Axtarış...

Qarabağla bağlı yeni erməni HİYLƏSİ - TƏHLİL

Qarabağla bağlı yeni erməni HİYLƏSİ - TƏHLİL

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son Vaşinqton görüşündən sonra cəbhə bölgəsində bir müddət sabitlik hökm sürdü.

Amma qısa zaman sonra erməni tərəfi yenidən mütəmadi olaraq atəşkəsi pozmağa başladı. Baxmayaraq ki, görüşdən sonra verilən bəyanatlar müsbət xarakterli idi. Görüş təklifini Amerika Birləşmiş Ştatlarından gəlməsi də bu məsələyə daha da aktuallıq qazandırırdı. Belə ki, bugünlərdə də əsas müzakirə predmeti ABŞ-ın həll planı hesab olunan “Bolton planı”dır. Bu planı isə şərhçilər məşhur “Lavrov planı”na qarşı addım kimi qiymətləndirilir.

Qeyd edək ki, “Lavrov planı” mərhələli həll variantını nəzərdə tutur. Belə ki, ilkin mərhələdə 5 rayon qaytarılır, qaçqınlar işğaldan azad olunmuş rayonlara qayıdır, sonra 2 rayonun taleyi həll olunur, ən sonda Qarabağın statusu məsələsi müzakirə edilir. Lakin Rusiyanın əsas istəyinin Qarabağa sülhməramlı adı altında qoşun yeritmək olduğu da məlumdur və bu, Azərbaycanın maraqlarına uyğun hesab edilmir.

“Bolton planı” isə bu cürdür: Qarabağa heç bir status verilmir və işğal edilmiş ərazilər tam şəkildə Azərbaycanın tərkibinə qaytarılır, əvəzində Bakı Ermənistanın regional layihələrə qoşulmasına “yaşıl işıq” yandırır, Türkiyə ilə işgalçı dövlət aradında sərhədlər açılır. Xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında baş tutan son Vaşinqton görüşündə “Bolton planı”nın ilkin mərhələdə razılaşdırıldığına və məhz buna atəşkəsin qorunduğuna dair məlumatlar mövcud idi. Amma Ermənistan tərəfi yenə də danışıqlar prosesinə zidd olaraq atəşkəs rejimini pozdu və snayperlərini işə saldı. Belə ki, Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.

DSX-nın mətbuat mərkəzindən verilən məlumata görə, 2019-cu ilin 28 iyul tarixində 22:00 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərəfindən növbəti dəfə atəşə tutulub. Düşmən snayperləri tərəfindən açılmış güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan “UAZ” markalı avtomobilə dəyib. Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, bu təxribatla erməni qoşunları hərbi əməliyyatlarda iştirak etməyən insanları (mülki şəxslər, həkimlər və tibb bacıları, humanitar işçilər) və ya döyüşlərdə iştirak etməyi dayandıran şəxsləri, məsələn, yaralıları, xəstələri və gəmi qəzasına uğrayan əsgərləri, eləcə də hərbi əsirləri qoruyan Cenevrə konvensiyalarını pozublar.

Maraqlıdır, ermənilərin aktivləşməsində səbəb nədir? Ermənistan atəşkəs rejimini pozmaqda marağı nədir?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cümhuriyət” qəzetinə şərhində Ermənistanın bütün zamanlarda razılaşmaları pozduğunu qeyd edib. E.Şahinoğlu hesab edir ki, ermənilərin marağı ABŞ-ın fikrini Azərbaycana ayıracağı hərbi yardımdan yayındırmaqdır:

“Yaxın təcrübədən də bilirik ki, heç bir razılaşma yerinə yetirilmir. Bu, mümkün də deyil. Çünki Azərbaycan torpaqları işğal altındadır, qarşı tərəf isə heç bir addım atmır, işğala son qoyulmur, danışıqlar nəticə vermir. Atəşkəsə riayət etmək üçün rəsmilər nə qədər razılaşsa da, bu mümkün olmayacaq. Digər məqam isə ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları Azərbaycana 100 milyon dollardan çox yardım ayrımağa qərar verib. Azərbaycan bu yardımla cənub və şimal sərhədlərini möhkəmləndirəcək. Bundan əlavə Azərbaycana təhlükəsizlik avadanlıqları veriləcək. Ola bilər ki, ermənilər qəsdən bu təxribatı yaradır, məlumdur ki, Azərbaycan da cavab atəşi açacaq və ermənilər itki verəcək. Erməni lobbisi Konqres vasitəsilə Tramp adminstrasiyasına təzyiq etsin ki, Azərbaycana həmin o böyük yardımı ayrımasınlar. Bu da ermənilərin növbəti hiyələsidir. Amma nə olursa-olsun təbii ki, işğalçı təzyiq altında qalmalıdır. ABŞ həmin yardımı versə, biz təşəkkür edəcəyik, münasibətlərimiz də yüksək səviyyədədir. Amma verməsə də, Azərbaycan işğalçıya qarşı təzyiqi bir an belə dayandırmamalıdır”.

Politoloq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar masasında olan bir təklifə də toxunub. Onun sözlərinə görə, snayperlərin cəbhə xəttindən çəkilməsi təklifi Azərbaycanın maraqlarına uyğun deyil:

“Düşmənin, həmsədrlərin, beynəlxlq təşkilatların bir arzusu var ki, hər iki tərəf snayperləri geri çəksin. Açıq demək lazımdır ki, bu məsələ bizim maraqlara cavab vermir. Təsəvvür edək ki, snayperlər, hərbi texnika geri çəkildi. Ermənistan isə danışıqlar prosesini, status kvonu uzadır. Bəs biz düşmənə necə təzyiq edəcəyik? Ona görə də düşünürəm ki, cəbhə bölgəsində atəşkəsin qorunması mümkün deyil. Atəşkəs maksimum bir-iki ay davam edə bilər. Bütün zamanlarda da belə olub. Rəsmilərin görüşündən sonra cəbhə xəttində sabitlik olur, amma bir müddət sonra atəşkəs yenə pozulur, hər iki tərəf də itki verir. Nə qədər ki, münaqişə həll olunmayıb, işğal davam edir, mövcud vəziyyət davamlı olacaq”.



Şərh yaz