bank sektorunda vəziyyətin stabilləşməyə doğru getdiyini bildirdi. Bu baxımdan islahatların mövcud sürəti ona əsas verir ki, Azərbaycan mərhələli şəkildə biznes mühitinin yaxşılaşdırılması və iqtisadiyyatı üçün lazım olan bank-maliyyə sektoru öz stabilliyini formalaşdırması, xüsusən də rekvizitliyin artırılması və sosial aktivlərin azaldılması kimi prioritetlərə mərhələli şəkildə nail olub".

“Azərbaycanda məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsini müşahidə edirik”

V.Bayramov bildirib ki, Azərbaycanda həyata keçirilən islahatlar məmur-vətəndaş münasibətlərini minimuma endirib: "Biz artıq ölkədə məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsini müşahidə edirik. Bu da korrupsiyaya qarşı mübarizə baxımından effektiv metod hesab olunur. Buna görə də biz islahatların yeni mərhələsində elektronlaşmanın, elektron xidmətlərdən istifadəni müşahidə edəcəyik. Ölkə Prezidenti tərəfindən nağdsız hesablaşmaların genişləndirilməsi ilə bağlı tapşırıqlar verməsi birbaşa onunla bağlı idi ki, elektron xidmətlərdən yalnız dövlət qurumları tərəfindən deyil, həm də vətəndaşlar tərəfindən daha çox istifadə olunmalıdır. Bu da bütövlükdə iqtisadiyyatda şəffaflığın daha da gücləndirilməsinə hesablanmış bir addımdır. Eyni zamanda nağdsız hesablaşmanın artırılması şirkətlərdə kartla idarəetmənin formalaşdırılması baxımından vacibdir. Buna görə də növbəti mərhələdə elektron xidmətlərin dairəsinin genişləndirilməsi prioritet məsələlərdən biridir. Nəticə etibarı ilə bu da ondan xəbər verir ki, artıq 2020-ci ildən başlayaraq Azərbaycandakı islahatların miqyasında və sürətində daha fərqlilik hiss olunacaq. Biz gələcəkdə də iqtisadi islahatların dərinləşməsini müşahidə edəcəyik".
Oxşar xəbərlər
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Mədəniyyət