Axtarış...

Əbülfəs Qarayevin kitab və kitabxana “siyasəti”

Əbülfəs Qarayevin kitab və kitabxana “siyasəti”

Tarixi-mədəni, ədəbi-bədii, elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında, nəsildən-nəslə çatdırılmasında və cəmiyyətin intelektual, mənəvi potensialının inkişafında kitabxanalar əvəzsiz hesab olunur.

Lakin son zamanlarda kitabxanaların ləğv olunacağı ilə bağlı xəbərlər cəmiyyətdə narahatlığa səbəb olub. Qeyd edək ki, 15 yanvar 2019-cu ildə Mədəniyyət Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək məqsədilə Prezident fərmanı imzalanıb.

Fərmana əsasən, yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sistemi yaradılmalı, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanmalı idi. Nazir hələ bu ilin martında Azərbaycanda Mərkəzləşdirilmiş Kitabxana Sisteminə keçidlə əlaqədar bəzi kitabxanaların bağlanacağını demişdi:

“Sistemə keçid, ümumilikdə, kitabxanaların bağlanması demək deyil. Burada kitabxana işinin təkmilləşdirilməsi əsas məqsədimizdir. Kitabxanalar bağlanmamışdan əvvəl orada çalışan əməkdaşların işlə təmin olunması da bizim diqqətimizdədir. Biz artıq bu layihə ilə bağlı işlər aparırıq. İki ay ərzində layihə hökumətə təqdim olunmalıdır”.

29 iyulda isə kitabxana və klubların idarə olunması, mədəniyyət müəssisələrinin müasir standartlara uyğunlaşdırılması, eləcə də uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərinə 2019/2020-ci tədris ili üçün pedaqoji kadrların işə qəbulu üzrə müsabiqəyə yekun vurulması ilə bağlı Quba rayonunda vətəndaşları qəbul edən mədəniyyət naziri Əbülfəs Qarayev sözügedən layihənin hazır olduğunu bildirib. Ancaq detalları açıqlamayıb.

Məlumdur ki, bu gün Azərbaycanda kitaba həvəs, mütaliə bacarığı kifayət qədər aşağıdır. Bunun səbəbləri sırasında kitabxanaların azlığı, təbliğ edilməməsi, bəzilərinin bağlanması da yer tutur. Əksər rayonlarda və kəndlərdə isə kitabxanaların sadəcə adı var. Bu, həm də Mədəniyyət Nazirliyinin kitabxanalara göstərdiyi “qayğının” nəticəsidir.

“Onların müsbət nəticə əldə edəcəyinə şübhəm var”

Ümumiyətlə, yeni, mərkəzləşmiş sistem yaratmadan əlimizdə olan dəyəri də itirmək nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı “Cümhuriyət” qəzetinə açıqlama verən yazıçı Rasim Qaraca kitab sahəsində birtərəfli islahat aparmağın qeyri-mümkünlüyünü və Mədəniyyət Nazirliyinin bu sahədə nəticə əldə etməyəcəyini bildirib:

“Ümumiyyətlə, kitab məsələsinin özü problematikdir. Məsələ burasındadır ki, kitab çox parametrik bir sahədir, yazıçıdan, nəşriyyyatdan tutmuş, kitab şəbəkələrinə, kitabxanalar sisteminə qədər kompleks yanaşma tələb edir. Bunu birtərəfli götürüb inkişaf etdirmək , islahat aparmaq qeyri-mümkündür və düzgün deyil. Ona görə də Mədəniyyət Nazirliyinin bu məsələdə müsbət bir nəticəyə nail olacağına şübhəm var”.

Yazıçı hesab edir ki, kitabxana sahəsində müəyyən uğur əldə etmək üçün ədəbiyyata kompleks yanaşmaq lazımdır:

“Birincisi, ümumiyyətlə kitab məsələsi, kitab sektoru araşdırılmalıdır. Bunun üçün komisiya yaradılmalı, işə mütəxəssislər cəlb olunmalıdır. Burada yazardan, nəşriyyat sistemindən tutmuş satış şəbəkəsi, oxuculara qədər hər şey araşdırılmalıdır. Məsələn, Almaniyada oxucuları da nəzərə alırlar. Hər il məktəblilər arasında oxu yarışması keçirilir. 1 milyondan çox iştirakçı bu yarışmalara qatılır. Bu, bütün kitab industriyasının canlanmasına səbəb olur. Müxtəlif ölkələrdə kitabın struktur bölümləri ilə bağlı olan bütün sistematik hissələr başlı-başına buraxılmır. Ona görə kompleks yanaşma lazımdır”.

“3 ildən artıq vaxt keçib, amma ortada bir nəticə yoxdur”

Rasim Qaraca, ümumilikdə ədəbiyyat sahəsində Mədəniyyət Nazirliyinin fəaliyyətinin heç də ürəkaçan olmadığını, üç il əvvəl nazirliyə etdiyi müraciətə hələ də cavab ala bilmədiyini vurğulayıb:

“Mən Mədəniyyət Nazirliyinin ədəbiyyatla bağlı fəaliyyətini bəyənmirəm, çox yanlış hesab edirəm. Kitabla, ədəbiyyatla, oxu məsələsi ilə bağlı irəliləyiş görmürəm. Mədəniyyət Nazirliyinə məktub yazmışam. Tərcümə institutunun yaradılması, xarici naşirlərə qrant verilməsi ilə bağlı strukturun formalaşdırlmasının vacib olduğunu çatdırmışam. Mənə məsələ ilə özlərinin məşğul olduğunu deyiblər. Halbuki 3 ildən artıq vaxt keçib və ortada bir nəticə yoxdur. Ümumiyyətlə, ədəbiyyatla, kitabla bağlı dövlət siyasətini mən çox yetərsiz hesab edirəm. Müəyyən tarixə malik mədəniyyət qurumları, onların nəzdində kitabxanalar var idi. Bunların hamısı köhnə nazirin zamanından başlayaraq satıldı. Mərkəzləşdirilmiş kitabxana sistemi var, onu oradan bura, buradan ora köçürdülər. Prinsip olaraq oxucu olmayandan, kitabın özü təşkil olunmayandan sonra, istər köhnə sistem qalsın , istər təzə sistem yaradılsın, bunun bir mənası yoxdur”.

“Sovet dövründən qalma ədəbiyyat lazımsızdır”

Yazıçı hesab edir ki, Sovet dövründən qalma ədəbiyyat ləğv edilməlidir:

“Sovet ədəbiyyatı tullantı ədəbiyyatdır, lazımsız ədəbiyyatdır. Ola bilsin ki, onlar ləğv edilsin. Əgər irəliyönümlü addım olacaqsa, təzə strukturlar yaradılmalıdır. Kitabxana işlətmə sistemi modernləşməlidir”.


Daha çox xəbər

Şərh yaz