Axtarış...

Məktəb direktoru ondan şikayət edən müəllimləri HƏDƏLƏDİ - QALMAQAL



“Hürriyyət”in ötən saylarının birində Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı açıqlama vermişdik. Redaksiyamıza daxil olan şikayət məktubunda yazılan məlumatı araşdırmaq məqsədilə sözügedən məktəbin müəllimləri Murad Hüseynov və İkram Məmmədovla əlaqə saxlamışdıq. Hər iki müəllim məlumatı təsdiq etmişdi. Yəni 11-cı sinif şagirdi Siruz Əliyevi tanımadıqlarını və ona qiymət yazmadıqlarını demişdilər.

Nəzərə çatdıraq ki, bundan öncə, adının açıqlanmasını istəməyən məktəbin müəllimlərindən biri Pedaqoji Şuranın yekun iclasından sonra bu təhsil ocağında böyük korrupsiya faktı aşkarlandığını “Hürriyyət”ə yazmışdı: “11-ci siniflərin birində şagirdlərin siyahısının sonuna Əliyev Siruz adlı daha bir nəfərin adı qeyd olunub və bütün fənnlərdən ona “qiymət” yazılıb. Ən maraqlısı isə odur ki, kimliyi hətta fənn müəllimlərinə bəlli olmayan bu şagirdə onların xəbəri olmadan məktəb direktoru tərəfindən yüksək qiymətlər yazılıb. Dərs ilinin sonunda isə bütün bunlar əsasında həmin şəgirdə attestat da verilib”.

“Murad Hüseynov qərəzli danışır”

Adı qalmaqalda hallanan məktəb direktoru Zaur Ələkbərov “Hürriyyət”ə dedi ki, barəsində səslənən fikirlər qərəzlidir: “Mən özüm əslən Xocalıdanam. 13 ildir bu məktəbdə işləyirəm. Təhsil Nazirliyinin direktorluğa qəbul imtahanından sonra mən bu məktəbə direktor təyin olunmuşam. Mən təyin olunan vaxta qədər bu məktəbdə çox neqativ hallar var idi. Onların içərisində elə Murad Hüseynov kimi müəllimlər var idi. Fiziki tərbiyə müəllimi olmağına baxmayaraq məktəbə gah gəlib, gah da gəlmədən əməkhaqqı alırdı. Bu gün Murad Hüseynov qərəzli danışır. Birincisi, Murad Hüseynov məktəbdə düzgün davamiyyəti olmayan adamdı. İkram müəllimə də töhmət vermişəm, ona Pedoqoji Şurada xəbərdarlıq olunub. İkisinə də mən töhmət vermişəm. İkram müəllim hərbi müəllimidir. Murad müəllim isə Fiziki tərbiyə müəllimidir. Bunlar demək olar ki, məktəbə gəlib-getmirlər. Birinin məktəbə gəlib-getmədiyinə görə əməkhaqqısından pul tutulub. O birinə isə töhmət verilib. Mən məktəbə direktor təyin olunandan sonra əvvəlki bütün neqativ hallar aradan qalxıb. Onlar hər ikisi dostdular. Bu yalan ifadəyə görə mən onları məhkəməyə verəcəm. Onlar sözü bir yerə qoyub, bu cür yazıblar. Təhsil Nazirliyi onsuz da bununla bağlı iş aparır və aidiyyatı sənədlər hamısı Təhsil Nazirliyinə təhvil verilib. Düzdür, məzuniyyətdəyik, bu gün gəldilər, götürdülər”.

“Sinif rəhbəri özü jurnala qeyd edib ki, mən uşağı daxil etmişəm”

Z. Ələkbərov qeyd etdi ki, adıçəkilən şagird Biləsuvar litseyində oxyub: “Çox yüksək qiymətləri var. Düzdür, davamiyyəti zəif olub. Bunu açıq bizim özümüz də qeyd etmişik, öz izahatımızda göstərmişik. Gəlmədiyi günlərin qayıbları var. Uşaq fevral ayında bizə gəlib. Məlum məsələdir ki, 11-ci sinif şagirdinin qəbul qaydasını Təhsil Nazirliyi həyata keçirir. Bizim onları götürməyə ixtiyarımız yoxdur. Valideyn də Təhsil Nazirliyinə müraciət edib. Təhsil Nazirliyi razılıq məktubu göndərəndən sonra bizim kitabımıza 28 fevralda daxil olub və biz həmin vaxtdan o şagirdi məktəbin kontingentinə daxil etmək üçün əmr vermişik. Sinif rəhbəri də qadın müəllimədir. Sinif rəhbəri özü də jurnala qeyd edib ki, mən uşağı daxil etmişəm. Sadəcə olaraq 1-2 müəllim var ki, qiymət yazmayıblar. Ümumiyyətlə, jurnala qiymət yazmırlar, soruşuruq ki, niyə gəlib yazmırsınız? Deyirlər ki, vaxtım yoxdur, sonra gəlib yazacam. Bizdən istəyirlər ki, jurnalı tez bir zamanda bağlayaq. Mən də dedim ki, jurnalı yazın, təhvil verin, belə olmaz. Hazırda o jurnalı tam yazmadıqlarına görə 11-ci siniflərdə dərs hissə müdirlərindən təhvil götürməmişəm”.

“Müəllim gəlsə də, gəlməsə də, biz müəllimin qiymətləndirməsini çıxarda bilirik”

“Dövlət İmtahan Mərkəzi imtahanın vaxtını bizdən qabağa atdığına görə biz böyük summativ qiymətləndirməni keçirtmişik. Onlar olmadan da biz böyük summativ qiymətləndirmənin qiymətlərini yaza bilərik. Yekun qiyməti isə bunlar gəlmədiyinə görə bizə sinif rəhbəri çıxarıb verib. Mən nəyə əsaslanıram? Mən onların qiymətləndirmə cədvəlinə əsaslanıram. Sinif rəhbəri qiymətləndirmə cədvəlini mənə verib və göstərib ki, bunların hamısının qiymətini çıxarmışam. Yəni sonda müəllim gəlsə də, gəlməsə də, biz müəllimin qiymətləndirməsini çıxarda bilirik. Yəni vaxtında kiçik summativ qiymətləndirməni yazıb. Düsturu var, hesablayırıq, toplayırıq və onun əsasında yazırıq. Bunlar da bizim işimizi gecikdirirdi, gəlmək istəmirdilər, intizamsızlıq ediblər və buna görə intizam tənbehi alıblar.

Murad Hüseynov əməkhaqqıdan tutulduğuna görə Əmək Müfəttişliyinə müraciət edib. Əmək Müfəttişliyi gəldi, yoxlama apardı. Hər şeyin qaydasında olduğunu görəndən sonra çıxdı getdi. İndi də bu varianta keçib. Yəni guya, bununla məktəbin nüfuzun xələl gətrimək, şər-böhtan atmaq istəyirlər”,-deyə məktəb direktoru söylədi.

“Mənim kimi bir adam elə bir işə qol qoymaram”

Z. Ələkbərov əlavə etdi ki, uşaq məktəbə gəlib-gedirdi: “Burada qeyri-qanuni heç bir şey yoxdur. Şagirdin məktəbə daxil olduğu vaxtı göstərən sənədləri sizə göndərə bilərəm. Boş söhbətlərdir. Mənim kimi bir adam elə bir işə qol qoymaram. Mən senytabr ayında bir qız yaxınlaşdı. Adını çəkmək istəmirəm. O da bu cür istəyirdi, guya, adını qeyd elətdirsin, məktəbə gəlib-getməsin. Mən ona razılıq vermədim. 11-ci sinifdə məktəbdən çıxdı, qonşu məktəblərdən birinə getdi. Özü də yüksək bal toplayan bir qız idi. Əgər mən razılıq verən idimsə, niyə ona razılıq vermədim? Düzdür, bu uşağın davamiyyəti zəif olub. Bunu biz də bilirik. Qayıbları da yazılıb. Sadəcə olaraq qiymətləndirmələrdə iştirak edib. Bu gün elə bir qanunvericilik yoxdur ki, məktəbə davamiyyətsizliyə görə kimisə məktəbdən uzaqlaşdırmaq mümkün olsun. Belə bir qanunu mən də istəyərdim. Şagird qiymətləndirmələrdə iştirak edirsə, bizim ixtiyarımız yoxdur ki, ona qiymət yazmayaq. Üstəgəl, Dövlət İmtahan Mərkəzində verdiyi imtahanda yüksək qiymət alıb. Əgər o uşaq zəif nəticə göstərən bir şagirddirsə, niyə Biləsuvar litseyində oxuyurdu? O, ödənişə görə bura gəlib. Uşağın adına heç böhtan atmaq lazım deyil, ayıbdır. Bunu heç müəllim adına yaraşdırmıram. Belə də ki, mən heç bir şeydən narahat deyiləm, təmizəm. Yoxlama aparılır, nazirlik özü bu məsələyə müdaxilə edib. Rayon təhsil şöbəsi də araşdırma aparır. Özləri də qərarlarını verəcəklər. Təbii ki, görürlər mənim dediyim haqdır. Mən açıq deyirəm, heç bir nöqsanım yoxdur. Əksinə Murad Hüseynov və digər onu kimi yazanları da, mən düşmənimdən çox, dostum hesab edirəm. Ona görə ki, şəffaf işləməyim üçün belə müxalif qüvvə olmalıdır ki, daha şəffaf işləyim”.

Qeyd edək ki, əldə etdiyimiz məlumata görə, Biləsuvar Litseyindən qovulan Əliyev Siruz Ziyafət oğlunun valideyni övladının Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbində təhsilini davam etdirməsi üçün 31.01.2019-cu il tarixində Təhsil Nazirliyinə müraciət edib. 06.07.2019-cu il tarixində təhsil nazirinin müşaviri, nazirliyin İnformasiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Elnur Məmmədov şagirdə sözü gedən məktəbin 11-ci sinfində oxuması üçün icazə verib.

Maraqlıdır ki, nazirliyin mətbuat xidmətinin elektron ünvanına suallarımızı göndərsək də, günlərdir cavab yoxdur. Həmçinin gün ərzində nazirliyin saytında yerləşdirilən nömrəni dəfələrlə yığsaq da, dərs ilindən sonra şagirdə sözü gedən məktəbin 11-ci sinfində oxuması üçün icazə verdiyi iddia olunan Elnur Məmmədovla əlaqə saxlaya bilmədik. Görəsən, həqiqətən tədris ili bitəndən 20 gün sonra şagird bir məktəbdən digərinə necə köçürülüb? Yaxşı olardı ki, adı hallanan nazirlik rəsmisi qaranlıq məqamları ictimaiyyətə açıqlasın..
Hurriyyet.org


Daha çox xəbər

Şərh yaz