Axtarış...

Sədərək rayonundakı əkin sahələri necə məhv edilir? - ARAZIN O TAYI YAŞILLIQ, BU TAYI SƏHRA…

Sədərək rayonundakı əkin sahələri necə məhv edilir? - ARAZIN O TAYI YAŞILLIQ, BU TAYI SƏHRA…

Bir müddət öncə sahibkar Şahin Nəcəfovun saytımız da yayımlanan müsahibəsində ölkənin kənd təsərrüfatının başlıca bəlasının suvarma problemi olduğu qeyd edilirdi. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyinin dövlət proqramlarını belə özünün korparativ maraqlarına qurban verdiyini, artezianların rüşvətlə müəyyən şəxslərin sahələrində qazıldığını bəyan edən sahibkar, əkinə yararlı torpaqların heç 30 faizinin davamlı və vaxtında su ilə təmin edilmədiyini vurğulayıb.

Eyni bəla illərdir Naxçıvanda da müşahidə edilməkdədir. Redaksiyamıza müraciət edən Sədərək rayonunun bir qrup sakini suvarma ilə bağlı problemlər səbəbindən əkin sahələrinin bərbad vəziyyətə düşdüyünü, əziyyətlərinin puç olduğunu bildirirlər. Əsasən əkinçiliklə dolanan bu insanlar su çatışmazlığı ucbatından olan-qalan gəlirlərindən də məhrum olmaqdadırlar.

Məsələ ondadır ki, Sədərək rayonundakı əkin sahələri əsas etibarilə Araz çayından nasoslarla vurulan su hesabına suvarılır. Lakin bunun üçün istifadə olunan nasoslar bir ayda cəmi iki dəfə işə salınır. Bu isə xüsusilə Naxçıvanın qızmar yayında əkin sahələrini su ilə təmin etmək üçün olduqca azdır.

Sakinlərin dəfələrlə müraciət etməsinə baxmayaraq, nasoslar iki dəfədən artıq işə salınmır və sahələrə verilən suyun miqdarı artırılmır. Nəticədə əkin sahələri məhv olur və insanların zəhməti puç olur. Qeyd olunur ki, təkcə böyük əkin sahələri deyil, insanların şəxsi həyətyanı torpaq sahələrindəki meyvə-tərəvəzləri də məhv olmaqdadır. Və ən maraqlısı da odur ki, müvafiq idarəetmə orqanlarının Sədərək camaatının su probleminə belə biganəliyi elektrik enerjisinə qənaətlə izah olunur. Bildirilir ki, cəmi iki dəfə su verilməklə, elektrik enerjisinə qənaət edilir.

Ancaq maraqlanan yoxdur ki, bu “qənaət” kəndçiyə, fermerə neçəyə, hansı əziyyətə, zərərə başa gəlir? Belə qənaət olur? Bəs hanı muxtar respublikada tez-tez açılışları edilən, reklam olunan elektrik stansiyaları, hanı insanların rifahının yüksəldilməsinə yönələn işlərlə bağlı səsləndirilən gurultulu bəyanatlar, hesabatlar, rəqəmlər? Az qala bəyan edilir ki, Naxçıvan nəinki özünü elektrik enerjisi ilə təmin edir, hətta ondan qonşulara da verə bilər. Hanı bəs? Yayın cırhacırında kəndçini normal su ilə təmin edə bilməyən və bunu enerjiyə qənaətlə izah edən bir təfəkkürlə hansı inkişafdan, rifahdan danışmaq olar?

Sakinlər bildirirlər ki, əgər doğrudan da dövlətin gücü həmin nasosları daha tez-tez işə salmağa yetmirsə, onlar özləri təşəbbüsü ələ almağa və bu işi “Sədərək” cəmiyyətinin imkanları hesabına reallaşdırmağa hazırdırlar, yetər ki, müvafiq orqanlar buna şərait yaratsınlar.

Yerli sakinlər onu da qeyd edirlər ki, Arazın o tayında, yəni Türkiyənin İqdır vilayəti ərazisinə aid sahildəki əkin sahələri vaxtlı-vaxtında su ilə təmin olunduğundan yaşıl rəngə boyanıb. Belədə o tayda məhsul da olacaq, dolanışıq da. Bu tayda isə həmin bu əcaib qənaətcillik sayəsində əkin sahələri getdikcə səhraya çevrilməkdədir. Yəqin ki, o tayda da nasoslardan istifadə olunur. Ancaq görünür nədənsə elektrik enerjisinin qat-qat baha olduğu Türkiyədə qənaət yox, kəndçinin, əkinçinin rifahı daha çox düşünülür…

Sakinlər onu da sual edirlər ki, bəs görəsən, payızda məhsulsuz, deməli həm də dolanışıqsız qalan camaatın qarşısına kim çıxacaq və bu “qənaətin” vurduğu ziyanı kim ödəyəcək?/azpolitika.info/



Şərh yaz