Axtarış...

"Vətəndaşlarımızı ən çox bizim gömrükdə incidirlər..." - GİLEY



Astara Gömrük İdarəsinin əməkdaşı bu rayonun Ərçivan qəsəbə sakini, keçmiş icra başçısı Fayıq Cəfərzadəni məhkəməyə verib. F.Cəfərzadə məhkəmənin qərarı ilə cərimə edilib. Bu barədə bir müddət əvvəl yerli KİV-ə F.Cəfərzadə özü məlumat verib. Onun deməsinə görə, İnzibati Xətalar Məcəlləsinin (İXM) 157 (döymə və sair zorakı hərəkətlər ), 510 (xırda xuliqanlıq) maddələri ilə ittiham edilib.

F.Cəfərzadə vurğulayıb ki, bu maddələr əsasında da Astara Rayon Məhkəməsində işə baxılıb. Amma o, birbaşa məhkəmənin detallarına keçmir: ​«Aprelin 26-da İrandan gəlirdim. Astara gömrük postunda gömrük işçisi mənim üstümü yoxladı. Gömrük işçisi sonra da dedi ki, ayaqqabını çıxart. Mənim 80 yaşım var. Bu mənə ağır gəldi. İmtina etdim. O, başladı əl-qol atmağa. Mən təklif etdim ki, mənim üstümü yoxlamaq istəyirsinizsə, protokollaşdırın. Bunu adamların gözü qarşısında eləməyin. Ağsaqqal adamam. Nəticə vermədi. Polis çağırdılar».

F.Cəfərzadənin verdiyi məlumata görə, onu polisdə bir neçə saat saxlayıblar, izahat alandan sonra sərbəst buraxılıb: «Bir həftədən sonra məni rayon prokurorluğuna çağırdılar. Yenidən izahat aldılar. Bildirdilər ki, gömrük işçisi Qəlbinur Bağırlı məndən şikayət verib. İddia edir ki, mən 80-yaşlı bir adam onu vurmuşam. Halbuki, belə olmayıb. Özümü müdafiə etmişəm, onu əllərimlə özümdən uzaqlaşdırmaq istəmişəm».

V.Cəfərzadənin sözlərinə görə, aprelin 21-də məhkəmə iclası olub: «Gömrükdən adam gəlmədi. Hakim iclası ayın 22-nə keçirtdi. Həmin günü də gələmədilər. Dedilər ki, gömrük işçiləri istirahətdədirlər. Ayın 23-də məhkəmə baş tutdu. Üç nəfər şahid gəlmişdi. Zərərçəkən gəlməmişdi. Məhkəmədə şahidlər dindirildi. Məlum oldu ki, şahidlər hadisə baş verərkən orda olmayıblar. Səsə gəliblər. Onların iddialarına görə, İrandan qayıdanda gömrük işçilərinə mane olmuşam, iş rejimini pozmuşam. Məhkəmənin gedişindən məlum oldu ki, üstümü yoxlayarkən protokol tərtib edilməyib».

F.Cəfərzadənin iddiasına görə, şərlənib, məqsəd onu susdurmaq olub: «Mən vaxtaşırı İrana gedirəm. Yoldaşım xəstədir, özüm də müalicəyə ehtiyacım var. İrandan dərman alıram, bazarlıq edirəm. Həm İranın, həm də bizim gömrükdə vətəndaşlarımızı nahaqdan incidəndə etiraz səsimi qaldırmışam. İranda demirlər bura gəlmə. Amma onların hərəkətlərindən bilinir ki, bizim ora getməyimizi istəmirlər. İrana kütləvi şəkildə gedən vətəndaşlarımızı ən çox bizim gömrükdə incidirlər. Məni də aşağılamaq üçün ayaqqabını çıxartmağı tələb edirdilər. Demək istəyirdilər ki, baxın, sizi müdafiə edən yaşlı adamı da cəzalandırırıq».

O hesab edir ki, gömrükdə baş verənlərlə bağlı müxtəlif kütləvi informasiya vasitələrində verdiyi obyektiv məlumatlar da onları narahat edib: «Bizim ölkədə həqiqəti danışan dilləri susdurmaq adəti var. Gömrük də belədir. Ancaq mən susan deyiləm. İnsanlar İrana ehtiyac üzündən gedirlər. Bizdə dərman, müalicə, ərzaq bahadır. Problemin kökündə bunlar durur. Mən demirəm ki, qanunu pozanları cəzalandırmasınlar. Etsinlər. Amma bunu qanunla etmək lazımdır».


Daha çox xəbər

Şərh yaz