Axtarış...

Xətai rayonunda ağacları kimlər və niyə kəsdi…

Xətai rayonunda ağacları kimlər və niyə kəsdi…

“Dünəndən ərazinin Mənzil İstismar Sahəsinin rəisinə şikayət etdik, bizimlə çox kobud şəkildə danışdı. Dedi ki, abadlıq məqsədilə, BŞİH-in Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən bu ağacları kəsiblər. Axı abadlıqla əlaqədar sağlam ağacları bu günə qoymaq olarmı? Hadisə yerinə polis çağırdıq, heç bir xeyri olmadı. 15-ə yaxın ağacı məhv ediblər, sakinlər hamısı şokdadır”, -şikayətçi Mehriban Nərimanova deyir.

Şikayətçilərin sözlərinə görə, həyətin ortasında olan uşaq meydançası qarajlar tərəfindən zəbt olunub, onlara qarşı heç bir tədbir görən yoxdur, amma illərdir böyütdükləri ağacları məhv edirlər: “Həyətdəki qaraj sahibləri açıq şəkildə danışıb “məsələni həll etdiklərini” deyirlər.

Uşaqlarımızın oyun meydançasını zəbt edən qarajlar qalır, amma illərin yaşıl ağaclarını kəsirlər”, – sakinlər bildirirlər.

Şikayətlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə saxladıq. Birliyin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov virtualaz.org-a bildirdi ki, həmin ərazidə ağacların kəsilməsindən deyil, budanmasından söhbət gedir.

“Həmin ünvanda “Abad Məhəllə” yaradılır, buna görə də budama işləri aparılır, ağaclara forma verilir. Artıq dərəcədə boy atmış , qəzalı olan, aşma ehtimalı olan ağaclar isə üst hissəsindən budanır. Çünki təhlillərə baxarkən görürürk ki, külək olanda nə qədər ağac aşır, insanlara, onların şəxsi əmlaklarına ziyan vurur. Həmin ünvanda da kəsilmə yox, budama işləri aparılıb. Ağac var alt budağından budanır, ağac da var üst hissəsindən budanır. Aşma ehtimalı olan ağaclar təhlükəsiz səviyyəyə qədər üst hissədən budanır. Burada heç kimin başqa bir marağı yoxdur, bu məhəllə də nümunəvi məhəllələrdən biri olacaq”, -şöbə rəisi bildirib.

O. Məmmədov həmçinin qeyd edib ki, “Abad Məhəllə”də budama işləri ilə yanaşı həmçinin yeni ağaclar, ot örtükləri, dekorativ gül kolları əkiləcək. Artıq indiyə kimi bir neçə belə abad həyət yaradılıb və sakinlərə təhvil verilib.(teref.az)


Daha çox xəbər

Şərh yaz